Məleykə Abbaszadə: “Tələbələr fikirlərini açıq deməlidirlər”

Videonun alt yazısı, Məleykə Abbaszadə: “Tələbələr fikirlərini açıq deməlidirlər”
Məleykə Abbaszadə: “Tələbələr fikirlərini açıq deməlidirlər”
Çap edildi

DİM-in keçmiş sədri Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru kimi fəaliyyətinə "böyük vədlərlə başlamaq istəmədiyini" deyib.

O bildirib ki, yeni vəzifəsində ilk addım olaraq mövcud vəziyyəti öyrənmək istəyir.

Yeni rektor kollektivlə açıq və peşəkar dialoq qurmağın vacibliyini vurğulayıb.

O, tələbələrin fikirlərinə diqqətlə yanaşacağını da qeyd edib.

Məleykə Abbaszadə bu barədə sosial media hesabında yazıb.

Məleykə Abbaszadə 26 il əvvəlki adı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası olan Dövlət İmtahan Mərkəzinə rəhbərlik edib.

Bir çox təhsil eksperti hesab edir ki, onun rəhbərlik etdiyi dövrdə ali məktəblərə qəbul imtahanlarının təşkilində şəffaflıq qorunub.

Azərbaycan hakimiyyətinin tənqidçilərindən olan müxalif Milli Şuranın sədri Cəmil Həsənli AzadlıqRadiosuna açıqlamasında Məleykə Abbaszadənin DİM sədri kimi fəaliyyətini təqdir edib.

Bununla yanaşı, Abbaszadənin rəhbərliyi dövründə test suallarının çətinləşdirildiyini deyənlər də olub.

Tənqidçilər bəzi test tapşırıqlarının dərsliklərin məzmunu ilə tam uyğun gəlmədiyini iddia ediblər.

DİM rəhbərliyi isə bu tənqidləri qəbul etməyib.

Qurum bildirib ki, test tapşırıqları təsdiq edilmiş kurikulumlar əsasında hazırlanıb.

BDU-nun yeni rektoru hesab edir ki,

"Müasir universitet yeni çağırışlara cavab verməli, elmi potensialını gücləndirməli, akademik dürüstlüyü və tənqidi düşüncəni təşviq etməli, gəncləri yalnız peşəyə deyil, həm də ölkənin gələcəyi üçün müstəqil qərar qəbul etməyə və məsuliyyət daşımağa hazırlamalıdır".

Abbaszadə əlavə edib ki, tələbələrin universitetdə öz suallarını sərbəst verməsini və fikirlərini açıq ifadə etməsini istəyir.

Onun sözlərinə görə, gənclər gələcəkləri barədə müstəqil qərar verə bilməlidirlər.

Yeni rektor deyib ki, fəaliyyətində bunun üçün çalışacaq.