Rusiya ilə boşanma, Avropa ilə nişan? Ermənistandakı seçkilərdən nə gözləməli: BBC-nin təhlili

Şəklin mənbəyi, Reuters
- Müəllif, Qriqor Atanesyan
- Vəzifə, BBC
- Çap edildi
- Oxuma vaxtı: 9 dəq
Ermənistanda və onun ətrafında yığılıb qalmış xarici və daxili ziddiyyətlər, bazar günü, iyunun 7-də keçiriləcək seçkilər ərəfəsində üzə çıxdı. Bu seçkilər ölkənin gələcək onilliklər üçün kursunu müəyyən edə bilər.
Rusiya Yerevandan özü ilə Qərb arasında seçim etməyi tələb edərək ona təzyiq göstərir və əgər seçim Avropa İttifaqının xeyrinə olarsa, dəhşətli nəticələrlə hədələyir.
Eyni zamanda ölkə daxilində baş nazir Paşinyan opponentlərini "əymək və məhv etmək"lə hədələyir, güc strukturları isə müxalifət liderlərinə qarşı cinayət işləri açırlar.
Bütün tərəflər öz təşviqatlarında manipulyasiyalardan, feyklərdən (yalan xəbərlərdən) və dövlətə xəyanət ittihamlarından istifadə edirlər.
Döyüş ardınca döyüş: Paşinyan seçkilərə necə hazırlaşırdı?

Şəklin mənbəyi, AFP via Getty Images
Nikol Paşinyanın səkkiz illik baş nazirliyi dövründə Ermənistan müharibədə məğlubiyyətə uğradı və ağır sarsıntılar yaşadı, lakin hakimiyyətin tənqidçiləri cəmiyyətə layiqli alternativ təklif edə bilmədilər. Müxalifətin maliyyə və ideoloji mərkəzləri olaraq, xalqın şüurunda korrupsiya ilə əlaqələndirilən və populyar olmayan keçmiş prezidentlər qalırdı.
Bu şəraitdə Paşinyan çoxsaylı böhran və qalmaqallara baxmayaraq hakimiyyəti qoruyub saxlaya bildi. Zaman keçdikcə onun işləri yaxşılığa doğru getdi. Rusiyanın Ukraynaya hücumundan sonra ordan gələn insan və kapital axını Ermənistan iqtisadiyyatı üçün bir hədiyyə oldu. ÜDM-in rekord artımı sosial gərginliyi azaltdı və hakimiyyətə yollar çəkməyə, məktəbləri və uşaq bağçalarını təmir etməyə, həmçinin ümumi tibbi sığorta sistemini işə salmağa imkan verdi.
ABŞ-ın iştirakı ilə Azərbaycanla aparılan danışıqlardakı irəliləyiş də Paşinyanın köməyinə çatdı ki, bunun da bir hissəsi "Tramp marşrutu" haqqında müqavilə oldu. Ermənistanın müstəqillik tarixində ilk dəfədir ki, onun sakinlərinin üzərində yeni müharibə təhlükəsi yoxdur. Azərbaycanla sülhün qarşılığı erməni əhalisinin Dağlıq Qarabağdan köçməsi oldu və Qarabağ qaçqınları hökuməti vətənlərini təslim etməkdə ittiham edirlər. Lakin onların etirazı geniş dəstək qazanmadı.
Bütün bunlar qarşıdan gələn səsvermədə hakim "Mülki Müqavilə" partiyasının rahat qələbəsi üçün şərait yaradırdı, lakin Paşinyan seçkiqabağı mübarizəyə laqeyd yanaşmamaq qərarına gəldi. Müxalifət hələ namizədlərini müəyyənləşdirməmiş və seçki qərargahlarını açmamışdan xeyli əvvəl baş nazir Erməni Apostol Kilsəsinin rəhbərliyinə qarşı genişmiqyaslı kampaniyaya başladı. Kilsə dövlətdən ayrıdır və birbaşa siyasətlə məşğul olmur, lakin siyasi müxalifətdən fərqli olaraq, o, cəmiyyətin mühafizəkar hissəsinin səsi rolunu oynayır və böyük hörmətə malikdir.
