İsa Qəmbər: "Ölkədən çıxmağa icazə vermədilər"
Müsavat Partiyasının başqanı İsa Qəmbər BBC Azərbaycancaya bildirib ki, noyabrın 21-də Bakı hava limanından Berlinə uçmaq istəyərkən onun Azərbaycandan çıxışına icazə verilməyib.
İsa Qəmbər Berlində İran azərbaycanlılarının keçirdiyi bir konfransa qatılmalı imiş.
İsa Qəmbərin sözlərinə görə, ona ölkədən çıxışına niyə icazə verilmədiyi izah olunmayıb.
Müsavat başqanı deyir ki, onun barəsində ölkədən çıxışı məhdudlaşdıran hər hansı məhkəmə qərarı və ya istintaq tədbiri barədə məlumatı yoxdur.
Azərbaycan qanunvericiliyinə görə, şəxsin ölkədən çıxışına məhdudiyyət məhkəmə qərarı, icraatda olan cinayət işi və ya digər qanunvericiliklə nəzərdə tutulan əsaslarla tətbiq oluna bilər.
İsa Qəmbər deyir ki, ölkədən çıxışının məhdudlaşdırılmasının səbəblərini araşdıracaq. O bildirib ki, məhkəməyə müraciət edib-etməyəcəyi ilə bağlı hüquqşünaslarla məsləhətləşəcək.
Müsavat başqanı baş verənləri hakimiyyətin cəmiyyətə təzyiq vasitəsi kimi qiymətləndirir.
BBC Azərbaycanca məsələ ilə bağlı Dövlət Sərhəd Xidməti ilə əlaqə saxlaya bilməyib.
Son aylarda bəzi müxalif siyasətçilər və fəallar da ölkədən çıxışlarının məhdudlaşdırıldığını bildiriblər. Müsavat funksioneri Arif Hacılı daha əvvəl ölkədən çıxışına qadağa qoyulduğunu, sonradan isə bu məhdudiyyətin aradan qaldırıldığını bəyan etmişdi.
Sentyabr ayında isə AXCP sədrinin müavini Seymur Həzi BBC Azərbaycancaya naməlum səbəblərdən ölkədən çıxışının məhdudlaşdırıldığını açıqlamışdı.
Azərbaycan hakimiyyəti ölkədə siyasi və ictimai fəaliyyətinə görə heç kimin təqib olunmadığını bildirir.



