Rusiyada niyə kütləvi şəkildə inək və donuzları öldürməyə başlayıblar?

Şəklin mənbəyi, Instagram/dariamironenko
Novosibirsk vilayətində artıq bir neçə həftədir ki, heyvanların kütləvi şəkildə məhv edilməsi səbəbindən fermerlər və hakimiyyət orqanları arasında kəskin münaqişə davam edir.
Regional fermerlər və onlara rəğbət bəsləyənlər heyvanların öldürülməsini dayandırmaq xahişi ilə azı altı müraciət yazıblar: onlardan yarısı birbaşa Prezident Vladimir Putinə ünvanlanıb.
Hakimiyyət baş verənləri pasterelyoz və quduzluq alovlanması ilə izah edir, lakin rəsmi sənədlər təqdim etmir.
Bəzi hallarda fermerlərin iddia etdiyinə görə, heyvanlar ilkin analizlər aparılmadan və sahiblərindən xəbərsiz məhv edilir.
Buuna görə də hakimiyyətin bu xəstəliklərlə mübarizə pərdəsi altında daha ciddi bir təhlükəni gizlədə biləcəyi barədə şübhələr getdikcə daha ucadan səslənir.

Şəklin mənbəyi, Kirill Kukhmar/TASS
Novosibirsk vilayətinin Ordınsk rayonunda karantin tətbiq edilən bir neçə kəndin, o cümlədən Koziha və Novopiçuqovo kəndlərinin sakinləri heyvanların sağ saxlanılması xahişi ilə Vladimir Putinə və İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə açıq müraciətlər qeydə alıblar.
Martın 18-də Kozihada hətta yaşayış məntəqəsinin adını Vladimir Vladimiroviç Putin kəndi olaraq dəyişdirmək planları elan edildi: yerli sakinlərin sözlərinə görə, bu, "öz ölkəsini və torpağını sevən" insanların jestidir.
Bundan əvvəl isə kənd sakinləri videoda cəbhədəki əsgərləri, o cümlədən onları ərzaqla necə dəstəklədiklərini danışırdılar.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Ehtimal olunur ki, kənd sakinləri bu mövzuya həm də hakimiyyətlə qarşılıqlı əlaqə qurmaq və öz loyallıqlarını nümayiş etdirmək üsulu kimi müraciət edirlər.
Bu narazılıq dalğasına Novosibirsk vilayətindən olan və Ukraynada döyüşən rusiyalı hərbçilər də qoşulub.
Karasuk rayonunun Çernokurye kənd sakini Anton Doljenko müharibədə yaralandığına ona ödənilən pulla aldığı heyvanların müsadirə edilməsi planlarından şikayətlənib (Novosibirsk vilayətində yaralanmaya görə federal və regional ödənişlərin cəmi 4 milyon rubla qədər təşkil edir və könüllüləri cəlb etmək üçün tədbirlər sırasında istifadə olunur).
Martın 17-də şəbəkədə, ehtimal ki, maskalı rusiyalı hərbçilər tərəfindən Koziha fermer ailələrinə dəstək məqsədilə və onları "cəbhənin dayağı" adlandırdıqları digər bir müraciət peyda olub.
Etirazlar videomüraciətlərin hüdudlarını aşıb. Ordınsk rayonunda fermerlər heyvanların aparılmasına imkan verməməyə çalışıb və yolları kəsiblər. Buna görə onlara polisə çağırış vərəqələri verilib və icazəsiz aksiyada iştirak etdikləri üçün protokollar tərtib edilib.
Martın 11-də Koziha və qonşu Novopiçuqovoda baş verən etirazlar zamanı üç nəfər saxlanılıb: Koziha kənd şurasının deputatı Larisa Vyunnikova, əczaçı Maksim Vil və fermer Andrey Qavrilenko.
Onlara iki günlük həbs cəzası verilib, Vilə isə həmçinin polisə itaətsizlik ittihamı irəli sürülüb. Hüquq müdafiəçilərinin məlumatına görə, hazırda onlar artıq azadlıqdadırlar.
Yerli bloqerlərin məlumatına görə, Kozihadan olan altı fermer, martın 9-da yerli müəssisənin yaxınlığında heyvan qəbiri qazmağa gələn texnikanın yolunu kəsdikləri üçün cərimələnib.
