Süni intellektlə yaradılan "qələbələr": Rusiya hərbçiləri cəbhədə uğur görüntüsünü necə imitasiya edirlər?

- Müəllif, Oleq Çernış
- Vəzifə, BBC News Ukraynaca
- Çap edildi
- Oxuma vaxtı: 6 dəq
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Rusiyanın ordu bölmələri cəbhədə qələbə görüntüsü yaratmaq üçün saxta foto və videolar hazırlayarkən süni intellekt alətlərindən getdikcə daha çox istifadə etməyə başlayıb.
BBC-nin Ukraynaca Xidmətinin Ukrayna Silahlı Qüvvələrinin komandanlığındakı mənbələri bu tendensiyanı təsdiqləyirlər.
Bununla belə, onlar bildirirlər ki, hazırda Rusiya qoşunlarının əsas taktikası hələ də "infiltrasiya" adlanan üsuldur.
Bu taktika zamanı iki-üç, bəzən isə dörd-beş nəfərlik kiçik qruplar Ukrayna mövqeləri arasından keçərək arxa cəbhəyə sızmağa çalışırlar. Onlar gizli şəkildə bina və ya sığınacaqlarda yerləşir, daha sonra isə dron kamerası qarşısında Rusiya bayrağı nümayiş etdirirlər.
Bundan sonra Rusiya Müdafiə Nazirliyi həmin yaşayış məntəqəsini "ələ keçirilmiş" ərazilər siyahısına daxil edir. Halbuki sonradan Ukraynanın axtarış və zərbə qrupları bu əraziyə sızmış hərbçiləri məhv edə bilir.
Lakin hücum qruplarını yaşayış məntəqəsinə çatdırmaq belə mümkün olmayanda, Rusiya hərbçiləri saxtakarlığa əl atırlar.
Süni intellekt texnologiyalarının köməyi ilə onlar guya ələ keçirilmiş kənd və ya şəhərlərdə çəkilmiş görüntülərə öz hərbçilərinin təsvirlərini əlavə edərək saxta kadrlar hazırlayırlar.

Şəklin mənbəyi, Telegram
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
"Sonra məlum olur ki, Rusiya hərbçiləri faktiki cəbhə xəttindən 7-10 kilometr uzaqda yerləşən kəndləri də guya "ələ keçiriblər". Halbuki biz onları həmin ərazilərdə heç yaxınlıqda belə görməmişik", - deyə BBC-nin Sumı istiqamətindəki həmsöhbəti bildirir.
Rusiya qoşunlarının guya "irəliləyişini" göstərən bu cür saxta məlumatlar Donetsk, Xarkov, Zaporojye və Liman istiqamətlərindən də yayılıb.
Bunun ən diqqətçəkən nümunələrindən biri Svyatohirsk şəhəri ilə bağlı videodur. Rusiya Prezidenti Vladimir Putin sentyabrın 1-də bu yaşayış məntəqəsinin ələ keçirildiyini elan etmişdi.
Daha sonra yayılan videoda isə guya şəhərdə olan rus hərbçisinin görüntüləri nümayiş etdirilib.
Kadrlarda süni intellektdən istifadənin əlamətləri aydın görünür. Üzü örtülü əsgər sonradan Svyatohirsk küçələrinin görüntülərinə montaj edilib və real səhnənin bir hissəsi kimi təqdim olunub.
ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu (Institute for the Study of War - ISW) bu məsələni araşdıraraq son aylarda Rusiya hərbçiləri və hərbi bloqçular tərəfindən ordunun guya uğurlarını göstərən onlarla belə videonun yayımlandığını müəyyən edib.
ISW-nin icmalında nə deyilir?
ISW hesab edir ki, bu foto və videolar Rusiyanın cəbhədə təşəbbüsü əlində saxladığı təəssüratını yaratmaq və vəziyyəti Ukraynanın müdafiə xəttinin bütün döyüş bölgəsi boyunca dağıldığı kimi göstərmək məqsədi daşıyır.
"Süni intellektlə redaktə edilmiş videoların hazırlanması daha çox ayrı-ayrı rusiyalı hərbi müxbirlərin və bəzi hərbi bölmələrin təşəbbüsünə bənzəyir. Bu, hələlik genişmiqyaslı, mərkəzləşdirilmiş və ya standartlaşdırılmış hərbi təcrübə kimi görünmür", - deyə hesabatda bildirilir.
