Şəkillər: İngiltərə telefonun yaddaşında

Çap edildi

Smartfonların istifadəsi geniş yayılmağa başlayandan foto kameralara tələbat da azalıb.

Bir çoxumuz artıq gəzdiyimiz yerlərin, qarşımıza çıxan maraqlı məqamların və yaşadığımız anların şəkillərini telefonun yaddaşına köçürürük.

Bəzən çəkdiklərimizi birbaşa sosial mediada paylaşırıq. Bəzən isə telefonun yaddaşını axtaranda, önümüzə nəvaxtsa çəkdiyimiz unudulmuş şəkillər çıxır, ənənəvi albomlarda unudulmuş şəkillər kimi.

Müxbirimiz Vüsal Həmzəyev müxtəlif vaxtlarda İngiltərədə telefonu ilə çəkdiyi bəzi şəkilləri izləyəcilərimizlə paylaşmaq istəyib.

Bu kanat yolu İngiltərənin cənubundakı Isle of Wight adasında yerləşir. Yalnız kanat işə düşəndən sonra yüksəklikdən qorxduğumu xatırladım. Şəkil 2013-cü ilin iyul ayında çəkilib.

Essex əylətinin Waltham Abbey qəsəbəsində yerləşən bu kilsə yeddinci əsrdən bəri fəaliyyət göstərir. Norman arxitekturasının nümunəsi olan kilsə, tarix boyu bir neçə dəfə yenidən qurulub. İyul, 2013-cü il.

Qu quşu ailəsi. Lee Valley Parkı Londondan Hertfordshire əyalətinə qədər uzanır. Parkın içində axan Lea çayı Thames çayına qovuşur. Parkdakı heyvanat aləmi mühafizə olunur. Bu şəkil 2013-cü ilin iyun ayında çəkilib.

Londonun mərkəzindəki City ərazisi, şəhərin ən qədim hissəsi olsa da, hazırda burda yerləşən müsair göydələnlərdə müxtəlif maliyyə qurumları və digər iş yerləri fəaliyyət göstərir. Şəkil Liverpool Street metro və qatar stansiyasının yanındakı küçələrdən birində çəkilib. 2013-cü il, iyul ayı.

Cambridge, 2013-cü ilin may ayı. Universitet şəhəri sayılsa da, Cambridge turistləri şəhərin içindən axan Cam çayında qayıqla gəzintiyə görə də cəlb edir.

Isle of Wight adasındakı Ryde şəhəri narın qumlu çimərliyinə görə turistləri özünə çəkir. İngiltərədə isti havaların ömrü uzun olmasa da, yay aylarında burda xeyli insan olur. Şəkil isə 2013-cü ilin iyul ayında, hələ insanların çimərliyə axışmadığı erkən saatlarda çəkilib.

Bu ayağı yaralı at, Harlow şəhərindəki Pets' Corner açıq fermasının sakindir. Hər halda bu şəkil çəkilərkən - 2013-cü ilin iyun ayında orda yaşayırdı.

Lee Valley Parkı və Lea çayı, 2013-cü il, 5 senyabr. Çayın kənarında salınmış cığır piyadalar və velosipedçilər üçün nəzardə tutulub.

Londonun müasir binaları (sağda Shard adlanan göydələn Avropa İttifaqı ölkələrində ən hündür bina hesab edilir). Şəkil senyabrın 8-də, 2013-cü ildə London Qalasından (Tower of London) çəkilib.

Essex əyaləti, Nazeing kəndi, 2013-cü il, sentyabrın 12-si.