Anar Məmmədliyə 13 il, Anar Abdullayevə 12 il həbs verilib

Şəklin mənbəyi, akinchi.org
- Müəllif, BBC Monitorinq
- Çap edildi
- Oxuma vaxtı: 2 dəq
Bakıda məhkəmə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli barəsində 13 il müddətinə həbs qərarı çıxarıb.
İctimai fəal Anar Abdullayev isə 12 il müddətinə həbs edilib.
Onlar "qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması, qaçaqmalçılıq, vergidən yayınma, sənədlərin saxtalaşdırılması və saxta sənədlərdən istifadədə" ittiham olunurlar.
Anar Məmmədlinin cəzasını ciddi rejimli, Anar Abdullanın isə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyi bildirilir.
Həm Məmmədli, həm də Abdullayev ittihamları rədd edib.
Onlar cinayət təqibinin siyasi motivli olduğunu və onların ictimai fəaliyyəti ilə əlaqəli olduğunu bildiriblər.
Yerli və beynəlxalq insan hüquqları təşkilatları onları "siyasi məhbus" kimi tanıyıb.
Anar Məmmədli 2024-cü il aprelin 29-da Abzas Media işi ilə əlaqədar saxlanıb, saxlanmasından sonra bir çox beynəlxalq təşkilatları bundan narahat olduqlarını bildiriblər.
Məmmədli ilə birgə ittiham olunan Anar Abdullayev isə aprelin 8-də təqsirli bilinib və barəsində məhkəməyədək polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib. O 2025-ci ilin avqustunda həbs olunub.
Anar Məmmədli bundan əvvəl 2014-cü ildə həbs olunub və 2016-cı ildə prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb. O, Azərbaycanda azad və ədalətli seçkilərin təşviqi sahəsində fəaliyyətinə görə 2014-cü ildə Vaclav Havel İnsan Hüquqları Mükafatına layiq görülüb.

























