Meloni yanacağın qiymətinə görə Əliyevə təşəkkür edib
SOCAR İtaliyada yanacağın bahalaşmasına qarşı təşəbbüsə qoşulub. Deyəcəksiniz ki, SOCAR hara, İtaliyada yanacaq hara?!
Gəlin izah edim. SOCAR-ın bu il satın aldığı Italiana Petroli şirkəti benzin və dizel üçün qiymət tavanı tətbiq edəcəyini açıqlayıb.
Qiymət tavanı o demkdir ki, dünya bazarında neft və ya yanacaq bahalaşsa belə, şirkət müştərilər üçün satış qiymətini müəyyən maksimum səviyyədə saxlayacaq.
Nəticədə İtaliyadakı sürücülər yanacağı bazar qiymətindən daha ucuz və ya daha sabit qiymətlə ala biləcəklər.
Bu qərardan sonra İtaliyanın Baş naziri Giorgia Meloni Azərbaycan Prezidenti İlham Əliyevə və SOCAR prezidenti Rövşən Nəcəfə təşəkkür edib.
Meloni sentyabrın 27-də X sosial şəbəkəsində paylaşdığı mesajda bildirib ki, bu addım İtaliya ailələrinə diqqətin vacib göstəricisidir və yanacağın bahalaşmasının qarşısını almağa töhfə verə bilər.
İtaliya hökuməti son dövrlərdə enerji qiymətlərinin artması ilə bağlı şirkətləri istehlakçıları qorumaq üçün könüllü qiymət məhdudiyyətləri tətbiq etməyə çağırır.
Bu təşəbbüsə ilk qoşulan şirkətlərdən biri İtaliyanın enerji nəhəngi Eni olub.
İndi isə eyni qərarı SOCAR-ın nəzarətində olan Italiana Petroli də qəbul edib.
SOCAR 2026-cı ilin mayında Italiana Petroli şirkətinin 99,82 faizini satın alıb.
Şirkət İtaliyanın ən böyük yanacaq şəbəkələrindən biridir və ölkə üzrə minlərlə yanacaqdoldurma məntəqəsinə malikdir.



