Ermənistanın yeni Konstitusiya layihəsi: Bakı ilə mübahisə doğuran istinad çıxarılıb

Şəklin mənbəyi, Getty
Noyabrın 23-də Ermənistan hökuməti yeni Konstitusiya layihəsini dərc edib. Hazırkı Konstitusiyadan fərqli olaraq, layihənin preambulasında 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad yer almır.
Bu bəyannamədə Ermənistan SSR Ali Soveti ilə Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli birgə qərarına istinad edilir. Həmin qərar Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsini nəzərdə tuturdu.
Azərbaycan bunu Ermənistanın hüquqi sənədlərində Qarabağla bağlı ərazi iddiasının qalması kimi qiymətləndirilir və Ermənistanla sülh sazişini imzalamaq üçün bəyannaməyə istinadın Konstitusiyadan çıxarılmasını tələb edir.
Ermənistan hökumətinin hazırladığı konstitusiya layihəsinin preambulasında konstitusiya erməni xalqının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqil, dinc və firavan dövləti qorumaq və inkişaf etdirmək barədə kollektiv razılığı kimi təsvir edilir.
Layihə ayrıca saytda yerləşdirilib
Layihə xüsusi yaradılmış internet saytında dərc olunub.
Saytda bildirilir ki, Ermənistanın dövlətçiliyini gücləndirmək və konstitusiyanın xalqın iradəsinin ifadəsi kimi qəbul edilməsini təmin etmək üçün yeni konstitusiyaya ehtiyac var.
Saytda həmçinin qeyd olunur ki, konstitusiya ümumxalq referendumu vasitəsilə qəbul edilməli və geniş ictimai dəstək və etimaddan faydalanmalıdır.
Paşinyan xalqa müraciət edib

Şəklin mənbəyi, armenpress
Baş nazir Nikol Paşinyan bu səhər xalqa müraciətində bildirib ki, hazırkı konstitusiya ölkəni dağılma həddinə gətirib çıxarıb, yeni konstitusiya isə Ermənistana "institusional sülhə" nail olmağa və xalqa xidmət edən, "cinayətkar oliqarxik sistemə" deyil, ədalət sistemini formalaşdırmağa imkan verəcək.
O, müxalifət partiyalarını ölkəni həssas vəziyyətdə saxlamaq məqsədilə yeni konstitusiyanın qəbuluna mane olmaqda ittiham edib.
Paşinyan parlament müxalifətini yeni konstitusiya üzrə referendumun keçirilməsini dəstəkləməyə bir daha çağırıb.
O, seçicilər konstitusiyanı rədd edərsə istefa verəcəyi və konstitusiya qəbul olunacağı təqdirdə növbəti parlament seçkilərində, istər planlaşdırılmış, istərsə də növbədənkənar seçkilərdə namizəd olmayacağı barədə vədini təkrarlayıb.
Müxalifət daha əvvəl hökumətin yeni konstitusiya qəbul etmək planlarını rədd etmiş və bunun Azərbaycanın tələblərindən irəli gəldiyini bildirmişdi.



