"Agentstvo" nəşri ("xarici agent" kimi tanınıb) yeddi nəfərin cərimələndiyini yazıb. Əslən Kozihadan olan və hazırda doğma kəndində olan, oradakı vəziyyəti öz İnstaqram hesabında aktiv şəkildə işıqlandıran Darya Mironenko bu cərimələri öz Telegram kanalında kəndlilər üçün toplanan ianələr hesabına ödədiyini bildirib.
Daryanın sözlərinə görə, valideynləri 30 ildir kənddə təsərrüfatla məşğul olurlar.
"Heyvanlarını yandırdıqdan sonra, onlar səhər oyanacaqlar, həyətə çıxacaqlar və bir boşluq görəcəklər ki, ondan sonra insanlar, sadəcə, yaşamaq istəmirlər, hamı ağlayır, bütün kənd. Yəqin ki, bunun nə qədər ağrılı və incidici olduğunu anlayırsınız; təsəvvür edin ki, heyvanlara öz övladları kimi yanaşanda, onları yemləyəndə, doğuşlarını qəbul edəndə..." - deyə Darya öz videolarında təsvir edir.
"Kolxozçuları həyat və ölümün astanasında gəlirsiz qoya bilərikmi? Bizim ümumiyyətlə işimiz yoxdur və bu, Novosibirskdən 70 kilometr aralıda yerləşən bir kənddir", - deyə o əlavə edir.
Lakin Mironenkonun sözlərinə görə, Kozihada heyvanlar hələ ki sağ olsa da kəndin yaxınlığında artıq heyvan qəbiristanlığı salınıb, digər kəndlərdə mal-qaranı artıq məhv etməyə başlayıblar, üstəlik, bəzən sahiblərinin iştirakı olmadan.
Martın 14-də vilayətin Kupinsk rayonunun Novoklyuçi kənd sakini Svetlana Panina qubernator Andrey Travnikovun qəbul otağının qarşısına təkbaşına piketə çıxıb.
Onun plakatında yazılmışdı ki, hakimiyyət orqanları onun 40 inəyini, 150 qoyununu, yeddi keçisini, üç dəvəsini və iki donuz balasını müsadirə edərək məhv ediblər.
Beləliklə, onun bütün təsərrüfatı məhv edilib. Panina danışırdı ki, o, qonşuda olduğu müddətdə baytarlar və polis heç bir xəbərdarlıq etmədən onun bütün mal-qarasını "yatızdırıb".
Novoklyuçidə heyvanların yandırılmasını əks etdirən videonu martın 17-də "Takie dela" nəşri dərc edib.

Şəklin mənbəyi, https://t.me/disclosed_blog
Martın 16-da Novosibirsk vilayətinin kənd təsərrüfatı naziri Andrey Şindelovun Paninanı öz kabinetində qəbul etməkdən imtina etdiyini və nazirliyin dəhlizləri ilə hərəkət edərək onun suallarından hərfi mənada qaçdığını əks etdirən video yayılıb.
O, hər gün regional məmurlarla ünsiyyət qurmağa çalışır, çünki onun kəndində zərərçəkmiş fermerlərə ödənişlər bir ay ərzində hələ də edilməyib.
Martın 18-də Novosibirsk vilayəti qanunverici məclisinin aqrar siyasət komitəsinin rəhbəri Denis Subbotin baş verənlərə görə ondan və digər fermerlərdən üzr istəyib və yaxın günlərdə ödəniş məsələsini həll edəcəyinə söz verib.
Bənzər hadisə Karasuk rayonunun Çernokurye kəndindən olan Konstantin Polejayevin də başına gəlib.
Onun 169 baş iribuynuzlu mal-qarası və 18 qoyunu kəsilib. Fermerin özü bildirib ki, hər şey onun yoxluğunda baş verib: ona zəng etməyiblər, xəbərdarlıq etməyiblər, nə analizlərin nəticələrini, nə də rəsmi rəyi təqdim ediblər.
Qonşuları baş verənləri qarət kimi təsvir ediblər.
"Takie dela" xəbər verir ki, Novosibirsk vilayətinin bəzi kəndlərinin sakinləri öz inəklərini müstəqil şəkildə kəsməyə və əti şəxsi istehlak üçün soyuducuda saxlamağa başlayıblar.