ISW müəyyən edib ki, Rusiya mənbələri süni intellektlə işlənmiş və bayraq qaldırılması səhnələrini əks etdirən videoları kütləvi şəkildə 2026-cı ilin iyunundan paylaşmağa başlayıblar.
2026-cı il iyunun 1-dən avqustun 30-dək ISW-də süni intellektdən istifadə olunduğu ehtimal edilən ən azı 35 video qeydə alınıb. Bu cür məzmunu aşkar etmək üçün istifadə olunan proqram təminatı isə yüksək ehtimalla həmin videolardan azı 10-nun süni intellekt vasitəsilə dəyişdirildiyini müəyyən edib.
Belə videoların ümumi sayının daha çox olduğu ehtimal edilir. Çünki süni intellektlə hazırlanmış materialları aşkarlayan alətlər hələ də məhduddur və təcrübəli müşahidəçinin asanlıqla görə bildiyi bəzi dəyişiklikləri həmişə müəyyən edə bilmirlər.
ISW süni intellektlə dəyişdirilmiş Rusiya bayrağı videolarını ilk dəfə 2026-cı il iyunun 11-də qeydə alıb. Həmin ayın sonunadək Rusiya mənbələri süni intellektdən istifadə edilməklə hazırlanmış ola biləcək ən azı səkkiz belə video yayıblar.
Müharibənin Öyrənilməsi İnstitutu həmçinin müəyyən edib ki, iyul və avqust aylarında Rusiya mənbələri tərkibində süni intellektlə dəyişdirilmiş kadrlar olan müvafiq olaraq ən azı 13 və 14 video dərc ediblər.

Şəklin mənbəyi, Telegram
ISW hesab edir ki, Rusiya hərbçiləri Rusiyanın Ukraynadakı qələbəsini qaçılmaz kimi təqdim etmək üçün koqnitiv müharibə kampaniyası çərçivəsində süni intellekt vasitəsilə işlənmiş materiallardan istifadə edirlər.
Süni intellektlə yaradılmış məzmunu aşkarlayan kommersiya proqramları göstərir ki, təhlil edilən videolar Sora və Seedance modellərinin köməyi ilə hazırlanıb.
Sora və Seedance istifadəçinin daxil etdiyi mətn və ya istinad materialları əsasında video yaradan generativ süni intellekt modelləridir.
Sora 2024-cü ildə süni intellekt sahəsində fəaliyyət göstərən Amerikanın OpenAI şirkəti tərəfindən təqdim olunub.
Seedance isə bir il sonra, süni intellekt və sosial şəbəkələr sahəsində çalışan Çinin ByteDance şirkəti tərəfindən istifadəyə verilib.
Saxta video nümunələri
2026-cı il iyulun 27-də Rusiyanın hərbipərəst "Divgen" Telegram kanalı Xarkov vilayətinin Biliy Kolodez qəsəbəsinin şərq kənarında rusiyalı hərbçinin bayraq qaldırdığını göstərən video yayıb.
Rusiya və Ukrayna mənbələri videonun süni intellekt vasitəsilə redaktə olunduğunu bildiriblər. Buna səbəb hərbçinin bədən quruluşundakı qeyri-təbii fiziki nisbətləri və onun kadrdan qəfil yoxa çıxması olub.
Rusiya Müdafiə Nazirliyi bu yaşayış məntəqəsinin ələ keçirildiyini avqustun 3-də elan edib.
Avqustun 24-də Rusiya ordusunun "Vostok" qoşun qrupunun fəaliyyət zonasından tez-tez görüntülər paylaşan Z-bloqçu Voin DV Zaporojye vilayətinin Dolinka kəndində rusiyalı hərbçilərin bayraq qaldırdığını əks etdirən video yayıb.
Həmin videoda da hərbçilərin bədən proporsiyalarında oxşar uyğunsuzluqlar müşahidə olunur.
Elə həmin gün Rusiya Müdafiə Nazirliyi bu kəndin də ələ keçirildiyini açıqlayıb.
ISW qeyd edir ki, Rusiya mənbələri videolarda süni intellektlə yaradılmış və ya dəyişdirilmiş hərbçilərin ekranda göründüyü vaxtı azaltmaq üçün panoram və "zoom" üsullarından istifadə edirlər və buna görə də görüntülərdəki uyğunsuzluqları aşkar etmək çətinləşir.
Süni intellektlə redaktə edildiyi ehtimal olunan videolarda tez-tez montaj keçidləri, xaotik yaxınlaşdırma və ya panoram hərəkətləri, həmçinin təsvir olunan rusiyalı hərbçilərin və bayraqların ətrafındakı kölgələrdə uyğunsuzluqlar görünür.
