Hicab aksiyalarının üçüncü günü: Elm və Təhsil Nazirliyi susur
Azərbaycanda məktəblərdə hicabla bağlı aksiyaların üçüncü günündə Elm və Təhsil Nazirliyi məsələyə hələ də münasibət bildirməyib.
Nazir Emin Əmrullayev Facebook hesabında Laos Prezidentinin Bakı Dövlət Universitetində tələbələrlə görüşündə iştirak etdiyini yazıb. Ancaq günlər keçməsinə baxmayaraq, nazir hicablı müəllim və şagirdlərin məktəblərə buraxılmaması ilə bağlı iddialara reaksiya verməyib.
Azərbaycan məktəblərində, yeni qaydalara görə, artıq hicablı şagird və müəllimlər dərsə buraxılmasa da, onlar hələ də məktəbə hicabla gəldiyi üçün geri göndərilir.
Sosial mediada bununla bağlı onlarla video yayılıb. Bəzi videolarda şagird və müəllimlər hicablarını açmayacaqlarını və lazım gəlsə, dərslərə girməyəcəklərini deyir. Bəzilərinin dərsi məktəbin bayırında, pilləkanların üstündə oturaraq oxuduğunu göstərən videolar yayılıb.
Azərbaycan Nazirlər Kabineti sentyabrın 21-də şagirdlərin, oktyabrın 6-da isə müəllimlərin geyim formalarını təsdiqləyib.
Hər iki qərarda müəllim və şagirdlərin geyimlərinin "ümumi təhsilin dünyəvilik prinsipinə uyğun" olması nəzərdə tutulur.
Oktyabrın 12-dən bəri sosial mediada məktəblərdə etirazları əks etdirdiyi deyilən çoxsaylı videolar yayılır.