Onların bu əti satmaq və daşımaq hüququ yoxdur, əks halda 300 min rubl məbləğində cərimə ilə üzləşə bilərlər.
Hakimiyyət heyvanların məhv edilməsini necə izah edir
Novosibirsk vilayətinin hakimiyyət orqanları sərt tədbirləri pasterelyoz və quduzluq alovlanması ilə izah edir, lakin dəqiq diaqnozun əks olunduğu sənədləri açıq şəkildə nümayiş etdirmirlər.
Onlar regional hökumətin "xidməti istifadə üçün" qeydi olan 167 nömrəli sərəncamına istinad edirlər ki, BBC bu sərəncamı açıq mənbələrdə tapa bilməyib.
Quduzluq həqiqətən də heyvanların "xüsusilə təhlükəli xəstəlikləri"nin mövcud siyahısına daxildir, lakin pasterelyoz, adətən, təsərrüfatlardakı bütün heyvanların kütləvi şəkildə məhv edilməsi kimi radikal tədbirlərlə əlaqələndirilmir.
Əlçatan rəsmi sənədlərdə və ictimai mesajlarda söhbət, bir qayda olaraq, yoluxmuş heyvanlar üçün peyvəndləmə və bir aylıq karantindən gedir.
Martın əvvəlində Novosibirsk vilayətinin Kənd Təsərrüfatı Nazirliyi elan edib ki, vilayətin beş rayonunda quduzluq və pasterelyoz ocaqlarının sayının artması səbəbindən fermerlərdən mal-qaranı müsadirə edəcək.
Məmurlar xəstəliyin alovlanma səbəblərindən biri kimi qarlı qışı göstəriblər: çox miqdarda qar yağdığı üçün vəhşi heyvanlar qida axtarışında insanların yanına gəlməyə və peyvənd olunmamış ev heyvanlarını yoluxdurmağa başlayıblar.
Daha sonra vilayət baytarlıq xidmətinin rəisi Yuri Şmidt məsuliyyətin bir hissəsini fermerlərin üzərinə qoyaraq bəyan edib ki, şəxsi yardımçı təsərrüfatlarda "ağlasığan və ağlasığmaz pozuntular" olub, heyvanların bir hissəsi isə, ehtimal ki, peyvənd olunmayıb.
Bununla belə, artıq martın 10-da İstintaq Komitəsi pasterelyozla bağlı vəziyyətə görə Novosibirsk Kənd Təsərrüfatı Nazirliyində səhlənkarlıq maddəsi ilə yoxlamalara başlayıb.
Martın 16-da isə məlum olub ki, regionda fövqəladə hal (FH) rejimi guya hələ bir ay əvvəl tətbiq edilibmiş.
Regional saytlarda bundan əvvəl fövqəladə hal barədə məlumat verilməmişdi.
Sakinlər iddia edirlər ki, hakimiyyət onlara mal-qaranın müsadirə edilməsi barədə rəsmi sənədləri göstərməyib, analizlərin nəticələri ilə tanış etməyib və bir sıra hallarda heyvanları ilkin laboratoriya təsdiqi olmadan məhv ediblər.
Bir çox fermerlər heyvanlarda xəstəlik simptomlarının olmadığını, təklif olunan kompensasiyaların isə zərəri ödəmədiyini bildirirlər.

Şəklin mənbəyi, Instagram/dariamironenko__
Belə ki, Novosibirsk vilayətində cəmdəyin bir kiloqramı üçün 170 rubldan bir az çox kompensasiya veriləcəyi deyilirdi, daha sonra isə başqa bir dəstək tədbiri - doqquz ay ərzində regional yaşayış minimumu məbləğində (hər nəfər üçün 18 560 rubl) aylıq ödənişlər barədə məlum yayıldı.
Lakin bu, fermerlər üçün kifayət deyil.
Çernokurye sakini Yuliya Kondalova hakimiyyətyönlü RT kanalına şikayətlənib ki, inəyin cəmdəyinə təxminən 50 min rubl kompensasiya təklif edirlər, halbuki onun sözlərinə görə, normal bir buzovun qiyməti 100 mindən baha olur.
