Moskvada ermənilərlə azərbaycanlıların davası: saxlananlar var

Bratislava metrosu

Şəklin mənbəyi, Nikolai Galkin/TASS

Şəklin alt yazısı, Ermənilərlə azərbaycanlılar arasında toqquşma Moskvanın cənub-şərqində baş verib (Şəkil: arxiv)
Çap edildi

Moskva polisi iyulun 24-nə keçən gecə ermənilərlə azərbaycanlılar arasında baş vermiş qarşıdurmadan sonra kütləvi dava və soyğunçuluq hadisələri ilə bağlı cinayət işləri açıb. 25 nəfərin saxlandığı xəbər verilir.

Erməni və azərbaycanlı mühacir icmalarının ziyalıları münaqişənin hər iki tərəfini dözümlülüyə səsləyirlər.

Rusiya mətbuatında Moskvada Ermənistan nişanlı avtomobillərə hücum və paytaxtın cənub-şərqindəki Azərbaycan restoranına basqın haqqında xəbərlər yayılıb.

"360" telekanalına əsasən, iyulun 24-nə keçən gecə bir qrup azərbaycanlı Ermənistan nömrəli avtomobilləri dayandıraraq onların içindəki insanları döyüb.

Telekanal 360-ın görüntüsü

Şəklin mənbəyi, Telekanal 360

Şəklin alt yazısı, Videoda ağ rəngli maşına hücum anları əks olunur

Telekanalın yaydığı kadrlarda milliyyəti müəyyən olunmayan gənclər ağ rəngli avtomobilin yan şüşəsini qıraraq, içəridəki şəxsə yumruq atırlar, daha bir nəfər maşının üstünə çıxaraq ön şüşəni sındırır.

RBK saytı qarşıdurmalar vaxtı bir nəfərin yaralandığını bildirir. O, xəstəxanada tibbi yardım alandan sonra polis bölməsinə aparılıb.

Rusiya Erməniləri Birliyinin həmsədri David Tonoyanın sözlərinə görə, qarşıdurmada onun dostu bıçaqlanıb. Onun müayinədən sonra polisə aparılan şəxs olub-olmadığını demək mümkün deyil.

Tonoyanın sözlərinə görə, avtomobillərə hücumlardan sonra onun həmyerliləri küçələrdə keşik çəkmək qərarına gəliblər.

Eyni zamanda "360" televiziya kanalı, Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynova istinadən, azərbaycanlıya məxsus "1001 gecə" restoranına basqın haqqında bildirir.

Mediada yayılan məlumatlara görə, sahibi azərbaycanlı olan restoran bir qrup erməninin hücumuna məruz qalıb.

Rusiya mətbuatında çıxış edən Elnur Hüseynov azərbaycanlılara qarşı başqa hücum hadisələrinin olduğunu da bildirir.

Moskva polisinin məlumatına görə, hadisələrlə bağlı ümumilikdə 25 nəfər saxlanıb.

Rəsmi Yerevan baş verənlərə görə ermənilərə qarşı "aqressiv ritorikanı" qızışdıran Azərbaycan hakimiyyətini ittiham edir.

Öz növbəsində Bakı bildirir ki, müxtəlif ölkələrdə ermənilər "təxribatlar" törətməyə çalışırlar, nəticədə insanlar xəsarət alır, onların şəxsi əmlaklarına və diplomatik nümayəndəliklərinə maddi ziyan vurulur.

Döyüşlərin əks-sədası?

Moskvadakı hücumlar Ermənistan-Azərbaycan sərhədində davam edən gərginlik fonunda baş verir.

Bakı iyulun 12-də erməni hərbi qüvvələrinin "atəşkəs rejimini kobud şəkildə pozaraq" Azərbaycan mövqelərinə atəş açdığını deyir. Yerevanda iddia edirlər ki, azərbaycanlı hərbçilər ermənilərin dayaq məntəqəsinə irəliləyəndən sonra ona xəbərdarlıq atəşi açılıb, lakin bundan sonra özləri atəşə tutulublar.

Ölkələr arasında münasibətlərin gərginləşməsi artıq işgüzar münasibətlərə də təsir göstərib.

İyulun 18-də ermənistanlı ərzaq tədarükçülərinə Azərbaycan mənşəli Qod Nisanov və Zarah İliyevə məxsus, Moskvada yerləşən "Food City" bazarına girməyə icazə verməyiblər.

Ertəsi gün problem həll olunub və Ermənistandan idxal olunan mallar artıq "Food City"-də yenidən satılmağa başlayıb.

İyulun 23-də Ermənistan malları Azərbaycan mənşəli Araz Ağalarova məxsus "Tvoy Dom" şəbəkəsinin rəflərindən yoxa çıxıb. Şəbəkənin sahibi"Krokus qrup" şirkətində RBK agentliyinə şərh verməkdən imtina ediblər.

Mübahisəli vəziyyətə Rusiya hakimiyyəti müdaxilə edib. Rusiya Xarici İşlər Nazirliyinin saytına əsasən, xarici işlər naziri Sergey Lavrov "Rusiyanın Azərbaycan və Ermənistan icmalarının görkəmli nümayəndələri" ilə görüşüb.

Söhbət Qod Nisanov və Rusiya Erməniləri Birliyinin prezidenti Ara Abramyandan gedir.

Məlumatda deyilir ki, digər məsələlər arasında Rusiyada millətlərarası əlaqələrin qorunmasında "Azərbaycan və erməni icmalarının rolu" müzakirə edilib.

Bu arada Azərbaycan və ermənilərin xaricdəki icmalarının bəzi üzvləri təmkinliyə çağırışla çıxış ediblər.

"Dünyadakı erməni və azərbaycanlı mühacir icmalarının üzvləri olaraq, cəmiyyətlərimizdəki ayrı-ayrı şəxslərin vətənpərvərlik adı ilə bir-birlərinə qarşı davam edən zorakılıq və vəhşiliklərini pisləyirik" deyən bu bəyanatı imzalayanlar xaricdə yaşayan erməni və azərbaycanlı fəallardır.

Bəyanatda deyilir ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı əsaslı fikir ayrılıqları olsa da, dünya boyunca küçə döyüşləri heç bir tərəf üçün problemləri həll etmir.

Ermənistan və Azərbaycan sərhədində 12 iyulda başlayan döyüşlər ardınca bir sıra ölkələrdə icma üzvlərinin keçirdiyi aksiyalar zorakılıqla müşayiət olunub. Belə halları Los Angelesdən tutmuş Kişinyova kimi müşahidə etmək olar.