Ermənistana keçən əsgər barədə nə məlumdur?
Ermənistanda məhkəmə Azərbaycan əsgəri Nəsimi Musayevi istintaq dövründə iki aylıq həbs edib, Armenpress yazıb.
Onun Sünikdə 39 yaşlı bir qadını güllələdiyi bildirilir. Rəsmilər qadının müalicə aldığını və həyatına təhlükə olmadığını bildiriblər.
Ermənistan məhkəməsi onu dövlət sərhədini qanunsuz keçmək, silahdan istifadə edilməklə ağır bədən xəsarəti yetirmək və başqa bir neçə maddə ilə günahkar bilib.
Əsgərə Azərbaycan Baş Prokurorluğu da cinayət işi açıb. Onun hərbi hissəni özbaşına tərk etməsi faktı üzrə cinayət işi araşdırılır, prokurorluq bildirib.
Həm Ermənistan, həm də Azərbaycan tərəfindəki medalarda gedən məlumatlardan aydın olur ki, əsgər oktyabrın birində Sünik bölgəsinin Şəki kəndində saxlanılıb.
Azərbaycan mediasında əsgərin ailəsinin Prezidentə müraciət videosu yayılıb və orda deyilir ki, əsgər 26 sentyabrdıan itkindir.
Ailə iddia edir ki, günlərdir itkin olan oğulları barəsində onlara hərbi hissə və Müdafiə Nazirliyindən məlumat verilməyib.
Ermənistan Milli Təhlükəsizlik Xidməti açıqlayıb ki, Azərbaycan tərəfindən 29 sentybardı bir əsgərin itkin düşdüyü, sərhədi keçə biləcəyi onlara bildirilib.
Hər iki ölkə öz ərazisində axtarış aparıb, ancaq oktyabrın birində onun Sünikdə bir vətəndaşı yaralaması ilə bağlı xəbər çıxana kimi heç kəs onu tapmayıb.
Əsgərin itkin düşdüyü deyilən 26 sentyabrla Ermənistanda saxlandığı 1 oktyabr tarixləri arasında harada olduğunu rəsmi qurumlar aydınlaşdırmayıb.
Onun Azərbaycan dövlət sərhədindən təqribən 20 kilometr uzaqda yerləşən kəndə necə gedib çıxdığı da məlum deyil.
Əsgərin yaxınları Anews-a deyiblər ki, Nəsimi Musayevin hərbi xidmətdə müddətdən artıq xidmət edənlər (MAXE) və aşpazla problemləri olub.
Ailənin yerli mediaya dediyindən və Ermənistan mediasının yazdığından məlum olur ki, əsgər xidmət etdiyi postdan silahı, zirehli jileti və kaskası ilə birgə yoxa çıxıb.



