Azərbaycanda hicab etirazları İlham Əliyev hökuməti üçün nə deməkdir?

Ilham Əliyev Mehriban Əliyeva açıq havada yeriyərkən çəkilmiş foto
    • Müəllif, Könül Xəlilova
    • Vəzifə, BBC Azərbaycanca
  • Çap edildi
  • Oxuma vaxtı: 8 dəq

Prezident İlham Əliyevin hakimiyyəti hicabla bağlı etirazlar qarşısında mürəkkəb seçimlə üzləşib: geri addım atmaq hakimiyyətin təzyiq qarşısında güzəştə getməsi kimi görünə bilər, sərt mövqe isə dini azadlıqlarla bağlı narazılığı daha da dərinləşdirə bilər.

Etirazların hazırda hakimiyyət üçün birbaşa siyasi təhlükəyə çevrildiyini demək tezdir. Amma hökumətin bu narazılığa necə cavab verəcəyi həm etirazların bundan sonra hansı istiqamətdə inkişaf edəcəyinə, həm də mübahisənin hicab məsələsi çərçivəsində qalıb-qalmayacağına təsir edə bilər.

Etirazlara nə səbəb olub?

Azərbaycanda hazırkı etirazlar hicab taxan qızların və müəllimlərin məktəblərə buraxılmamasına səbəb olan yeni məktəb geyim qaydaları ilə bağlıdır.

Sentyabrda və oktyabrda Nazirlər Kabineti şagirdlər və müəllimlər üçün "dünyəvi geyim qaydaları"nı tətbiq edən dəyişikliklər qəbul edib. Qaydalarda hicab açıq şəkildə qeyd olunmasa da, hicablı azyaşlı qızların məktəbə buraxılmadığını göstərdiyi görünən çoxsaylı məlumat və videolar internetdə yayılıb. Bakı və Sumqayıtda müəllimlər məktəb rəhbərliyinin onlardan hicabı çıxarmağı və ya işdən çıxmağı tələb etdiyini bildiriblər.

Azərbaycanda toplaşma azadlığı ilə bağlı tənqid olunan şəraiti nəzərə alsaq, bu qərara reaksiyaların qeyri-adi dərəcədə geniş olduğunu demək olar. Bakıda və rayonlarda bəzi məktəblərdə şagirdlər hicab taxan sinif yoldaşlarına dəstək olaraq dərslərə getməkdən imtina ediblər.

Oktyabrın 12-də Bakıda məktəblilər etirazlarını davam etdirərək bir neçə məktəbin yaxınlığında küçədə dərs keçiblər.

Daxili İşlər Nazirliyi 37 nəfərin saxlanıldığını açıqlayıb, fəallar isə bu rəqəmin 200-dən çox olduğunu iddia edirlər.

İddialara görə, Bakıda naməlum şəxslər məktəb direktorunun avtomobilini yandırıb, Abşeron rayonunda isə daha dörd avtomobil yandırılıb. İstifadəçilər həmçinin Instagram və TikTok-a daxil olmaqda çətinlik çəkdiklərini bildiriblər və bu, hakimiyyətin internetə çıxışı məhdudlaşdırdığı barədə iddialara səbəb olub.

Oktyabrın 12-də paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus "Kia" markalı avtomobilin yandırılması faktı araşdırılıb.

DİN-in Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə polis tərəfindən keçirilən tədbirlərlə avtomobili yandıran, əvvəllər məhkum olunmuş bir nəfər saxlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Dövlətin dünyəvilik siyasəti ilə dini azadlıq tələbləri arasında gərginlik

Azərbaycan əhalisinin əksəriyyəti müsəlmandır, lakin onilliklərlə davam edən sovet hakimiyyətinin təsiri ilə ölkədə güclü dünyəvilik ənənəsi formalaşıb.

Hökumət dünyəvi təhsili əsas prinsip hesab edir, hicabı dini öhdəlik hesab edənlər isə məktəbdə onu taxmağın öz hüquqları olduğunu bildirirlər.

