Azərbaycan Kürmük məbədi ilə bağlı Gürcüstan Patriarxlığının bəyanatından narazıdır

Kürmük məbədi
Çap edildi
Oxuma vaxtı: 2 dəq

Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın Qax rayonunda yerləşən Kürmük məbədi ilə bağlı Gürcüstan Patriarxlığının bəyanatını tənqid edib.

Qurum bildirib ki, bu mövqe iki ölkə arasındakı dostluq və strateji tərəfdaşlıq ruhuna ziddir.

Gürcüstan Patriarxlığı sentyabrın 24-də yaydığı bəyanatda "tarixi Hereti" adlandırdığı ərazidə yerləşən məbəddə aparılan işlərlə bağlı narahatlığını ifadə edib.

Azərbaycan öz bəyanatında bildirib ki, hər zaman Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşıb:

"Eyni zamanda, Gürcüstan tərəfinin də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə eyni münasibət sərgiləməsi iki ölkə arasında formalaşmış strateji tərəfdaşlıq münasibətlərinin mühüm əsasını təşkil edir.

Məhz bu baxımdan, Gürcüstan Patriarxlığının Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə münasibətdə ərazi iddialarını ehtiva edən yanaşması anlaşılan deyil", - Azərbaycan XİN-in bəyanatında deyilir.

Gürcüstan Patriarxlığının bəyanatında məbəddə işlərin məqsədi və miqyasının aydın olmadığı, habelə Azərbaycan hakimiyyətindən bu barədə heç bir məlumat alınmadığı bildirilib.

Kürmük məbədi

Gürcüstan Patriarxlığı Gürcüstan dövlət qurumlarını prosesə qoşulmağa, rəsmi məlumat əldə etməyə, həmçinin abidənin qorunması ilə bağlı müzakirələrdə Gürcü Pravoslav Kilsəsinin nümayəndələrinin və mütəxəssislərin iştirakını təmin etməyə çağırıb.

Azərbaycan XİN Azərbaycan ərazisində yerləşən tarixi və coğrafi məkanların alternativ adlarla təqdim edilməsini rədd edib.

Gürcülər bu məbədi "Müqəddəs Georgi kilsəsi" adlandırırlar.

Azərbaycan tərəfi "dini qurumları Azərbaycan-Gürcüstan arasında əsrlərdir formalaşmış əlaqələrə zərər vura biləcək ritorikadan çəkinməyə çağırıb və ərazi və ya tarixi iddiaların irəli sürülməsi baxımından Ermənistan Kilsəsinin nümunəsinin təkrarlanmaması barədə" xəbərdarlıq edib.

XİN-in bəyanatında o da vurğulanıb ki, Azərbaycan ərazisində yerləşən bütün tarixi, mədəni və dini abidələr Azərbaycanın milli irsinin ayrılmaz hissəsidir.