Xural TV-nin rəhbəri Əvəz Zeynallı vəfat edib

Videonun alt yazısı, Xural TV-nin rəhbəri Əvəz Zeynallı vəfat edib
Xural TV-nin rəhbəri Əvəz Zeynallı vəfat edib
Çap edildi

Tanınmış jurnalist Əvəz Zeynallı uzun sürən xəstəlikdən sonra 56 yaşında vəfat edib, yaxınları BBC-yə bildirib. O, uzun müddətdir ki, xərcəng xəstəliyindən əziyyət çəkirdi.

Jurnalistin həyat yoldaşı Məlahət Zeynallı BBC-yə 2025-ci ildə verdiyi müsahibəsində demişdi ki, bu xəstəlik Əvəz Zeynallıda o, həbsxanada olarkən aşkarlanıb.

Məlahət Zeynallı o zaman iddia ertmişdi ki, məhbus ərinin müayinə və müalicəsi vaxtında aparılmadığı üçün xəstəlik ağırlaşıb.

Məlahət Zeynallı onu da vurğulayıb ki, onun müraciətlərindən sonra Ombudsman aparatının əməkdaşları Əvəz Zeynallı ilə görüşüb, ona kömək edəcəklərini bildiriblər.

Əvəz Zeynallı 2025-ci ilin aprelində xəstəliyinə görə azadlığa buraxılmışdı.

Jurnalist 2022-ci ilin sentyabrında saxlanılmışdı. O, rüşvət alma, dələduzluq, nüfuz alveri və digər ittihamlarla 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.

O, ittihamları qəbul etmirdi.

Bu, Əvəz Zeynallının ilk həbsi deyildi.

O, 2011-ci ildə "Xural" qəzetinin baş redaktoru olarkən keçmiş deputatı Gülər Əhmədovanın şikayəti əsasında həbs edilmişdi.

Həmin vaxt ona hədə-qorxu yolu ilə külli miqdarda pul alma, məhkəmə qərarlarını icra etməmə və vergidən yayınma ittihamları irəli sürülmüşdü. Baş redaktor bu ittihamları rədd edirdi.

Əvəz Zeynallı 2014-cü ildə əfv sərəncamı ilə azadlığa buraxılmışdı.

Həmin vaxt Avropa İnsan Hüquqları Məhkəməsi onun həbsini "sifarişli" adlandırmış və dəyən maddi və mənəvi zərər görə Azərbaycan hökumətinin Əvəz Zeynallıya 13 min avro ödəməsi barədə qərar qəbul etmişdi.

O, Türkiyənin Ankara Universitetinin hüquq fakültəsini bitirmişdi.

Xural qəzetindən sonra Əvəz Zeynallı eyni adlı sayt və "Xural TV" internet televiziyası təsis etmişdi.