Azərbaycanda "hicab qadağası" ilə bağlı etirazlarda saxlananlar var

Şəklin mənbəyi, Sosial media
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Azərbaycanda Bakı və ətrafındakı onlarla məktəbdə hicab qadağası əleyhinə aksiyalarının keçirildiyi deyilən videolar yayıılıb.
Daxili İşlər Nazirliyi aksiyalarla əlaqəli 37 nəfərin saxlandığını bildirib.
DİN saxlananların "İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə" maddəsilə ittiham olunduğunu açıqlayıb.
Daxili İşlər Nazirliyi bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları müşahidə edilib.
Nazirlik bildirib ki, bir qrup şəxs məktəblərdə təhsil işçiləri ilə münaqişəli vəziyyət yaradıb, bəzi təhsil müəssisələrinə ziyan vurub və məktəblərin normal fəaliyyətinə mane olmağa cəhd edib.
Məktəblərin önündən yayılan videolarda valideynlər hicablı şagirdlərin və müəllimlərin məktəbə buraxılmadığını deyirlər.
Bəzi görüntülərdə məktəb şüşələrinin qırıldığı görünür.
Bir videoda isə bir kişi bir məktəbin qarşısında dini şüarlar səsləndirir və toplaşan kütlə onu izləyir.
Videonu Youtube kanalımızda izləyin.
Tiktok, Instagram, Facebook-a girişin məhdudlaşdırılması xəbərləri yayılıb
Aksiyalar barədə xəbərlər yayıldıqdan sonra 12 oktyabrda, səhər saatlarında Azərbaycanda Tiktok, Instagram, Facebook-a girişin məhdudlaşdırıldığı barədə xəbərlər yayılıb.
Bakı və bölgələrdə olan bir neçə istifadəçi BBC News Azərbaycancaya sosial media platformalarına giriş qadağası olduğunu təsdiqləyib.
Hələ ki, rəsmi qurumlar bəzi sosial media platformalarının bloklanması iddiaları barədə rəsmi şərh verməyib.
Dövlət televiziyası AzTV yayımladığı bir sujetdə bildirib ki, "Azərbaycanda dini şuarlar altında toqquşmanın baş verməsi üçün idealoji zəmin yoxdur. Lakin buna çalışan qüvvələr var və onlar riskləri artırmağa cəhd edir".
Azərbaycan Nazirlər Kabineti sentyabrın 21-də şagirdlərin, oktyabrın 6-da müəllimlərin geyim formalarını təsdiqləyib.
Hər iki qərarda yazılıb ki, müəllimlərin və şagirdlərin geyimləri "ümumi təhsilin dünyəvilik prinsipinə uyğun" olmalıdır.



























