Ermənistanda "Dağlıq Qarabağsız" konstitusiya layihəsi nədir? 5 suala cavabda

Şəklin mənbəyi, N.Pashinyan/Facebook
Noyabrın 23-də Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin hazırladığı yeni Konstitusiya layihəsini təqdim edib.
Hazırkı Konstitusiyanın preambulasında Dağlıq Qarabağa iddianı da ehtiva edən 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edilir.
1. Yeni konstitusiya layihəsində nə dəyişir?
Hazırkı Konstitusiyadan fərqli olaraq, layihənin preambulasında 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad yer almır.
Bu bəyannamədə Ermənistan SSR Ali Soveti ilə Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli birgə qərarına istinad edilir. Həmin qərar Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsini nəzərdə tuturdu.
Ermənistan hökumətinin hazırladığı konstitusiya layihəsinin preambulasında konstitusiya erməni xalqının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqil, dinc və firavan dövləti qorumaq və inkişaf etdirmək barədə kollektiv razılığı kimi təsvir edilir.
2. Azərbaycan niyə bu dəyişikliyi tələb edir?

Şəklin mənbəyi, Azərtac
Azərbaycan bunu Ermənistanın hüquqi sənədlərində Qarabağla bağlı ərazi iddiasının qalması kimi qiymətləndirilir.
Bakı hesab edir ki, belə bir istinadın Konstitusiya kimi mötəbər sənəddə qalması gələcəkdə ərazi iddialarının yenidən ortaya çıxmasına səbəb ola bilər.
Ona görə də bəyannaməyə istinadın Konstitusiyadan çıxarılmasını tələb edir və bunu Ermənistanla sülh sazişini imzalamaq üçün yeganə maneə sayır.
Ermənistan isə indiyədək bu isrtinadın ərazi iddiası yaratmadığını müdafiə edirdi.
3. Paşinyan Müstəqillik bəyannaməsinə istinadın çıxarılmasını necə əsaslandırıb?

Şəklin mənbəyi, N.Pashinyan/Facebook
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Baş nazir Nikol Paşinyan noyabrın 23-də xalqa müraciətində yeni Konstitusiya layihəsində 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını Ermənistanın "münaqişə məntiqindən" imtinası kimi təqdim edib.
Onun sözlərinə görə, əvvəlki dövlətçilik modeli vətəndaşların təhlükəsizliyi, rifahı və azadlığı üzərində deyil, münaqişə üzərində qurulmuşdu.
Paşinyan bildirib ki, yeni Konstitusiyada Ermənistanın xarici siyasətinin əsas məqsədi sülhün təmin edilməsi kimi müəyyənləşdirilir və bu, "1990-cı il Müstəqillik Bəyannaməsinin məntiqindən, yəni münaqişə məntiqindən imtina" deməkdir.
O, çıxışında Ermənistanın Üçüncü Respublikasının ideoloji təməlini də tənqid edərək deyib ki, ölkə "təhlükəsizlik, azadlıq və rifah üçün deyil, münaqişə naminə" qurulmuşdu və bunun izləri həm 1990-cı illər rəhbərlərinin çıxışlarında, həm də Müstəqillik Bəyannaməsinin mətnində görünür.
Paşinyanın fikrincə, Qarabağ münaqişəsi Ermənistanı dövlətçiliyini itirmək həddinə gətirib çıxarıb.
O, "Qarabağ münaqişəsinin yaradılmasının" Ermənistanı sülhdən uzaqlaşdıraraq dövlətçilik və müstəqillik arasında seçim qarşısında qoyduğunu iddia edib.
Baş nazir həmçinin vurğulayıb ki, bu dəyişiklik xarici təzyiq nəticəsində deyil, Ermənistanın gələcəyini beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində sülh və dövlətçilik üzərində qurmaq məqsədi daşıyır.
Onun sözlərinə görə, yeni Konstitusiya qəbul olunarsa, Ermənistan Azərbaycanla sülh sazişini imzalayıb ratifikasiya edə və "davamlı, institusional və geri dönməz sülh" qura biləcəklər.
4. Azərbaycan nə deyir?

Şəklin mənbəyi, İctimai TV
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yeni layihəni təqdir edib. Onun sözlərinə görə, Azərbaycanı bu layihədə maraqlandıran yeganə məsələ Azərbaycana ərazi iddiasını ehtiva edən istinadın çıxarılmasıdır.
Nazir bunu müsbət inkişaf kimi qiymətləndirib.
Ceyhun Bayramov deyib ki, məsələ öz yekun həllini tapdıqdan sonra sülh sazişinin imzalanması mümkün olacaq.
5. Ermənistan müxalifəti nə deyir?
Ermənistan müxalifəti layihəni sərt tənqid edir.
Onlar hesab edirlər ki, Konstitusiyanın dəyişdirilməsi Azərbaycanın təzyiqi altında həyata keçirilir və Ermənistanın milli maraqlarına ziddir.
Müxalif qüvvələr artıq referendumun keçirilməsi üçün parlamentdə lazımi dəstəyi verməyəcəklərini açıqlayıblar.



























