Təbriz məktəbində "soyuq sinif otaqlarına etiraz"
İranda sosial mediada Təbrizdə bir məktəbdə şagirdlərin soyuq sinif otaqlarına etiraz etdiyi iddia olunan video yayılıb.
Videoda məktəb dəhlizinə bənzər məkanda onlarla şagirdin qışqırdığı və şüarlar səsləndirdiyi eşidilir. Tasnim agentliyi yazır ki, şagirdlər istilik probleminə etiraz ediblər.
Məktəbin adı və hadisənin dəqiq baş verdiyi yer açıqlanmayıb.
BBC News Azərbaycanca videonun hansı məktəbdə çəkildiyini və hadisənin bütün təfərrüatlarını müstəqil şəkildə təsdiqləyə bilməyib.
Tasnim-in məlumatına görə, məktəb rəhbərliyi və təhsil rəsmilərinin araşdırmaları nəticəsində müəyyən olunub ki, problem istilik sisteminin köhnəlməsi və avadanlıqdakı nasazlıq səbəbindən yaranıb.
Agentlik yazır ki, bir xeyriyyəçinin dəstəyi ilə məktəbin istilik sisteminin yenilənməsi üçün 4 milyard tüməndən çox vəsait ayrılıb və yeni sistemin istifadəyə hazır olduğu bildirilib. Tasnim bu barədə Təbriz Bidar saytına istinad edib.
Bununla belə, problemin tam həll olunduğu barədə məlumat müstəqil şəkildə təsdiqlənməyib.
Bir müddət əvvəl Şərqi Azərbaycan vilayətinin Məktəblərin Yenidənqurulması İdarəsinin rəisi Fərhad Fərhudi Təbrizdə keçirilən mətbuat konfransında bildirmişdi ki, vilayətdə 2 mindən çox sinif otağında təmir və yenidənqurma işləri aparılıb.
Bu video Azərbaycan vilayətlərində məktəblərin istilik sistemlərinin vəziyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Sosial şəbəkələrdə istifadəçilər hadisəyə müxtəlif reaksiyalar veriblər.
amirali.m adlı istifadəçi yazıb: "Bütün il gözlədilər, indi qışın ortasında təmir haqda düşünürlər."
najafiyan20 adlı istifadəçi isə belə yazıb: "Dövlətin nə iş gördüyü bəlli deyil. Görünür, bütün ölkəni xeyriyyəçilər ayaqda saxlayır."
Səmira adlı istifadəçi də şərhində bildirib: "Məktəb qeydiyyatı üçün müxtəlif ödənişlər alınır. Bəs həmin pullar hara gedir? Niyə yenə də xeyriyyəçilərin köməyinə ehtiyac yaranır?"
Bəzi sosial media istifadəçiləri isə öz yaşadıqları bölgələrdəki məktəblərdə də oxşar problemlərin olduğunu yazıblar.
Məktəblərdə istilik problemləri bölgə üçün yeni məsələ deyil.
Məhabadın İran parlamentindəki nümayəndəsi Salam Sotude 2025-ci ildə bildirmişdi ki, Qərbi Azərbaycan vilayətində bəzi məktəblərdə istilik və soyutma sistemləri ümumiyyətlə mövcud deyil.



