You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Avropa yenidən Rusiyadan neft və qaz alacaqmı?
- Müəllif, Aleksey Kalmıkov
- Vəzifə, BBC
- Oxuma vaxtı: 6 dəq
Avropa Kremlin yaratdığı energetika böhranından yenicə özünə gəlmişdi ki, yenisi baş verdi.
ABŞ-ın İranla müharibəsi səbəbindən dünya neft və qaz tədarükünün təxminən 15%-ni itirdi.
Qıtlıqla mübarizə üçün Donald Trump Rusiyaya qarşı sanksiyaları yumşaltdı, Aİ-də isə Rusiya neft və qazına tətbiq olunacaq tam embarqodan imtina edilməsinin lehinə səslər yüksəlməyə başladı.
Avropa Rusiya ilə enerji sahəsindəki əməkdaşlığa son qoyulması prosesini dayandira və Kremlin Trump-ın İranla müharibəsindən pul qazanmasına imkan verə bilərmi?
Müharibənin ilk 44 günü ərzində qiymət artımı Aİ-yə əlavə 22 milyard avroya - gündə orta hesabla yarım milyarda başa gəlib.
Aviasiya kerosini qıtlığı aviaşirkətləri uçuş cədvəllərini ixtisar etməyə məcbur edir, işıq və istilik qiymətləri göz görə-görə artır, bahalaşan benzin və dizel isə əhalinin, şirkətlərin və dövlət gəlirlərinin azalması ilə hədələyir, yeni inflyasiya dalğası və iqtisadi artımın ləngiməsini vəd edir.
Yeni böhranla mübarizə aparmaq üçün Avropanın pulu yoxdur .O, onsuz da əvvəlcə kovid dövründə, sonra isə Kremlin Ukraynaya müdaxiləsi ərəfəsində və ondan sonra başladığı qaz müharibəsinin törətdiyi ilk energetika böhranı zamanı hədsiz xərclərə yol verib.
Aİ növbəti antiböhran planını rəsmiləşdirir (o, gələn həftə təqdim olunacaq) və kəskin mübahisə edir ki, nəyi yanlış etdilər, əvvəlki böhrandan sonra həyata keçirilən Avropanın enerji təhlükəsizliyinin müdafiəsi planı onu niyə yeni fəlakətdən qoruya bilmədi?
Bəziləri deyir ki, günah Almaniyanın nüvə enerjisindən imtina etməsindədir. Digərləri hesab edir ki, iqtisadiyyatı daha aktiv şəkildə elektrikləşdirmək lazım idi. Lakin elələri də var ki, Rusiya ilə bu qədər sürətli və qətiyyətli şəkildə əlaqələri kəsməyin yanlış olduğunu iddia edirlər.
Rusiya Ukrayna müharibəsinə qədər Avropa İttifaqının ən yaxın və ən zəngin satış bazarının ən böyük enerji resursları tədarükçüsü idi.
İndi o, ikinci dərəcəli rol oynayır.
Aİ Rusiya kömürünün idxalından dərhal imtina etdi, qazı 2027-ci ilin sonundan etibarən qadağan edəcək, neftə qarşı tam embarqonu isə aprelin ortalarında elan etməyi planlaşdırırdı, lakin yeni böhran səbəbindən bunu təxirə saldı.
Avropa yenidən Rusiyadan neft və qaz almağa hazırdırmı?
Xeyr, hazır deyil – məmurlar və siyasətçilər bir ağızdan belə deyirlər.
"Yeni böhran şəraitində bəziləri Rusiyadan qazıntı yanacağı alışına qayıtmağı təklif edir. Bu, strateji səhv olardı, - deyə İran müharibəsi başladıqdan sonra faktiki olaraq Aİ-nin Baş naziri sayılan Ursula fon der Lyayen bildirib, - Əlbəttə, uzunmüddətli strategiyamızın icrasında daha praqmatik və ağıllı ola bilərik, lakin istiqamət doğru seçilib".
Rusiyaya qarşı sanksiyaların yumşaldılmasının lehinə İtaliyanın ən böyük energetika şirkəti olan "Eni"nin rəhbəri Klaudio Deskalzi çıxış edib.
O, Avropa İttifaqını 2027-ci ilə planlaşdırılan Rusiya qazından tam imtinanı təxirə salmağa çağırıb.
"Bunu başa düşməyəcəksiniz", - deyə İtaliyanın Baş naziri Giorgia Meloni neft sənayesinin rəhbərinə cavab verib.
"Deskalzinin mövqeyi başa düşüləndir, amma unutmamalıyıq ki, Rusiyaya iqtisadi təzyiq son illərdə Ukraynada sülhə nail olmaq üçün ən təsirli silah olub", - deyə Meloni bildirib.
"Gözləməyin", - deyə İtaliyanın Baş naziri Corcia Meloni neftçilərə cavab verib.
"Deskalzinin mövqeyi aydındır, lakin unutmaq lazım deyil ki, son illərdə Rusiyaya qarşı iqtisadi təzyiq Ukraynada sülhə nail olmaq üçün ən effektiv silah olub", - Meloni deyib.
Yeni böhran - hər şey nə dərəcədə ciddidir?
Fars körfəzində Hörmüz boğazının blokadaya alınması səbəbindən dünya neft tədarükünün ən azı 12%-i və dünya bazarındakı bütün qaz təklifinin təxminən 17%-i ən azı ay yarım müddətinə bloklanıb.
Onları əvəz edəcək heç nə yoxdur, lakin qıtlığı dünyanın ən böyük neft və qaz istehsalçısı olan ABŞ-dan tədarükü artırmaq və strateji rezervlərdən neft satmaqla qismən kompensasiya etmək olar.
