Məktəblərdə hicab qadağanmı edilir, yoxsa həll yolu tapılacaq?
Azərbaycanda yayılan bir videoda iddia olunur ki, məktəblərin birində hicablı məktəblilərin dərsə buraxmayıblar.
Sentyabrın 21-də Nazirlər Kabineti dövlət məktəblərində şagirdlərin geyim qaydaları barədə qərar çıxarıb.
Həmin qərar Azərbaycanda məktəblərdə hicabla bağlı yenidən müzakirələr açıb.
Qərarda yazılıb ki, məktəbli formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadəyə yol verilmir.
Sənəddə "hicab" və ya hər hansısa dini geyimin adı çəkilmir.
Ancaq bəzi medialar və dini fəallar bu dəyişikliyi baş örtüklərinin qadağan olunması kimi qiymətləndirirlər.
Mübahisənin əsas səbəblərindən biri də budur.
Qərarda yeni qaydanın məktəblərdə necə tətbiq ediləcəyi izah olunmur.
Məsələn, forma tələbinə əməl etməyən şagirdin dərsə buraxılıb-buraxılmayacağı və hansı tədbirlərin görüləcəyi göstərilmir.
BBC Azərbaycanca həm Nazirlər Kabinetinə, həm də Təhsil Nazirliyinə bununla bağlı sorğu göndərsə də, cavab ala bilməyib.



