Azərbaycanda hicab mübahisəsi: etirazlar ölkə xaricinə yayılıb

Şəklin mənbəyi, Meydan TV
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Azərbaycanda hicablı şagird və müəllimlərin məktəblərə buraxılmaması ilə bağlı başlayan etirazlar ölkə xaricində də davam edib. Həftəsonu Azərbaycanın London, Berlin və Ankaradakı diplomatik nümayəndəlikləri qarşısında aksiyalar keçirildiyi bildirilir.
Londonda həftəsonu Azərbaycan səfirliyi qarşısına toplaşan şəxslər "hicabıma toxunma" kimi şüarlar səsləndiriblər. Sosial mediada yayılmış videolarda çıxış edən şəxslər "hicabın şəxsi hüquq olduğu və buna görə təhsil hüququna maneə olmadığını", "hicabından vaz keçməyən qadınların yanında olduqlarını" bildiriblər. Onlar hər cümə günü səfirliyin qabağına toplaşacaqlarını bildiriblər.
Türkiyə paytaxtı Ankarada Azərbaycan səfirliyinin qarşısına toplaşan şəxslər isə "təhsil hüquqdur, qarşısı alına bilməz" şüarı səsləndiriblər.
Almaniya paytaxtı Berlindən yayılan videolarda isə etirazçıların yürüş edərək "Hicaba azadlıq" şüarı səsləndirdikləri görünür.

Şəklin mənbəyi, Sosial media/Facebook
Nə baş verib?
Mübahisə bəzi məktəblərin oktyabrın 12-dən yeni geyim qaydalarını hicablı şagird və müəllimlərə də tətbiq etməsindən sonra başlayıb. Qaydalarda hicabın adı birbaşa çəkilməsə də, bəzi təhsil müəssisələri hicab taxan şagird və müəllimləri məktəbə buraxmayıb. Bəzi məktəblərinsə onları ayrıca bir otağa yığaraq, söhbət aparıldıqdan sonra evə göndərildikləri bildirilir.
Elm və Təhsil Nazirliyi isə hələ də qaydaların hicablı müəllim və məktəblilərə necə tətbiq olunmalı olduğuna dair bütün məktəblər üçün vahid və aydın yazılı izahat verməyib.
Azərbaycan Daxili İşlər Nazirliyi oktyabrın 12-də Bakıda keçirilmiş etirazlar zamanı 37 nəfərin saxlanıldığını bildirib. Fəallar isə saxlanılanların sayının 200-dən çox olduğunu deyiblər. Onların əksəriyyətinin sonradan sərbəst buraxıldığı bildirilsə də, hazırda neçə nəfərin həbsdə qaldığı məlum deyil. Amnesty International Azərbaycanı hicab qadağasına görə "yalnız dinc etirazlarda iştirak etdiyinə görə saxlanılan şəxslərin dərhal azad olunmasına" çağırıb.
Amnesty International Azərbaycan hakimiyyətini "hicablı şagird və müəllimlərə tətbiq olunan məhdudiyyətləri" də aradan qaldırmağa çağırıb.

Şəklin mənbəyi, Meydan TV
Hicablı müəllim və şagirdlərin məktəblərə buraxılmamasına görə məktəblərin qarşısında və digər yerlərdə etiraz edərək həbs olunanlardan başqa, sosial şəbəkə paylaşımlarına görə cəzalandırılan şəxslərin olduğu da bildirilir. Amnesty International həmçinin, hicablı qızlar üçün pulsuz onlayn dərslər təşkil edən fəal İlkin Hüseynovun oktyabrın 14-də naməlum şəxslərlə evindən ayrıldıqdan sonra itkin düşdüyü barədə məlumatlara diqqət çəkib.
Hazırda əsas cavabsız sual hicabın yeni məktəb geyim qaydalarına daxil olub-olmamasıdır. Valideynlər və müəllimlər Elm və Təhsil Nazirliyindən cavab tələb etsələr də, hələ ki, belə bir izahat verilməyib.

