Montajın məqsədi iki ayrı səhnəni birləşdirməkdir: bir tərəfdə bayraq yelləyən rusiyalı əsgərin yaxın plandakı görüntüsü, digər tərəfdə isə hadisənin guya baş verdiyi yaşayış məntəqəsinin ümumi görüntüsü.
Aşkar olunan bu uyğunsuzluqlar göstərir ki, süni intellekt modelləri hələ də rusiyalı hərbçilərin inandırıcı təsvirlərini yaratmaq və ya mürəkkəb səhnələri realistik şəkildə animasiya etməkdə çətinlik çəkirlər.
Ehtimal ki, Rusiya mənbələri məhz süni intellekt modelləri üçün ilkin material kimi istifadə etmək məqsədilə cəbhəyanı yaşayış məntəqələrində video çəkirlər.
Bəzi rusiyanyönlü «hərbi müxbirlər» geolokasiyanı asanlaşdırmaq üçün süni intellekt vasitəsilə işlənmiş videolarına bayrağın qaldırıldığı yeri göstərən xəritələr və ya orientirlər əlavə edirdilər.
Müharibənin Öyrənilməsi İnstitutu vurğulayır ki, belə videolarda süni intellekt manipulyasiyalarını üzə çıxarmaq üçün əsas diqqət geolokasiya məlumatlarının yoxlanmasına deyil, görüntülərdəki hərbçilərin və ya bayraqların təhlilinə yönəldilməlidir.

Şəklin mənbəyi, Telegram
Müharibənin Öyrənilməsi İnstitutu (ISW) süni intellektlə redaktə edildiyi ehtimal olunan və ya buna dair şübhələrin olduğu videolarda ən azı 10 alay və briqadanın iştirak etdiyini qeydə alıb.
Bundan əlavə, belə videolardan Rusiya hərbi komandanlığı hesabatlarında da istifadə edib.
Avqustun 27-də Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimov bildirib ki, Rusiya qoşunları Slavyansk-Kramatorsk istiqamətində irəliləyiş əldə edib və Donetsk vilayətindəki Piskunovka kəndini ələ keçirib.
Süni intellektlə yaradılmış məzmunu aşkarlayan kommersiya proqramları yüksək ehtimalla müəyyən edib ki, Piskunovkada rusiyalı hərbçiləri göstərdiyi iddia olunan bir neçə səhnə süni intellekt modelləri vasitəsilə dəyişdirilib.
İyulun 3-də və 4-də Rusiya mənbələri Konstantinovkada rusiyalı hərbçilərin bayraq qaldırdığını göstərdiyi iddia edilən azı dörd video yayıblar. Həmin videolarda süni intellektdən istifadə olunmasına dair şübhələr və ya təsdiqlənmiş əlamətlər mövcuddur.
Rusiya mənbələri, həmçinin, Ukrayna qüvvələrinin Aleksandrovsk istiqamətində təsdiqlənmiş ərazi uğurlarını "təkzib etmək" üçün də ehtimal ki, süni intellektlə redaktə olunmuş videolardan istifadə ediblər.
Avqustun 12-də Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna ordusu Aleksandrovsk istiqamətində əks-hücum əməliyyatlarını başa çatdırıb və 26 yaşayış məntəqəsini nəzarətə götürüb.
Avqustun 14-də Rusiya mənbəsi Rusiya hərbçilərinin Ukrayna qoşunları tərəfindən azad edilmiş bir neçə yaşayış məntəqəsində mövqelərini saxladığının iddia olunduğu video dərc edib.
Süni intellekt məzmununu aşkarlayan proqramlar yüksək ehtimalla müəyyən edib ki, Dnepropetrovsk vilayətinin Novonikolayevka və Zlaqoda kəndlərində, eləcə də Zaporojye vilayətinin Privolnoye kəndinin şimal hissəsində, Rıbnoye, Krasnoqorskoye və Novoqriqorovka yaşayış məntəqələrində rusiyalı hərbçilərin göründüyü iddia edilən səhnələr süni intellekt vasitəsilə dəyişdirilib.
Rusiya hakimiyyəti indiyədək hərbçilərinin süni intellektlə montaj edilmiş videolardan istifadə etməsi ilə bağlı məlumatlara münasibət bildirməyib.
Prezident Vladimir Putinin sözlərinə görə, Rusiya ordusunun hücumu bütün cəbhə istiqamətlərində inamla davam edir.




























