Saat ixtira edilməmişdən əvvəl insanlar necə oyanırdılar?

Şəklin mənbəyi, Alamy
- Müəllif, Jocelyn Timperley
- Çap edildi
- Oxuma vaxtı: 6 dəq
Hər saatbaşı metal sancaqlar atan şamlardan tutmuş Sənaye İnqilabı dövründəki İngiltərədə qapı döyənlərə qədər, tarix boyu insanlar vaxtında oyanmaq üçün bir çox üsul tapıblar.
İngiltərənin sənaye inqilabı zamanı yeni fabriklər ciddi zaman idarəetməsi ehtiyacı ilə qarşı-qarşıya qaldı. Buna işçilərin işə başlama saatlarına nəzarət etmək də daxil idi.
Beş dəqiqə belə gecikən bir işçi bütün montaj xəttini dayandıra və işəgötürənlərinin pul itirməsinə səbəb ola bilərdi.
Xüsusilə qaranlıq qış aylarında vaxtında oyanmaq üçün bir üsula ehtiyacları vardı və o dövrdə ibtidai zəngli saatlar olsa da, bunlar adi bir işçi üçün çox baha idi.
Fabriklər çalışanları oyatmaq və çağırmaq üçün tütək və zənglərdən istifadə etməyi yoxladılar, lakin bunlar, adətən, etibarlı olmadı. Bunun əvəzinə, insanları oyatmağa həsr olunmuş bütöv bir peşə ortaya çıxdı: oyandırıcılar.
Şimali Texas Universitetinin tarix professoru Arunima Datta bu insanların küçələrdə və bəzən də bütün məhəllələrdə dolaşaraq pəncərələrə vuraraq, tıqqıldadaraq və ya noxud ataraq çalışdıqlarını deyir.
"Müştərilərindən cavab alana qədər orada durar, yerlərindən tərpənməzdilər".
Əslində, bənzər peşələr dünyanın bir çox başqa cəmiyyətlərində də istifadə edilmişdi, xüsusilə də Ramazan ayında, oruc və sahur vaxtlarında.
Tarix boyu insanlar oyanmaq üçün xoruz saxlamaqdan tutmuş, hər saat başı metal sinilərə iynə düşürən ağıllı şam saatlarından istifadə etməyə qədər bir çox yaradıcı üsul inkişaf etdirmişdilər.
Keçmişdəki cəmiyyətlərin necə yatdığını və oyandığını öyrənmək, bugün öz yuxumuzu və oyanışımızı yaxşılaşdırmağa belə kömək edə bilər.
Xoruzun banlaması
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Avstraliyadakı "Sunshine Coast" Universitetində yuxu sağlamlığı professoru olan Fatima Yaqoota görə, zəngli saatlar geniş istifadə edilməyə başlamazdan əvvəl insanlar, adətən, təbii işarələr və gündəlik rutinlərlə oyanırdılar.
Yaqoot: "Gün işığı əsas siqnallardan biri idi. Bir çox sənaye öncəsi cəmiyyətdə gündəlik həyat gün doğumu və gün batımının ritmini izləyirdi və bu da təbii olaraq yuxu ritmlərini formalaşdırırdı", - deyir.
Bu ritmlər yuxu və oyanma vaxtlarını müəyyən edir və bizi yuxuladıb oyandıran iki əsas prosesdən biridir.
Digəri isə gün boyu yuxu ehtiyacını artıran yuxu təzyiqidir.
Yaqoota görə, "bu iki proses niyə gecələri yuxuya getdiyimizi, yuxuda qaldığımızı və səhərlər təkrar oyandığımızı izah etməyə kömək edir".
Britaniyadakı Mançester Universitetində tarix professoru və erkən modern dövrdə yuxu ilə bağlı bir layihə rəhbəri olan Saşa Handley deyir:
"Sənaye öncəsi dünyada hər kəsin sadəcə işıq və qaranlıq dövrünə görə yaşadığı şəklindəki məlum hekayədən uzaqlaşmaq istəyirəm".
O əlavə edir: "Bunun doğru olduğunu düşünmürəm, çünki insanların işləri ilin müəyyən dövrlərində görülməli olan xüsusi işlərdən asılı olaraq gecəyə, bəzən də səhərin erkən saatlarına qədər uzanırdı".
Bunun əvəzinə, o deyir ki, insanlar iş saatlarını təşkil etmək üçün tez-tez fiziki və texnoloji metodların kombinasiyasından istifadə edirlər.

