"Həmədanda iş qəzalarında ölən və yaralananlar artıb”

Videonun alt yazısı, "Həmədanda iş qəzalarında ölən və yaralananlar artıb”
"Həmədanda iş qəzalarında ölən və yaralananlar artıb”
Çap edildi

Həmədanda iş qəzalarında ölən və yaralananların sayı artıb

İranın Həmədan vilayətində bu ilin ilk altı ayında baş verən iş qəzaları nəticəsində azı 21 nəfər ölüb, 349 nəfər yaralanıb.

Bu barədə Həmədan Ədliyyə Tibb İdarəsinin baş direktoru Məhəmməd Malmir məlumat verib.

Onun sözlərinə görə, ötən ilin eyni dövründə iş qəzaları nəticəsində 18 nəfər ölmüşdü. Bu isə ölüm hallarının 16,6 faiz artdığını göstərir.

Malmir bildirib ki, xəsarət alanların sayı da artıb. Belə ki, keçən ilin ilk altı ayında 269 nəfər yaralandığı halda, bu il həmin göstərici 349 nəfərə yüksəlib. Bu, təxminən 30 faizlik artım deməkdir.

Onun sözlərinə görə, yüksəklikdən yıxılma, ağır və ya sərt əşyalara çırpılma, uçqun altında qalma və elektrik vurması işçilərin ölümünə və ağır yaralanmasına səbəb olan əsas amillərdir.

Malmir iş yerlərində təhlükəsizlik qaydalarına əməl olunmamasını və əmək qanunvericiliyinin tələblərinin pozulmasını qəzaların əsas səbəblərindən biri kimi göstərib.

O, işçilərin fərdi mühafizə vasitələri ilə təmin edilməsinin, təhlükəsizlik təlimlərinin keçirilməsinin və iş yerlərində müntəzəm nəzarətin vacibliyini vurğulayıb.

Bu məlumatların yayıldığı günlərdə Həmədanda 45 yaşlı bir işçinin ölümü barədə də xəbər verilib. Yerli mediada yayılan məlumatlara görə, həmin şəxs tikintisi davam edən binanın üçüncü mərtəbəsindən yıxılaraq həlak olub.