Paşinyan və onun ətrafı yepiskopları Kremlə işləməkdə, eləcə də qeyri-əxlaqi davranışda ittiham edirlər. Nə birincisi, nə də ikincisi məhkəmədə sübuta yetirilməyib. Kilsədə isə bu hücumları xristianlığa qarşı mübarizə adlandırırlar. Kilsənin əsas hamisi (mesenatı), Rusiya-Ermənistan milyarderi Samvel Karapetyan kilsənin müdafiəsinə qalxdıqda, o, həbs olundu və hakimiyyəti ələ keçirməyə çağırışda ittiham edildi. Ona məxsus olan "Ermənistan Elektrik Şəbəkələri" isə dövlətin nəzarətinə verildi.

Şəklin mənbəyi, TASS
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Ermənistan hakimiyyəti iddia edir ki, Karapetyanın da arxasında Kreml və FTX (Federal Təhlükəsizlik Xidməti) dayanır. İş adamı FTX-yə işlədiyini təkzib edir. Hər halda, Paşinyan opponentinin Rusiya ilə əlaqəsini qabartmaq üçün onu "Kaluqa oliqarxı" adlandırır – Karapetyan uzun müddət Kaluqada yaşayıb və işləyib.
Həbs olunana qədər Karapetyan Ermənistan siyasətində açıq şəkildə iştirak etmirdi, lakin bu hadisədən sonra o, "Güclü Ermənistan" partiyasını yaratdı və Karapetyanın, eləcə də Erməni Kilsəsinin müdafiəsi üçün Qərb mediasında genişmiqyaslı piar-kampaniya başladan vəkillər tutdu. İş adamını ikinci vətənində də unutmadılar: Vladimir Putin Paşinyan qarşısında onun üçün vəsatət qaldırdı.
Karapetyan partiyasının seçkiqabağı afişalarından geniş təbəssümlə baxsa da, ikinci və üçüncü vətəndaşlığı (Rusiya və Kipr) olduğu üçün seçkilərdə iştirak edə bilmir. "Güclü Ermənistan" partiyasının seçki siyahısına onun qardaşı oğlu Narek rəhbərlik edir. May ayında Ermənistan hakimiyyəti ona qarşı da cinayət işi açıb.
Sosioloji sorğulara əsasən, məhz Karapetyanların partiyası növbəti parlamentdə əsas müxalif qüvvəyə çevrilə bilər. Samvel Karapetyan 8%-lik etimad reytinqi ilə Ermənistanda ikinci ən populyar siyasətçi olub (müqayisə üçün, Paşinyanda bu göstərici 29%-dir).
Və əgər Paşinyan öz opponentlərini dövlətə xəyanətdə ittiham edirsə, onlar da ona eyni cür cavab verirlər – sadəcə bu halda "xaricdəki sahiblər" qismində Moskva yox, Ankara və Bakı göstərilir. Hakim partiya kimi, onlar da heç bir ciddi sübut təqdim etmirlər.
Hər halda, müxalifət sıralarında yeni simaların peyda olması qarşıdakı seçkilərdə hakimiyyəti ciddi nəticələrlə hədələmir. Ekspertlər hakim partiyanın qələbəsini və Paşinyanın yenidən baş nazir seçiləcəyini proqnozlaşdırırlar.
İntriqa daha çox seçkilərdən sonra nə baş verəcəyindədir.
Boşanma ərəfəsində olan nikah: Rusiya Ermənistanı necə itirir

Şəklin mənbəyi, Reuters
Ermənistan hakimiyyəti Kreml agentlərinin ovlanması barədə təkcə öz elektoratına deyil, həm də Avropa liderlərinə danışır. Paşinyan və onun tərəfdarları onlarla ünsiyyətdə Ermənistanı Rusiya müstəmləkəçiliyinin buxovlarını atmış və Avropa İttifaqına daxil olmağa hazır olan Ukrayna və Moldova kimi gənc bir demokratiya kimi təqdim etməyə çalışırlar.
