Ağstafa başçısı bazara getdi, müzakirə yaratdı
Sakinlərlə danışan şəxs Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovdur. Onun bazarda sakinlərlə söhbəti və bazarı gəzməsi sosial mediada müzakirələrə səbəb olub.
Əksər şərhlərdə icra başçısı tənqid olunur.
Bir istifadəçi yazır ki:"Qeyri-adi qiymətləri heçmi görmədi?"
ayshah_furniture adlı istifadəçi yazır ki:
"Nə satdıqlarını yoxlama, əziz icra başçısı, adamların nə dərdi var, nə problemləri var, onları yoxla."
mubariz_novruz adlı istifadəçi soruşur ki:
"Xalqın içində olub polislə gəzmək nə deməkdir?"
nails_face_baku adlı istifadəçi yazır ki:
"İndi də bu təzə çıxıb. İki dənə yerə gedirlər, deyirlər bizi çəkin, qoyun adını da qoyaq səmimiyyət. Bazara girib 2-3 fındıq yeyib deyir səmimiyyət. Səmimiyyət o olar ki, kəndlinin işsizliyindən, əkin-biçinindən xəbərdar olsun. Bazar var e, alıcı niyə azdır, onunla maraqlanmaq lazımdır."
u_qasanova03 yazır ki:
"İcra başçısı Azərbaycanın ən böyük kəndlərindən biri olan Dağkəsəmənə getsin, indiki zamanda oranın yolunun nə vəziyyətdə olduğuna baxsın, əsasən də yağışdan sonra. Heç bir maşın o kəndə yolun bərbad vəziyyətdə olmasına görə girmək istəmir. Bunun qocası var, dərsə gedən uşağı var. Bir kəndə yol çəkmək bu qədər əlçatmazdır?"
jeyhun_sadighov_official adlı istifadəçi yazır ki:
"Başçı istəyib ki, maksimum sadə görünsün, ona görə də vətəndaşla sənli danışır, amma yaxşı olardı ki, yaşca böyüklərlə sizli danışardı. Onda daha səmimi alınardı."
Ağstafa Rayon İcra Hakimiyyəti başçısının köməkçisi BBC Azərbaycancaya bildirib ki, Seymur Orucova yönələn tənqidlərlə bağlı şərh verə bilməyəcək.
Ancaq şərhlərdə icra başçısını tərifləyən, onun davranışını bəyənənlər də olub.
oscar_____222 adlı istifadəçi yazır ki:
"Sən deməsinin zərəri yoxdur, əsas odur ki, səmimi insan olsun, başa düşən adam olsun."
caykayoski_7809 adlı istifadəçi yazır ki:
"Halaldır, ən azından çıxıb şəxsən monitorinq aparır. Kaş bütün məmurlar bu kişi kimi olaydı, az da olsa millətin rifahı və rahatlığı üçün çalışaydılar."
Samir Gasimov yazır ki:
"Buna da şükür, əsas odur ki, kabinetdən çölə çıxıb."



