Türkiyə Prezidenti Erdoğan Şuşada: "Qardaşlığımızı zəiflətmək istəyənlər məqsədlərinə çatmayacaqlar"

Əliyev və Erdoğan
Çap edildi
Oxuma vaxtı: 3 dəq

Noyabrın 8-də Azərbaycana rəsmi səfərə gələn Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Şuşada rəsmi mərasimlə qarşılanıb.

Onun Azərbaycana səfəri iki ölkə arasında fikir ayrılıqlarının ictimai şəkildə müzakirəsi fonunda baş tutur.

Erdoğanı və xanımı Emine Erdoğanı Füzuli beynəlxalq hava limanında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşılayıblar, Azərtac yazıb.

Anadolu agentliyi xəbər verir ki, Prezident Erdoğanı xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və başqa yüksək vəzifəli şəxslər də müşayiət edir.

Prezident Erdoğanın səfər çərçivəsində İlham Əliyevlə ikitərəfli görüş keçirilib.

Bundan sonra onlar mətbuata bəyanatla çıxış ediblər.

Əliyev və Erdoğan

Recep Tayyip Erdoğan nə deyib?

Mətbuata bəyanatla çıxış edən Prezident Erdoğan bildirib ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlər tarix boyu müxtəlif sınaqlardan keçərək bugünkü yüksək səviyyəyə çatıb.

"Bir millət, iki dövlət" şüarı ilə ifadə etdiyimiz bu könül birliyi, ortaq keçmişimizdən güc alan və gələcəyimizə işıq saçan sönməz bir məşəldir", - o deyib.

Erdoğan qeyd edib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində öz ərazilərini işğaldan azad etməsi Cənubi Qafqazda yeni dövrün başlanmasına şərait yaradıb.

Türkiyə Prezidenti vurğulayıb ki, 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Bəyannamə ilə müttəfiqlik səviyyəsinə yüksələn qardaşlıq münasibətlərini zəiflətmək istəyənlər məqsədlərinə çata bilməyəcəklər.

O, həmçinin bildirib ki, Türkiyə Qarabağın yenidən qurulması və bölgənin əvvəlki canlılığının bərpası istiqamətində Azərbaycanın gördüyü işləri yüksək qiymətləndirir. Erdoğan əlavə edib ki, Türkiyə Azərbaycanın mövqeyini dəstəklədiyi kimi, regionda davamlı sülhün təmin olunmasına yönəlmiş səylərə də dəstək verir.

İlham Əliyev nə deyib?

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
BBC News Azarbaycancanin Whatsapp kanalina qosulun
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

İlham Əliyev Türkiyə ilə Azərbaycan arasında münasibətlərin möhkəm olduğunu vurğulayaraq bildirib:

"Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq".

Əliyev də əlavə edib ki, iki ölkə arasında münasibətləri kimsə poza bilməz: "İki xalq, ilk növbədə, iki lider heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxud da öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın".

Azərbaycan Prezidenti bildirib ki, Türkiyə və Azərbaycanın birliyi region üçün mühüm amildir.

Onun sözlərinə görə, "Böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi önəmli amildir. Bu, sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur".

Əliyev əlavə edib ki, Rəcəb Tayyib Ərdoğanın Zəfər Günündə Qarabağa səfəri iki ölkənin həmrəyliyinin göstəricisidir.

Çıxışında Türkiyənin beynəlxalq mövqeyinə də diqqət çəkən Əliyev deyib ki, Türkiyənin "güclü iqtisadiyyatı, güclü sənaye potensialı, siyasi çəkisi" Azərbaycanı da gücləndirən amillərdəndir.

Azərbaycan-Türkiyə arasında hansı məsələlərdə fikir ayrılığı görünürdü?

Erdoğanın səfəri Ankara ilə Bakı arasında bir neçə həftədir davam edən və türkiyəli şərhçilərin Azərbaycanda dövlət məktəblərində hicab məhdudiyyətlərini tənqid etməsi ilə alovlanan gərginlik fonunda baş verir.

İlham Əliyev son çıxışlarının birində sərt şəkildə bildirmişdi: "Hərə otursun yerində, bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin. Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın".

İki ölkə arasında ortaya çıxan fikir ayrılıqlarından biri də Azərbaycanın İsraillə münasibətləridir. İsraillə gərgin münasibətlərdə olan Türkiyədə Azərbaycanın İsraillə yaxınlığı tez-tez tənqid hədəfi olur.

İlham Əliyevin oktyabrın 30-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) sammitində iştirak etməməsi yaranmış fikir ayrılığının aradan qaldırılması perspektivi ilə bağlı narahatlıqlara səbəb olmuşdu.

Erdoğan: "Fövqəladə hal baş verməzsə..."

Cənubi Koreya səfərindən qayıdarkən jurnalistlərə açıqlama verən Erdoğan deyib ki, əgər "fövqəladə bir hal baş verməzsə", noyabrın 8-də Azərbaycana səfər etməyi planlaşdırır.
Şəklin alt yazısı, Cənubi Koreya səfərindən qayıdarkən jurnalistlərə açıqlama verən Erdoğan deyib ki, əgər "fövqəladə bir hal baş verməzsə", noyabrın 8-də Azərbaycana səfər etməyi planlaşdırır.

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan noyabrın 8-də Azərbaycanda keçiriləcək Zəfər Günü tədbirlərində iştirak etməyi planlaşdırdığını açıqlamışdı.

Noyabrın 5-də Cənubi Koreya səfərindən qayıdarkən jurnalistlərə açıqlama verən Erdoğan demişdi ki, əgər "fövqəladə bir hal baş verməzsə", noyabrın 8-də Azərbaycana səfər etməyi planlaşdırır.

"Ümid edirəm ki, bu səfər sayəsində lazımi addımları atmaq imkanımız olacaq", - deyən Erdoğan, bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışdığını da qeyd edib.

Erdoğan bildirib: "Azərbaycanla münasibətlərimiz klassik diplomatik əlaqələrdən qat-qat dərindir. İki ölkə arasındakı sarsılmaz bağ ortaq tariximizin, mədəniyyətimizin, taleyimizin və inşallah, gələcəyimizin məhsuludur".