May ayında keçirilən Avropa Siyasi Birliyinin sammitində və Avropa İttifaqı-Ermənistan sammitində Fransa prezidenti Emmanuel Macron əmin edirdi ki, "Ermənistan qətiyyətlə Avropaya tərəf addımlayır", Avropa diplomatiyasının rəhbəri Kaya Kallas isə Yerevan üçün Avropa İttifaqına üzvlüyün açıq ola biləcəyinə işarə edirdi. Reallıqda isə hələlik söhbət heç Aİ-yə namizəd ölkə statusundan da getmir. Hazırda yalnız Ermənistan vətəndaşları üçün Avropaya vizasız gediş-gəliş müzakirə olunur.
Lakin Yerevanın ritorikası Kremli qəzəbləndirir və orada tez-tez xatırladırlar ki, Aİ-yə daxil olmaq, Ermənistanın böyük fayda götürdüyü, Moskvanın rəhbərlik etdiyi gömrük bloku olan Avrasiya İqtisadi İttifaqına üzvlüklə bir araya sığmır.
Rusiya Ermənistanın əsas ticarət tərəfdaşıdır və Avrasiya İqtisadi İttifaqına üzvlük rüsumsuz ticarət, əmək miqrantları üçün asanlaşdırılmış şərtlər deməkdir, həmçinin qaz qiymətində əhəmiyyətli güzəştlə müşayiət olunur. Ermənistan hakimiyyəti indiki zamandakı hiss olunan iqtisadi mənfəətlə gələcəkdəki uzaq avrointeqrasiya perspektivi arasında seçim etmək istəmir. Onlar bildirirlər ki, seçim vaxtı çatanda ediləcək, hələlik isə o vaxt gəlməyib.
Hərçənd Moskva səkkiz il ərzində Paşinyanla işləməyi və onun ünvanına etdiyi hücumları görməzdən gəlməyi öyrənsə də, bu dəfə Putin təkid edir ki, Yerevan bir qərara gəlməlidir – Rusiya ilə qalmaq, yoxsa Aİ-yə can atmaq. Özünün keçmiş həyat yoldaşı ilə boşanmasından on üç il ötən Rusiya prezidenti belə demişdi: "Buna uyğun olaraq biz də müvafiq nəticələr çıxarardıq və yumşaq, belə intellektual və qarşılıqlı faydalı boşanma yolu ilə gedərdik".
Ermənistan rəhbərliyinin isə bu bənzətmədən xoşu gəlmədi. Keçən ilki boşanması sarı mətbuatda müzakirə mövzusuna çevrilən parlament spikeri Alen Simonyan bəyan etdi: "Bu, siyasətdir, nikah və aliment deyil. Biz aliment istəmək və ya uşaqları bölüşmək fikrində deyilik və bu cür söhbətlərin əleyhinəyik".

Şəklin mənbəyi, AFP via Getty Images
Putinin ardınca Dövlət Dumasının spikeri Volodin, Rusiya Təhlükəsizlik Şurasının katibi Şoyqu və onun bəlağətli müavini, eks-prezident Medvedev də Yerevana qarşı iddialar və hədələrlə çıxış etdilər. Onlar xəbərdarlıq edirlər ki, Avropa seçimi Rusiya ilə azad ticarətin sonu, yüksək qaz qiymətləri və digər xoşagəlməz nəticələr demək olacaq.
Sözdən əmələ keçərək, Rusiya may ayında Ermənistandan tərəvəz, meyvə, konyak, şərab, mineral su və gül idxalını məhdudlaşdırdı.
Yerevandakı Regional Demokratiya və Təhlükəsizlik Mərkəzinin direktoru Tiqran Qriqoryan hesab edir ki, Moskvanın Ermənistanda baş verənlərə əvvəlkindən daha sərt reaksiya verməsinin səbəbi hazırda ölkədəki mühüm Rusiya aktivlərinin təhlükə altında olmasıdır.
O hesab edir ki, Kremli Paşinyanın Ermənistan dəmir yollarının imtiyazlı idarəçiliyini Rusiyadan alıb başqa bir ölkəyə (hazırda Qazaxıstan əsas namizəd hesab olunur) vermək istəyi narahat edir.
"Hər hansı bir razılaşdırılmamış addım Rusiya üçün qırmızı xətdir. Orada bu konsessiya müqaviləsindən, dəmir yollarına nəzarət və idarəetmədən imtina etməyə heç bir halda hazır deyillər", — deyə ekspert "Civilnet" nəşrinin podkastında bildirib.