Çernokuryedəki heyvan sahiblərinin çoxunda mal-qara sığortalanmayıb, bu isə o deməkdir ki, onlar yalnız hakimiyyətin ödənişlərinə ümid edə bilərlər.
Mediada baş verənlərlə bağlı alternativ versiyalar da peyda olur.
Onlardan biri budur ki, söhbət əslində pasterelyozdan deyil, daha təhlükəli və çox yoluxucu virus xəstəliyi olan dabaq xəstəliyindən gedə bilər və bu xəstəlik zamanı mal-qaranın kütləvi kəsilməsi təcrübəsi tətbiq olunur.
"Kommersant"ın aqrar bazardakı mənbələrə istinadən verdiyi məlumata görə, bu cür şayiələr biznesdə xüsusi narahatlıq yaradır, çünki dabaq xəstəliyinin alovlanması ət və süd məhsullarının ixracına zərbə vura bilər.
İnformasiya qıtlığı və ehtimal olunan dabaq epidemiyası barədə "Narodnoye televideniye Sibiri" YouTube kanalının jurnalisti İvan Frolov öz videosunda danışmışdı.
Video dərc edildikdən qısa müddət sonra o, qəsdən yalan məlumat yaydığına görə Novosibirskdə saxlanılıb və hazırda həmin video kanalda yoxdur.
Vilayət hakimiyyəti dabaq xəstəliyi ilə bağlı danışılanları rəsmən təkzib edir.
Martın 16-da jurnalist Kseniya Sobçak da bu xəstəliyi xatırlatmışdı.
Onun "Ostorojno. Novosti" nəşri bir mənbəyə istinadən yazırdı ki, Sverdlovsk vilayətinin qubernatoru Denis Pasler süd məhsulları istehsalçıları və ticarət şəbəkələrinin nümayəndələri ilə keçirdiyi iclasda heyvanların məhv edilməsinin səbəbinin dabaq xəstəliyi olduğunu izah edib.
Onun sözlərinə görə, xəstəlik Rusiyaya bir alman şirkətindən yem vasitəsilə daxil olub — buna görə də xəstəliyin yayılması bu qədər geniş yayılıb və bütün bunlar eyni vaxtda müxtəlif bölgələrdə baş verib.
Sənaye nümayəndələrinin ictimai bəyanatları da vəziyyətə aydınlıq gətirmir.
Belə ki, Novosibirsk fermer təsərrüfatları və kənd təsərrüfatı kooperativləri assosiasiyasının rəhbəri Aleksey Salnikov "Regional aspekt" nəşrinə bildirib ki, "faktiki olaraq adı çəkilən xəstəlik, aşkarlandığı ocaqdan beş kilometrlik zonada virus daşıyıcısı ola biləcək bütün heyvanların məhv edilməsini nəzərdə tutur".
Lakin pasterelyoz virus deyil, bakterial infeksiyadır və adətən, belə tədbirlər onunla əlaqələndirilmir.
Federal televiziya ilin əvvəlindən vəziyyət barədə susurdu və yalnız martın 17-də "Medialogiya" monitorinq portalının məlumatına görə, "Rossiya 1" və "Rossiya 24" kanallarında hökumətin Novosibirsk vilayətinə işçi qrupu göndərdiyi və öldürülən heyvanların sahiblərinə kompensasiya veriləcəyi barədə qısa məlumatlar səslənib.
Baş verənlər haqqında məlumat çatışmazlığı səbəbindən şəbəkədə xırda yardımçı təsərrüfatlardakı mal-qaranın "Miratorq" kimi iri aqrosənaye müəssisələrinin maraqları naminə məhv edildiyi barədə şayiələr geniş yayılmağa başlayıb.
Novosibirsk vilayətində narazıların qəzəbi xüsusilə "İrmen" damazlıq zavodunun üzərinə tökülüb, burada karantinin elan edilib-edilmədiyi tam aydın deyil: zavodun əməkdaşının bu barədə jurnalistlərə məlumat verdiyi iddia edilsə də, sonradan şirkət bu məlumatı təkzib edib.
Yerli medianın məlumatına görə, damazlıq zavodu süd və süd məhsullarının satışını davam etdirir. Müəssisə sahibinin hakim "Yedinaya Rossiya" partiyasından olan yerli deputat olması faktı isə xüsusi hiddət doğurub.