Şəklin mənbəyi, Alamy
Handley bildirir ki, fermalarda qışda yuxu müddəti bir qədər uzun ola bilərdi, çünki payız başa çatdıqda səhərin erkən saatlarında görülən işlər, adətən, bitmiş olurdu. Yenə də insanların erkən qalxmaq istəməsinin bir çox başqa səbəbi var idi.
Tarixçinin sözlərinə görə, məsələn, dini səbəblər insanların yataqlarının yanında zaman ölçən cihazlar saxlamasının həqiqətən vacib bir amili idi. Müəyyən bir saatda kilsəyə getmək və ya səhər dualarını erkən etmək istəyirdilər, çünki bunun onları Tanrıya yaxınlaşdırdığını düşünürdülər. Kimin daha erkən durub dua etməsi mövzusunda, adətən, bir rəqabət hissi mövcud idi.
O dövrdə insanların yuxu dövrləri, adətən, fərqli idi. İki gecə yuxusundan ibarət olan sənaye öncəsi iki mərhələli yuxu modeli - bəzi akademiklər bu nəzəriyyənin əsasını şübhə altına alsa da - hələ də populyar bir fikir olaraq qalır. Lakin araşdırmalar göstərir ki, dünyanın bir çox mədəniyyətində bu gün də çoxmərhələli yuxu dövrləri var.
Oyanmaqda olan heyvanların səsləri bəlkə də insanların ilk eşitmə əsaslı zəngli saatları sayıla bilər. Handley qeyd edir ki, şəfəq vaxtı banlayan xoruz günün başladığının geniş yayılmış bir işarəsi idi. Maraqlıdır ki, araşdırmalar xoruzların təkcə işığa reaksiya olaraq deyil, öz yuxu ritmlərinə görə banladıqlarını göstərir.
Handley zənglərin də oyanmaq üçün geniş istifadə olunan başqa bir vasitə olduğunu qeyd edir. Xüsusilə orta əsrlər və erkən modern Qərbi və Mərkəzi Avropada həyat kilsəyə görə təşkil edilirdi və insanlar günlərinə başlamaq və onu nizamlamaq üçün hər saat başı çalan zənglərdən istifadə edirdilər. Zəngi çalan şəxs isə vaxtı izləmək üçün qum saatından istifadə edirdi.
Əlbəttə, bəzi evlərin daxilində, yataq otağı qapılarının kənarında da öz zəngləri var idi.
Handley deyir: "Xidmətçilərin zəngləri vardı; adətən evdə ilk oyananlar onlar olurdu və lazımi saatda evin ağalarını və xanımlarını oyatmaq onların məsuliyyəti idi".
Qədim zəngli saatlar
Çox qədim, fərdiləşdirilmiş siqnalların da bir çox nümunəsi var.
Zəngli saatların olmadığı bir dünya yox idi; sadəcə onlar fərqli üsullarla işləyirdilər - su və ya alovdan istifadə edərək yaxınlıqdakı şəxsləri oyatmaq üçün siqnallar verirdilər.
Sosial iyerarxiyada nə qədər yuxarı qalxsanız, bu cihazlar bir o qədər bəzəkli və mürəkkəb olurdu.
Şam saatlarının tarixi qədim Çinə qədər gedib çıxır.
Handley bildirir ki, bunlar bəzən ağıllı şəkildə elə hazırlanırdı ki, təxminən hər saatda bir mismar kiçik bir metal siniyə düşürdü: "Öz şamlarınızı özünüz hazırlaya bilərdiniz ki, bir çox insan xərcə görə məhz belə edirdi".
Tüstü də Çində saatı müəyyən etmək üçün istifadə olunurdu. Bəzən iplərdən asılmış metal toplar aşağıdakı siniyə düşərək qonq funksiyasını yerinə yetirirdi.
19-cu əsrdə bir amerikalı etnoloq Çində insanların oyanmaq üçün ayaq barmaqlarının arasına tüstü çubuqları qoyduqlarını belə qeydə almışdı.

Şəklin mənbəyi, British Museum
Qədim Yunanıstanda klepsidra kimi tanınan su saatları əsrlər boyu geniş istifadə olunub və filosof Platonun e.ə. 5-ci əsrdə ilk dəfə su saatını zəngli saat kimi uyğunlaşdıran şəxs olduğu bildirilir.
O, suyun axdığı bir qabın içində havanı həbs etmiş, su artdıqca təzyiq də artmış və sonda yüksək səslə fit çalan çaydan kimi bir səs çıxarmışdır.