Lakin bu, müvəqqəti tədbirdir; itirilən həcmin ən çoxu 10-20%-ni əvəzləyəcək və bu, əsasən qaza deyil, neftə aid olacaq.
Bu, Avropa üçün pis xəbərdir, çünki o, qaz və neft məhsullarının, ilk növbədə aviasiya kerosininin idxalından asılıdır.
Avropa aviasiya yanacağının təxminən üçdə birini xaricdən alır və bu idxalın 75%-i Yaxın Şərqdən gəlirdi.
Aviaşirkətlər artıq yanacağın fiziki çatışmazlığı ilə üzləşiblər və uçuş cədvəllərini yenidən qurmağa məcburdurlar.
Almaniyanın "Lufthansa" və Hollandiyanın "KLM" şirkətləri artıq reyslərin ləğv ediləcəyi barədə xəbərdarlıq ediblər.
"Müharibə uzanarsa, yayda həm biletlərin bahalaşması, həm də reyslərin ləğv edilməsi ilə bağlı real təhlükə mövcuddur", - deyə Avropa İttifaqının energetika üzrə komissarı Dan Yorqensen "FT" qəzetinə bildirib.
Və bu, Avropanın Yaxın Şərqdən gələn neft və qaz tədarükündən, böhranın artıq pik həddə çatdığı Asiyadan daha az asılı olmasına baxmayaraq baş verir.
"Bruegel" tədqiqat mərkəzinin məlumatlarına görə, hazırda Aİ-nin əsas qaz tədarükçüləri Norveç (30%) və ABŞ-dır (26%).
Rusiya Avropanın idxal olunan qaza olan tələbatının 12%-ini təmin edir. Bunun yarısı Türkiyə vasitəsilə boru kəməri ilə, digər yarısı isə Arktikadan qazdaşıyan gəmilərlə gətirilən soyudulmuş maye qazdır.
Qalan hissə isə Əlcəzair (10%), Böyük Britaniya və Azərbaycanın (hər biri 4%) payına düşür. Yaxın Şərq dövləti olan Qətər Aİ-nin qaz balansında 4%-lik mütəvazi bir paya, maye qaz idxalında isə 8%-lik paya malikdir.
"Buna görə də, Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində yaranan 2022-ci il energetika böhranından fərqli olaraq, hazırkı müharibə Aİ-nin qaz təchizatına birbaşa təhlükə yaratmır", - deyə "Bruegel" ekspertləri qeyd edirlər.
O vaxt Avropanın qaz idxalının 40%-dən çoxu Rusiyanın payına düşürdü.
Lakin Avropa qazı dünya qiymətləri ilə alır, İranın Qətər zavoduna zərbələri və Hörmüz boğazının bağlanmasından sonra dünyada qaz azaldığı üçün qiymətlər yüksəlir.
Beləliklə, qıtlıq olmasa belə, energetika böhranı Avropada tam şəkildə hiss olunur.
Rusiya Avropaya tədarükü artıra bilərmi?
Neft tədarükünü - bəli, amma iki şərtlə.
Birincisi, Aİ indiyədək istisna olaraq, Ukrayna vasitəsilə "Drujba" kəməri ilə Rusiya neftini almağa davam edən Macarıstan və Slovakiya ilə kifayətlənməməli, ittifaqın 27 ölkəsinin hər birinə yenidən neft almağa icazə verməlidir.
Doğrudur, həmin kəmər Rusiyanın zərbəsindən sonra çoxdandır təmirdədir və Ukrayna Avropa İttifaqının tələblərinə baxmayaraq, onu istismara verməyə tələsmir.
İkincisi, neft ixracını artırmaq üçün Rusiya Ukrayna dronlarının Baltik və Qara dənizdəki ixrac terminallarına hər gün etdiyi hücumların bir əlacını tapmalıdır.
Hər iki şərt hələlik qeyri-mümkün görünür. Qazla bağlı isə vəziyyət daha da mürəkkəbdir.
"İran müharibəsinin Rusiya üçün strateji qələbəyə çevrilməsi az ehtimal olunur. O, qiymət artımı və qıtlıqdan bir az qazana bilər. Lakin Rusiya dünya bazarındakı fasilələrdən mənfəət əldə etmək mexanizmini itirib", - deyə Rusiya energetikası üzrə ekspertlər Tatyana Mitrova və Fyodor Dmitrenko qeyd edirlər.
Bu mexanizm Ukraynaya qarşı müharibə ilə məhv edildi. Ona qədər Kremıl enerji resurslarının əsas tədarükçüsü kimi Avropanı "qısa kəndirdə" saxlayırdı.
Mitrova və Dmitrenko əmindirlər ki, müdaxilədən sonra Rusiya bu təzyiq rıçaqını birdəfəlik itirib.
"Rusiya qazının Avropaya qaytarılması məsələsi hələ də müntəzəm olaraq qaldırılır, - deyə onlar Amerikanın 'National Interest' nəşri üçün yazdıqları məqalədə bildirirlər. - Tədarükün məhdud həcmdə bərpası mümkün olsa da, bu, əvvəlki sistemin dirçəlməsi ilə eyni şey deyil".
Onlar deyirlər ki, 2000–2010-cu illərə geri dönüş yolu yoxdur.
"Rusiya qazı Avropaya qayıtsa belə, bu, yalnız məhdud həcmlərdə və qitənin qaz balansının əsas təşkilatçısı kimi deyil, siyasi konyunkturadan asılı olan bir əlavə qismində baş verəcək", -ekspertlər deyirlər.