24 Dekabr, 2010 - Published 11:04 GMT
Azərbaycanda şagirdlərin məktəblərdə hicab taxmasına qoyulan qadağalar ətrafında qalmaqal səngimək bilmir.
Buna etiraz edən inanclı adamlar Bakının Binəqədi rayonu Hocasən qəsəbəsində yerləşən 103 saylı orta məktəbə hücum ediblər.
Onlar Onlar məktəbdə hicaba qoyulmuş qadağaya etiraz olaraq bu addımı atdıqlarını deyiblər. Bəs görəsən dövlət bu problemin dərinləşməməsi üçün nə edir?
Və hadisələrni inkişafı inanclı adamlarla dövlət qurumları arasında olan qarşıdurmanı artırmazmı?
Müxbirimiz Nailə Bağırova xəbər verir ki, Bakının 103 saylı orta məktəbin həyətindəki etiraz aksiyası hicablı qızların orta ümumtəhsil məktəblərinə buraxılmamasına dair qərar çıxandan bəri keçirilən dördüncü açıq aksiyadır.
Bundan qabaq Bakıda , Masallıda və Nardaran qəsəbəsində belə aksiyalar keçirilib.
Sonuncu aksiyada isə Təhsil Nazirliyi rəsmilərinin məlumatına görə, 20-ə yaxın dindar Bakının Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən 103 saylı orta məktəbə hücum edərək təhsil müəssisəsinin şüşələrini sındırıb.
Onlar məktəbdə hicaba qoyulmuş qadağaya etiraz olaraq bu addımı atdıqlarını deyiblər.
Bundan başqa, dindarlar məktəbin qapısına xəbərdarlıq yazaraq, məktəblilər arasında hicaba qoyulmuş qadağa aradan qaldırılmazsa, təhsil müəssisəsini yandıracaqları barədə xəbərdarlıq ediblər.
Dini qurumlar iş üzrə dövlət komitəsinin sözçüsü Saleh Aslanov komitənin Təhsil Nazirliyinin bu qərarını tam dəstəklədiyini dedi.
Onun sözlərinə görə, bütün şagirdlərin geyimi məktəbli formasına uyğun olmalıdır.
Amma inanclı adamlar bu fikirdə deyillər . Öz dindarlığı ilə seçilən Nardaran qəsəbəsinin ağsaqqalı Hacıağa Nuriyev deyir ki, dövlət məmurları tez bir zamanda inanclı adamlarla masa arxasında oturub bu problemin həlli ilə məşğul olmalıdırlar.
Çıxış yoluna gəlincə Hacızağa Nuriyev bildirdi ki, hicabı məktəbli formasına uyğunlaşdırlmaq lazımdır.
Hacıağa Nuriyevin fikrincə, Azərbaycan hökumətində onun təbirincə desək, hicabofobiya sionist qüvvələrin təsiri altında yaranıb.
Millət vəkili Asim Mollazadənin fikrincə, Azərbaycan dövləti həm islami, həm də dünyəvi dəyərləri qorumalı və zorakılıq aksiyaların qarşısını almalıdır.
Asim Mollazadə həmçinin əsasən məmurların üstünə böyük məsuliyyət düşdüyünü bildirdi.
"Əgər tərəflər konsensusa gəlməsələr, bu narazılıq daha ciddi fəsadlara səbəb ola bilməzmi" sualına cavabında isə Asim Mollazadə belə bir təhlükəni görmədiyini dedi.
Amma politoloq Ərəstun Oruclu başqa fikirdədir. Onun fikrincə, Azərbaycan hökumətinin inanclı adamlara qarşı yeritdiyi diqtə siyasəti ölkədə ciddi iğtişaşlara səbəb ola bilər.
Ərəstun Oruclu vəziyyətdən çıxış yolunu geniş dialoqda gördüyünü bildirdi.
Azərbaycan məktəblərində hicaba qadağa bir ay bundan qabaq Təhsil Nazirliyi tərəfindən qoyulub.
Nazirlik rəsmiləri qərarlarından dönməyəcəklərini, inanclı adamlar isə belə getsə uşaqlarını məktəbə buraxmayacaqlarını deyirlər.