Etirazçıların plakatındakı şüar bunu belə ifadə edib: "Hicab təhsilə maneə deyil".

Bu, əvvəl də baş verib. Hələ 2010-cu ilin dekabrında yüzlərlə Bakı sakini məktəbli qızların dini hüquqlarını tələb edərək Təhsil Nazirliyinə doğru yürüş etmişdi və polis 16 iştirakçını saxlamışdı.

Azərbaycanda qəfil etirazlara nadir hallarda rast gəlinir. İctimai narazılığın ciddi nəzarət altında olduğu ölkədə bir neçə şəhərdə məktəblilərin dərsləri boykot etməsi buna görə diqqət çəkir.

Azərbaycan məktəblərində hicab qadağasıyla üzləşmiş şagirdlər məktəbin pəncərəsindən içəri boylanır.
Şəklin alt yazısı, Hicablı olduğuna görə məktəbə buraxılmayan şagirdlər

Azərbaycanda hicabın yayılmasının arxasında nə dayanır?

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
BBC News Azarbaycancanin Whatsapp kanalina qosulun
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Azərbaycanda hicabın yayılmasının səbəblərindən biri 1991-ci ildən sonra başlayan dini təbliğatın canlanması hesab olunur.

Sovet İttifaqı 70 il ərzində dini sıxışdırmışdı.

Müstəqillikdən sonra din ictimai həyatda daha çox görünməyə başlayıb və sovet dövründə məhdudlaşdırılmış dini praktikalar yenidən daha açıq şəkildə ortaya çıxıb.

Regional və demoqrafik fərqlər də var. Hicaba daha çox mühafizəkar cənub bölgələrində, məsələn, Masallı və Lənkəranda, İranla sərhədə yaxın ərazilərdə, həmçinin Bakının Balaxanı və Nardaran kimi kənar qəsəbələrində rast gəlinir.

Dini həyatın necə yaşanmasına şiə və sünni ənənələri də təsir göstərir. Müstəqillikdən sonrakı dövrdə İran və Türkiyə ilə əlaqəli dini qurumlar da Azərbaycanda fəaliyyət göstərib. Azərbaycan hakimiyyəti dini məsələlərdə xarici təsir riskindən dəfələrlə danışıb.

Bir çox qadın üçün isə hicab sadəcə ciddi yanaşdıqları dini öhdəlikdir. Etiraz edən qadınlardan bəziləri bunu təhsil və ya işlə dini inancları arasında seçim etmək məcburiyyəti kimi gördüklərini bildirirlər.

"117 nömrəli məktəbdə çalışıram. Gəlmişik, saat 8-ə qalmışdan. Bizi dərslərə buraxmırlar. Burda mənim iş yoldaşlarımdır. Hamımız hicablıyıq. Heç kəs hicabını açmaq istəmir. Bizi salıblar bir otağa, deyirlər gözləyin", - hicabına görə məktəbə buraxılmayan bir müəllim deyib.

Azərbaycanda hicab taxanların sayının nə qədər olduğunu bilmirik. Etirazların böyük görünməsinin səbəblərindən biri siyasətin məhz hicabın daha geniş yayıldığı icmalara təsir etməsidir.

Hadisələr hökumətyönlü mediada xarici qüvvələrin təhriki ilə əlaqələndirirlir.

AzPost.az xəbər verib ki, Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub.

Qafqazinfo-nun məlumatına görə, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb və xəsarət alan olmayıb.

''Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarla bağlı qəti addımların atılmasını zəruri edir'', - deyə sayt yazır.

Azərbaycanlı məktəblilər hicaba etiraz edirlər. Əllərində etiraz sloqanları şüarları yazılmış posterlər tutublar.
Şəklin alt yazısı, "Hicab qadağası"na etirazlardan görüntü

Etirazlar daha böyük prosesə çevrilə bilərmi?

