ABŞ-da şam yeməyində atəş: Donald Tramp xəsarət almayıb, şübhəli həbs edilib

Oxuma vaxtı: 2 dəq

ABŞ-da, Prezident Donald Tramp və kabinetinin iştirakı ilə keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atəş açılıb.

Bakı vaxtilə gecə təxminən 3.25-də Vaşinqton Hilton otelində keçirilən tədbirdə atəş səsləri eşidilib, qonaqlar gizlənməyə çalışıb, Məxfi Xidmət agentləri Donald Trampa tərəf qaçaraq onu, Birinci Xanım Melania Trampı və kabinet üzvlərini otaqdan çıxarıblar.

Donald Trampın xəsarət almadığı bildirilib.

Bir müddət sonra Ağ Evə qayıdan Donald Tramp FTB rəhbəri Kash Patel və ABŞ Baş prokuroru vəzifəsini icra edən Todd Blanche ilə birlikdə mətbuat konfransı keçirib və orada deyib ki, şübhəlinin "tənha canavar" olduğu "təəssüratı" yaranır.

Trampın sözlərinə görə, Məxfi Xidmət əməkdaşlarından biri çox yaxın məsafədən vurulub, lakin güllə keçirməyən jiletinə görə xilas olub.

Hadisəni törətməkdə şübhəli hesab edilən şəxs saxlanıb.

Prezident Donald Tramp şübhəli hesab edilən şəxsin fotosunu yayıb.

BBC-nin ABŞ tərəfdaşı CBS də daxil olmaqla, ABŞ mediası bir neçə mənbəyə istinadən şübhəlinin 31 yaşlı Cole Tomas Allen olduğunu yazıblar. Hadisəylə bağlı Kaliforniyanın Torrance şəhərində polis bir əmlakda axtarış aparıb.

Kolumbiya dairəsi üzrə ABŞ prokuroru Jeanine Pirro bildirib ki, hakimiyyət orqanları aprelin 27-də federal məhkəmədə şübhəliyə qarşı rəsmi ittiham irəli sürməyi planlaşdırır.

Şübhəlinin hədəfində Prezident Tramp olub, BBC-nin ABŞ-dakı tərəfdaşı CBS yazıb.

Lakin polis bildirib ki, hadisənin səbəbi hələ ki, bəlli deyil.

Allen tanınmış Kaliforniya Texnologiya İnstitutunu bitirib və tütor işləyib.

Polis deyib ki, o, oteldə qonaq imiş və üzərində silahlar və bıcaqlar tapılıb.

Allen hadisədən sonra həkim müdaxiləsi üçün hospitala aparılıb.

CBS adını açıqlamadığı iki mənbəyə əsasən yazıb ki, hadisə zamanı azı 5-8 dəfə güllə atılıb.

Əliyev və Starmer hadisəni pisləyiblər

Azərbaycan Prezidenti İlham Əliyev şam yeməyində atəş açılmasından "dərin narahatlığını" bildirib.

O, X-da paylaşdığı postunda yazıb ki, "Belə zorakılıq halları qəbuledilməzdir və qəti şəkildə pislənməlidir. Prezident Tramp, Birinci xanım və bütün iştirakçıların salamat olması sevindiricidir. Onlara davamlı təhlükəsizlik və rifah arzulayıram".

Böyük Britaniyanın Baş naziri Keir Starmer deyib ki, "Vaşinqtonda keçirilən Ağ Ev müxbirlərinin şam yeməyindəki səhnələrdən şoka düşüb."

O bildirib ki, "demokratik təsisatlara və ya mətbuat azadlığına edilən hər hansı bir hücum ən sərt şəkildə pislənməlidir".

Starmer qeyd edib ki, Tramp, birinci xanım Melania Tramp və tədbirin digər iştirakçılarının xəsarət almaması "böyük bir rahatlama"dır.

Donald Tramp bu ənənəvi şam yeməyində prezident kimi ilk dəfədir ki, iştirak edib.

Tədbirdə həmçinin Birinci Xanım Melania Tramp, vitse-prezident JD Canve və yüzlərlə jurnalist, media xadimi və rəsmilər olub.