Bundan əlavə, "Rosatom" Ermənistanda yeni atom elektrik stansiyası tikmək istəyir, lakin Yerevan podratı ona verməyə tələsmir və ABŞ və Fransa ilə danışıqlar aparır.
Politoloq Mikael Zolyan hesab edir ki, Kremldə Ermənistandakı mövqelərini itirmək riski ilə üzbəüz qaldıqlarını yalnız indi dərk ediblər.
"Ermənistan ilk dəfədir ki, Qərb ilə Rusiya arasında geosiyasi rəqabət meydanına çevrilib. Əvvəllər Moskva, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Ermənistanı özünün təsir dairəsi hesab edirdi", — deyə Paşinyanın blokundan olan keçmiş parlament deputatı Zolyan yazır.
"İndi isə Ermənistan hakimiyyəti "dekolonizasiya"dan (müstəmləkəçilikdən azad olmaqdan), ABŞ ilə əməkdaşlıqdan və Aİ ilə inteqrasiyadan danışır. Paşinyanın kampaniyasının əsas kozırı — Qərblə yaxınlaşma və ABŞ-ın vasitəçiliyi ilə Azərbaycanla bağlanmış Vaşinqton razılaşmalarıdır".
Əymək və məhv etmək: Ermənistan demokratiyasının xüsusiyyətləri

Şəklin mənbəyi, t.me/nikol_pashinyan_pm
Fransa prezidenti Macron Yerevana səfəri zamanı bəyan edib ki, Ermənistan öz demokratiyasını möhkəmləndirib. Onlar Paşinyanla birlikdə ölkə daxilində kiçik bir tura çıxdılar və bu turun himni fransız-erməni şansonye Şarl Aznavurun "La Bohème" mahnısı oldu. Macron hətta rəsmi şam yeməyində bu mahnını oxudu, Paşinyan isə zərb alətlərində onu müşayiət etdi.
May ayında Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və digər Avropa liderləri də Yerevanın demokratiyaya və Avropa dəyərlərinə sadiqliyindən danışmışdılar.
Ermənistanın daxilindən isə mənzərə daha az parlaq görünür. "Biz sürətli templərlə antidemokratik istiqamətdə hərəkət edirik", — deyə politoloq Tiqran Qriqoryan hesab edir.
Son illərdə hakimiyyəti tənqid edən müxalifətçilər, blogerlər və ictimai xadimlər, həmçinin Erməni Kilsəsinin rəhbəri və onun yepiskopları cinayət işlərinin fiqurantına çevriliblər. Çox vaxt buna Paşinyanın etdiyi tənqidlər zəmin yaradıb.
May ayının ortalarında Artur Osipyan adlı Qarabağ qaçqını baş nazirlə ərazinin taleyi ilə bağlı mübahisə etdi. Baş nazir özünü itirdi və söhbətləri Osipyanın cangüdənlər və hökumət tərəfdarları tərəfindən zorla sürülüb aparılması ilə başa çatdı.
Daha sonra Paşinyan meqafonla təhqirlərə başladı: "Qarabağ məsələsi olan vaxtı gedib ölərdilər, bəs sən niyə hələ də sağsan?!" və "Hey, alçaq! Niyə sağsan? Gedib ölməli idin." (Yeri gəlmişkən,deyilənə görə, Osipyan İkinci Qarabağ müharibəsi zamanı cəbhə xəttində vuruşub.)
Həmin mitinqdə Paşinyan təhqirlər yağdırmağa və öz tənqidçilərini hədələməyə davam etdi. "Hamınızı əyəcəm və məhv edəcəm!", — deyə qışqıran Paşinyan əsas müxalifət partiyalarının liderlərinin adlarını çəkdi.
Elə həmin gün baş nazirlə mübahisə etməyə cürət edən Osipyan saxlanıldı, daha sonra isə məhkəmə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçdi. O, istintaq təcridxanasında aclıq aksiyasına başladı. Osipyanın həbsi Ermənistan cəmiyyətini şoka saldı. Ermənistanın insan hüquqları qruplarının, o cümlədən hakimiyyətyönlü qrupların birgə bəyanatında ona qarşı irəli sürülən ittihamlar "qanunsuz, əsassız və siyasi motivli" adlandırılır.