Gərginliyin artmasının əsas səbəblərindən biri narazılığın konkret və şəxsi olmasıdır. Bu etirazları əvvəlki siyasi aksiyalardan fərqləndirən cəhətlərdən biri narazılığın insanların gündəlik həyatına birbaşa toxunan məsələ ilə bağlı olmasıdır: qızların məktəbə buraxılmaması və bəzi müəllimlərin işlərini itirmək qorxusu.

Şagirdlərin müəllimləri qucaqlayıb ağladığını göstərən videolar yayılıb, çünki həmin müəllimlər də dərsə buraxılmayıb. Bu cür görüntülər mübahisəni yalnız dini fəalların məsələsi olmaqdan çıxararaq məktəblilər və onların ailələri arasında da gündəmə gətirib.

Elm və Təhsil Nazirliyi son günlər hicabla bağlı keçirilən etirazlara dair ayrıca açıqlama yaymayıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsi isə məktəblərdə geyim qaydalarına əməl olunması ilə bağlı monitorinqlər aparılacağını bildirib.

Bakı, Sumqayıt, Abşeron və Masallıda boykotlar və küçədə keçirilən dərslər, eləcə də məktəb rəsmilərinin avtomobillərinin yandırılması barədə iddialar qəzəbin yalnız bir məhəllə ilə məhdudlaşmadığını göstərir.

Etirazlar dini kimliklə bağlı məsələlərin daha geniş qrupları səfərbər edə biləcəyini də göstərir.

Azərbaycanın adı dünyəvi müxalifət partiyalarının illərdir ciddi təzyiq altında olduğuna dair beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında çəkilir.

Human Rights Watch insan haqları təşkilatı 2025-ci ilin dekabrında Azərbaycanda "müxalifətə qarşı uzun müddətdir davam edən təzyiq kampaniyası" barədə hesabat yayıb.

Azərbaycanda dini məsələ ətrafında yaranan narazılığın belə partiyaların ənənəvi olaraq çata bilmədiyi icmaları da hərəkətə gətirməsi mümkündür. Sosial media isə bu qrupların bir-biri ilə əlaqəsini asanlaşdırır.

Etirazlar Əliyev hakimiyyəti üçün nə qədər ciddi təhlükədir?

Azərbaycan Prezidenti İlham Əliyevin YAP qurultayında çıxış edərkən çəkilmiş fotosu
Şəklin alt yazısı, İlham Əliyevin YAP-ın qurultayında çıxış edərkən

Bakı əvvəllər də oxşar problemlə üzləşib. 2010-2011-ci illərdə hökumət dini müxalifətin bir neçə liderini həbs edib. Bu, onların tərəfdarlarının yeni etirazlarına səbəb olub və onlar da öz növbəsində həbs ediliblər. İslam Partiyasının qeydiyyatı ləğv olunub, lideri həbs olunub və etirazlar tədricən səngiyib.

Azərbaycan hakimiyyəti əvvəlki hökumət əleyhinə etirazlara da sərt polis müdaxiləsi və çoxsaylı həbslərlə cavab verib - 2003, 2011, 2019 və 2020-ci illərdə hökumət əleyhinə aksiyalar kütləvi həbslərlə nəzarət altına alınıb.

Beynəlxalq insan və söz azadlığı təşkilatlarına görə, Azərbaycanda müstəqil mediaya və vətəndaş cəmiyyətinə təzyiqlər güclüdür, aparıcı fəallar və jurnalistlərin bir qismi həbsdədir.

Əliyevin mövqeyini əvvəlki etiraz dövrlərindən fərqləndirən amillər də var. Qarabağdakı hərbi qələbə, enerji gəlirləri və Türkiyə ilə yaxın ittifaq hökumətin əlindəki siyasi və iqtisadi imkanları artırıb.

Ancaq mühacirətdə yaşayan jurnalist Rauf Mirqədirov etirazları insanların hər qərarı səssiz qəbul etməyə hazır olmadığının göstəricisi kimi qiymətləndirir.