Champion su saatlarının həm də ən qədim avtomatik kənd zəngləri olduğunu qeyd edir.
Bu saatlarda boşaldığı zaman zəngin çalınmasına səbəb olan böyük su çənlərindən istifadə edilirdi. 12-ci əsrə aid bir gündəlikdə belə bir su çəninin yanğın söndürmək üçün istifadə edildiyi nəql olunur.
Zamanın keçməsini göstərən rəqs mexanizmləri və bu rəqsləri sayan bir sistemə malik ilk mexaniki saatlar 13-cü əsrin sonu və 14-cü əsrin əvvəllərində ortaya çıxdı. Champion bildirir ki, "çox erkən dövrlərdən etibarən bəzən zənglərin çalınmasından əvvəl melodiyalar səsləndirərdilər".
15-ci əsrin sonlarına doğru ev tipli divar saatlarında da siqnal xüsusiyyəti istifadə olunmağa başlandı. Bu siqnal əvvəlcə bir zəng səsi, daha sonra isə kiçik bir zəngin təkrar-təkrar çalınması idi.
Oyandırıcılar
Handley saat istehsalının 17-ci əsrdə əhəmiyyətli dərəcədə inkişaf etdiyini və insanların, məsələn, səyahətə çıxdıqda öz zəngli saatlarını düzəltdiklərinə dair sübutlar olduğunu söyləyir.
Məlum olan ilk mexaniki zəngli saat 1787-ci ildə ixtira edilib, lakin ilk patent 1876-cı ildə qeydə alındıqdan sonra istehsalı geniş yayılıb. Yenə də bu yaylı zəngli saatlar həm etibarsız idi, həm də bir çox insan üçün çox baha başa gəlirdi.
Lakin sənaye inqilabı dövründə bir çox insanın yuxu ehtiyacları dəyişdi və çubuqları, dəyənəkləri və noxudatanları ilə qapı döyənlər Lids, Mançester, Şeffild və Şərqi London kimi böyüyən sənaye bölgələrində geniş yayıldı.
Datta qeyd edir ki, qapıdöyənlər bütün gecəni oyaq qalır və adətən, səhər saat 3-də insanları oyatmağa başlayırdılar. "Bir növ onlar cəmiyyəti də qoruyurdular", - deyə o əlavə edir.
Çünki digər insanlar yatarkən onlar gecə saatlarında ayaqüstə idilər və qeyri-adi hadisələri fərq edə bilirdilər.
1876-cı ildə bir oyandırıcı səhər saat 2-də Bredforddakı bir evdə baş verən yanğını fərq etdi və içəridə yatan ailəni oyadaraq həyatlarını xilas etdi. 1888-ci ildə "Qatil Ceki"nin (Jack the Ripper) ilk qurbanı Meri Nikolsun cəsədini tapan da bir oyandırıcı idi.
Bəzən oyandırıcılar öz vəzifələrində o qədər israrlı olurdular ki, qonşular şikayət edir və hətta davalar düşürdü.
O dövrə aid polis protokollarını və qəzet xəbərlərini araşdıran Dattaya görə, "qonşular oyanmaq istəmədikləri halda oyanmağa məcbur qaldıqları üçün mübahisə edirdilər".

Şəklin mənbəyi, Alamy
19-cu əsrdə digər Avropa ölkələrində də bənzər peşələr ortaya çıxdı. İtaliyada "hooters" var idi. Fransada isə "reveilleurs" (oyadanlar) fəaliyyət göstərirdi. Onlar ingilis həmkarlarından daha kobud üsullardan istifadə edirdilər; müştərilərini oyatmaq üçün kəskin fitlər çalırdılar.
Lakin 1920-ci illərdə zəngli saatlar daha geniş yayıldıqca və qiymətləri hər kəs üçün uyğunlaşdıqca, bu peşə böyük ölçüdə ortadan qalxdı.
Yaqoot qeyd edir ki, "Fərdi zəngli saatlar 19-cu əsrin sonlarında və 20-ci əsrin əvvəllərində geniş istifadə edilməyə başlandı.
Bunların yayılması sənayeləşmənin yüksəlişi və süni işığın mənimsənilməsi ilə sıx bağlı idi. Bir vaxtlar daha çevik olan gündəlik rutinlər tədricən 24 saatlıq rejimdə nizamlanmağa başladı".