Şəklin mənbəyi, Azatutyun.am
Son bir həftə ərzində Paşinyan mitinqdə müxalifət partiyalarından birinin liderinə qarşı cinayət işi açılacağını anons etdi və həqiqətən də iş qaldırıldı. Digər bir müxalifətçinin, hazırkı deputatın evində isə axtarışlar aparıldı.
Paşinyan həmçinin başqa bir partiya rəhbərinin biznesini milliləşdirmək planlarını bəyan etdi və elə həmin gün Baş Prokurorluq həmin şirkətin özəlləşdirilməsində qanun pozuntuları aşkar etdi. Daha əvvəl isə Yerevan ətrafında yaşayan bir sakin hakim partiyanın seçkiqabağı afişasını cırdığı üçün saxlanılmışdı. Polis onu psixi xəstə hesab edərək psixiatriya xəstəxanasına yerləşdirmiş, o isə bir neçə saat sonra orada intihar etmişdi.
"Hakimiyyət tək bir adamın əlində cəmləşib, — deyə Tiqran Qriqoryan bildirir. — Hakim partiyanın lideri Nikol Paşinyan həm hüquq-mühafizə, həm də məhkəmə sisteminə əhəmiyyətli dərəcədə nəzarət edir".
Təhlilçi ehtimal edir ki, seçkilərdən sonra müxalifətə qarşı kampaniya və hakimiyyətin mərkəzləşdirilməsi daha da güclənəcək — o cümlədən ona görə ki, hüquq müdafiəçiləri və ictimai xadimlər xoşlarına gəlməyən və ideoloji ixtilafları olan müxalifətçilərin təqib edilməsinə göz yumurlar.
Lakin Qərbdə də həbsləri və cinayət işlərini görməzdən gəlirlər. Əgər əvvəlki rejim dövründə Avropa diplomatları müxalifətçilərin təqib olunması ilə bağlı mütəmadi olaraq narahatlıqlarını ifadə edirdilərsə, sonuncu cinayət işlərinin heç biri şərhə belə layiq görülməyib — əksinə, Ermənistan demokratiyasının ünvanına yalnız təriflər səsləndirilir.
Mart ayında Ermənistanda "Human Rights Watch" təşkilatının keçmiş rəhbəri, hazırda Prinston Universitetinin dəvət olunmuş professoru Kennet Rot olub. O, belə bir qənaətə gəlib ki, Qərbin susqunluğu geosiyasi hesabla bağlıdır.
"Paşinyan Avropanın onun müxalifətlə apardığı mübarizəyə qarşı hər hansı etirazını necə neytrallaşdırmağın yolunu tapıb: o iddia edir ki, Rusiya təsiri ilə mübarizə aparır, Avropa liderləri də ona inanırlar", — deyə Rot yazır.
O hesab edir ki, Brüsseldə "onun liderinin Qərbin guya qorumalı olduğu dəyərləri necə sarsıtdığına məhəl qoymayaraq, [Ermənistanı] Qərb istiqamətinə itələməyə davam etməyə hazırdırlar".
Paşinyan özü isə hər halda əmin edir ki, Ermənistanın nə demokratiya ilə, nə də Rusiya ilə münasibətlərində heç bir problemi yoxdur. "Ermənistan demokratik ölkədir və bizdə, demək olar ki, həmişə siyasi proseslər gedir, bu isə bizim üçün artıq adi bir şeydir", — deyə o, aprelin əvvəlində Kremldə Putinlə apardığı danışıqlarda bildirib.
O əlavə edib ki, Ermənistan həbsxanalarında siyasi məhbuslar yoxdur, sosial şəbəkələr tamamilə azaddır, bəzi vətəndaşlara isə elə gəlir ki, ölkədə hətta həddindən artıq çox demokratiya var.
"Mən əminəm ki, qarşıdakı seçkilərimizin nəticələrinə görə Ermənistanda demokratiya və xalqın hakimiyyəti daha da möhkəmlənəcək, seçkilərdən sonra [Ermənistan-Rusiya] münasibətləri də dinamik şəkildə inkişaf etməkdə davam edəcək", — deyə Paşinyan Rusiya liderini əmin edib.