"Bu hadisə onun göstəricisi oldu ki, cəmiyyət hər şeyə dözməyə hazır deyil", - deyə o, BBC Azərbaycancaya müsahubəsində bildirib.

Geyim qaydalarının dəyişdirilməsini tələb edən məktəblilər və valideynlər isə hələlik liderləri, hakimiyyətlə bağlı vahid siyasi tələbləri və təşkilati strukturu olan siyasi hərəkat deyil.

Bundan başqa, Azərbaycan cəmiyyətində dünyəvi dövlət modelini müdafiə edənlər də var.

Azərbaycan cəmiyyətinin bir hissəsi dini təsirin, xüsusilə İranla əlaqələndirilən dini-siyasi təsirin güclənməsindən ehtiyat edir.

Bu da hökumətin etirazları daha geniş siyasi təhlükə kimi təqdim etməsinə müəyyən imkan verir.

Bəs etirazların Əliyev hakimiyyətinə real təsiri nədir?

Əsas məsələ etirazların dərhal hakimiyyət dəyişikliyinə gətirib-gətirməməsi deyil. Onların daha yaxın təsiri hökumətin ölkədə sabitlik və nəzarət görüntüsünə yaratdığı təzyiqdir. Bir neçə şəhərdə etirazların baş verməsi və narazılığın sosial mediada yayılması hakimiyyət üçün idarə edilməsi çətin olan yeni vəziyyət yaradıb.

Dini narazılığın daha uzunmüddətli təsirləri də ola bilər. İnancına görə məktəbdən uzaqlaşdırıldığını düşünən qızlar və onların ailələri arasında dövlətə münasibətin dəyişməsi, xüsusilə dini icmalarda yadlaşmanın dərinləşməsi ehtimalı var.

Hakimiyyətin reaksiyasının hansı istiqamətdə olacağı hələ aydın deyil. Mümkün variantlar arasında qaydaların tətbiqinin dəyişdirilməsi ilə etirazçılara qarşı daha sərt tədbirlərin görülməsi də var. Hər iki halda mübahisənin dini icmalarda yaratdığı narazılığın nə qədər davam edəcəyi açıq qalır.

Etirazların təşkilində rol oynadığı düşünülən şəxslərə qarşı təzyiqin artırılması isə küçə aksiyalarının səngiməsi ilə nəticələnə bilər. Bununla belə, bu, hicab məsələsi ətrafında yaranmış narazılığın özünün aradan qalxması demək deyil.

Hakimiyyət üçün daha ciddi siyasi problem dini narazılığın iqtisadi və ya digər sosial narazılıqlarla üst-üstə düşməsi halında yarana bilər. Hazırda isə bunların daha geniş siyasi hərəkatda birləşdiyini göstərən aydın əlamət yoxdur.

Mühacirətdə yaşayan azərbaycanlı jurnalist Rauf Mirqədirov hesab edir ki, hakimiyyət cəmiyyətlə"dialoq rejiminə keçməlidir". Onun fikrincə, böhranların idarə olunması üçün cəmiyyətlə hakimiyyət arasında işləyən siyasi və ictimai mexanizmlər olmalıdır.

Türkiyədən gələn təzyiq Əliyev üçün nə qədər ciddidir?

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan BMT tədbirində çıxış edərkən çəkiş videodan kəsilmiş görüntü
Şəklin alt yazısı, Türkiyə Prezidenti Recep Tayyip Erdoğan

Etirazların Türkiyədə də əks-səda doğurması Bakı üçün əlavə problem yaradıb. Ancaq indiyədək əsas təzyiq Recep Tayyip Erdoğan hökumətindən deyil, Türkiyə cəmiyyətinin müəyyən hissələrindən, islamçı təşkilatlardan, hökumətyönlü mediadan və AKP elektoratından gəlib.

