Pərviz Həşimliyə kəsilən 8 il həbs cəzası ATƏT-də "hiddət" doğurub

Şəklin mənbəyi, BizimYol
ATƏT-n media azadlığı üzrə nümayəndəsi Dunja Mijatovic "silah qaçaqmalçılığı" ittihamı ilə təqsirləndirilən jurnalist Pərviz Həşimliyə kəsilən 8 illik həbs cəzası hökmünü "hiddətlə" qarşılayıb, qurumun cümə axşamı günü yaydığı bəyanatında deyilir.
Bu, Azərbaycanda media azadlığı mühitinin "pisləşməsinin daha bir sübutudur", xanım Mijatoviç deyib.
"Hazırda Azərbaycanda 10-dan çox media işçisi həbsdədir ... bu, Ofisim təsis olunandan bəri bu ölkədə müşahidə etdiyi ən yüksək rəqəmdir", o əlavə edib.
"Bizim Yol" qəzetinin jurnalisti və moderator.az saytının direktoru Pərviz Həşimli sentyabrın 17-də həbs olunub.
"Gözlənilən" qərar
Vəkil Bəhruz Bayramov BBC Azərbaycancaya deyib ki, hökm müdafiə tərəfi üçün "gözlənilən" olub.
"Biz məhkəmə prosesinin ədalətsiz keçdiyini görürdük, heç bir vəsatətimiz təmin olunmadı. Ona görə elə belə də gözləyirdik. Pərvizin özü üçün də bu təəccüblü olmadı", - vəkil deyir.
Jurnalistə cəza hökmü Azərbaycanın Avropa Şurası Nazirlər Kabinetində sədrliyə başlamasından bir gün sonraya təsadüf edir.
Məhkəmə Həşimovla birgə həbs olunan və eyni maddə ilə ittiham olunan Təvəkkül Qurbanov barəsində 8 il 6 ay həbs cəzası kəsib.
“Bizim Yol” qəzetinin jurnalisti və moderator.az saytının direktoru Pərviz Həşimli sentyabrın 17-də həbs olunub.
Ona və Təvəkkül Qurbanova qarşı "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı" və "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma" maddələri ilə cinayət işi açılıb və haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçilib.
Beynəlxalq çağırışlar
"Biz Azərbaycan hakimiyyətini Pərviz Həşimlini azadlığa buraxmağa və ona qarşı bütün ittihamları ləğv etməyə çağırırıq", Jurnalistləri Müdafiə Komitəsi (Committee to Protect Journalists, CPJ) adlı QHT-dən Nina Ognianova daha əvvəl deyib.
"Prezident seçkilərinə bir neçə həftə qalmış tənqidçi jurnalisti və onun nəşrlərini təqib etmək çox qorxaq bir addımdır", Cənab Həşimlinin həbsindən dərhal sonra buraxılan bəyanatda təşkilatın Avropa və Orta Asiya üzrə Proqram Koordinatory olan xanım Ognianova deyib.
Human Rights Watch, Sərhədsiz Reportyorlar və Amnesty International kimi təşkilatlar da cənab Həşimlinin həbsi barədə narahatlıqlarını bildiriblər.
İttihamlar
"Məlum olmuşdur ki, Pərviz Həşimov və Təvəkkül Qurbanov ilə Rza adlı İran vətəndaşı arasında qabaqcadan əldə edilmiş razılığa əsasən, sonuncu həmin odlu silahları və döyüş sursatını satış məqsədilə İranda qanunsuz olaraq əldə edib", MTN-nin açıqlamasında deyilir.
Hər iki şəxs İran İslam Respublikasının Rza və Hüseyn adlı vətəndaşları ilə əlbir olaraq satış məqsədilə odlu silahları və döyüş sursatını qaçaqmalçılıq yolu ilə, yəni gömrük nəzarətindən kənar keçirərək, İrandan Azərbaycana "gətiriblər", rəsmi məlumatda bildirilir.
Mayın 12-də dövlət ittihamçısı hakimdən jurnalistin və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çıxarılmasını istəyib.
Jurnalistin yaxınları ona qarşı irəli sürülən ittihamların "əsassız" olduğunu və onun peşə fəaliyyətinə görə təqib olunduğunu düşünürlər.






