Oktyabrın 3-də islamçı Özgür-Der təşkilatının çağırışı ilə Azərbaycanın İstanbuldakı konsulluğu qarşısında etiraz keçirilib. Təşkilat yeni qaydaların ləğvini və Türkiyənin Azərbaycana diplomatik təzyiq göstərməsini tələb edib. Türkiyədə bəzi dini xadimlər və hökumətyönlü media da Bakının mövqeyini tənqid edib.

Prezident Erdoğanın baş məsləhətçisi Oktay Saral hicablı şagirdlərin məktəbə buraxılmamasını "qəbuledilməz" adlandıraraq, Azərbaycanın "bu səhvi tezliklə düzəldəcəyini" gözlədiyini deyib.

Azərbaycan–Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu isə Türkiyənin bəzi media orqanlarında və siyasi dairələrində Azərbaycanla bağlı səslənən tənqidlərdən "ciddi narahatlıq və təəssüf" ifadə edib. Qrup Oktay Saral və AKP-nin bəzi millət vəkillərinin açıqlamalarını "əsassız ittihamlar" adlandıraraq, Türkiyədən Azərbaycanın daxili işlərinə müdaxilə edilməməsini və ölkənin dünyəvi dövlət quruluşuna hörmət göstərilməsini istəyib.

Erdoğanın öz mövqeyi isə daha dolayı olub. Sentyabrda BMT Baş Assambleyasındakı çıxışında o, məktəblərdə hicabla bağlı məhdudiyyətləri "qadınların ən fundamental hüquqlarına hücum" adlandırıb və bunu "islamofobiya" ilə əlaqələndirib. Azərbaycanın adını çəkməsə də, çıxışın geyim qaydalarına dəyişiklikdən bir gün sonra olması bəzi şərhçilərin bunu Bakıya mesaj kimi qiymətləndirməsinə səbəb olub.

Bununla belə, Ankara mübahisəni böyütməkdən çəkinib. Əliyevin mətbuat xidməti xəbər verir ki, Erdoğan sentyabrın 27-də Əliyevlə telefonla danışıb, lakin Azərbaycan Prezident saytının bununla bağlı açıqlamasında məktəb geyimi məsələsi qeyd olunmayıb. AKP sözçüsü Ömər Çelik də Türkiyədə Azərbaycana qarşı etiraz edən qrupların nə partiya, nə də hökumətlə əlaqəsi olduğunu bildirib.

Əliyev isə Türkiyənin adını çəkmədən "bizim həyat tərzimizə müdaxilə etməyin" mesajı verib. Türkiyəni nadir hallarda açıq tənqid edən Azərbaycan liderinin belə bir mövqe tutması məsələnin Bakı üçün həssas olduğuna işarə edir.

Türkiyə amili Əliyev üçün birbaşa siyasi təhlükədən daha çox əlavə təzyiq mənbəyidir. Türkiyədən də tənqidlərin gəlməsi Bakının dini narazılığı əsasən xarici, xüsusilə İran təsiri kontekstində təqdim edən ənənəvi arqumentini mürəkkəbləşdirir. Eyni zamanda, Türkiyədəki müzakirələr azərbaycanlı etirazçılara hakimiyyətin nəzarətindən kənarda olan türkdilli informasiya və sosial media məkanı verir.

Uzun illər ənənəvi siyasi müxalifətin etirazlarını nəzarətdə saxlamağa öyrəşmiş hakimiyyət indi din, məktəb və ailələrin gündəlik həyatı ilə birbaşa bağlı narazılıqla üzləşib. Üstəlik, tənqidlər Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyədəki bəzi çevrələrdən də gəlir.

Hazırda bu etirazların İlham Əliyev hakimiyyəti üçün birbaşa təhlükə yaratdığını demək olmaz. Amma hökumətin bundan sonra atacağı addımlar hicab məsələsi ilə başlayan bu narazılığın elə bu çərçivədə qalıb-qalmayacağını müəyyən edə bilər.