Məhv edilmənin coğrafiyası
Novosibirsk vilayəti ictimai münaqişənin mərkəzinə çevrilib, lakin kənd təsərrüfatı heyvanlarını məhv etməyə hələ keçən payız və qışda Sibir və Volqaboyu regionlarında başlamışdılar.
Ölkənin ən azı on regionunda keçən ilin sonundan bəri pasterelyoz qeydə alınıb. Bir sıra hallarda minlərlə mal-qara, o cümlədən dəvələr kimi ekzotik heyvanlar belə öldürülüb.
Bütün bu məlumatları yoxlamaq qeyri-mümkündür, lakin ümumilikdə söhbət ən azı təxminən 90 min heyvandan - təxminən 80 min donuz və 10 min inəkdən gedə bilər.
Rosstat-ın məlumatına görə, 2025-ci ilin dekabr ayının sonuna Rusiyada təxminən 7 milyon inək və 28 milyon donuz var idi.
Mal-qaranın müsadirə edilməsi və məhv edilməsi halları haqqında Penza və Samara vilayətlərində də məlumdur.
"pravo.vet" layihəsinin hüquqşünası Andrey Kuzmin "Forbes Russia"ya bildirib ki, Samara vilayətində heyvanlar aydın izahat verilmədən müsadirə edilir, sahiblərinə yalnız qubernator fərmanları göstərilir, laboratoriya araşdırmalarının nəticələri isə təqdim edilmir.
Mediada, həmçinin Penza vilayətinin Privolye kənd sakininin hekayəsi də yayılıb; o deyir ki, fevralın 14-də onun 128 kəlini müsadirə ediblər.
Onun danışdıqlarına görə, heyvanlar öldürüldükdən sonra "mal-qara sadəcə küçədə qalmışdı, quşlar onları didirdi, cəmdəkləri tülkülər və itlər sürüyürdü", heyvan cəsədlərini isə yalnız üçüncü-dördüncü gündə yandırmağa çalışıblar, o da ilk cəhddən alınmayıb.
İri təsərrüfatlarda ən irimiqyaslı kəsim hallarından biri Altay Respublikasında baş verib.
Orada xəstəlik ocaqlarının sayı yanvarın ortalarında 40 olduğu halda, fevralın 10-na qədər 70-ə çatıb.
Martın əvvəlində hakimiyyət orqanları artıq yeni halların aşkar edilmədiyini bildirmiş və məhdudiyyətlər tədricən götürülməyə başlanmışdı.
Bundan əvvəl karantin iki iri heyvandarlıq kompleksinə — "Mitprom" və "Ekoniva Altay"a toxunmuşdu.
Yerli "VGTRK Vesti Altay" media holdinqinin məlumatına görə, pasterelyozun birinci alovlanmasından sonra "Mitprom" 43 mindən çox donuzu məhv edib, ikinci alovlanmadan sonra isə daha 34 mindən çox heyvanın məhv edilməsinə başlanılıb. "Ekoniva Altay"dakı heyvanların taleyi məlum deyil.
Tomsk vilayətində pasterelyoz ocağı fevral ayında "Zareçnoye" süd fermasında tapılıb.
"RİA Tomsk"un məlumatına görə, infeksiya mindən çox heyvanda aşkar edilib. Agentlik "ləğv edilmiş mal-qaranın cəsədlərinin məhv edilməsi" barədə məlumat yayıb.
Omsk vilayətində fevralın əvvəlində pasterelyoz səbəbindən mal-qara tələfatı təxminən 100 baş barədə məlumat verilmişdi, "Aqrar şura"nın məlumatına görə isə, sonradan iri heyvandarlıq təsərrüfatlarında 2000-ə yaxın heyvan öldürülüb. İddia olunur ki, şəxsi mal-qara müsadirə edilməyib.
Sverdlovsk vilayətində pasterelyoz səbəbindən karantin tətbiq edildikdən sonra çiy südün çıxarılması qadağan edilib və regionda emal gücləri çatışmadığı üçün bəzi istehsalçılar südü torpağa tökməli olublar.
Zabaykalye diyarında fövqəladə hal (FH) rejimi 2025-ci ilin noyabrından qüvvədədir: orada ət, süd və süd məhsullarının satışına qoyulan məhdudiyyətlərlə yanaşı, sərhədlərdə nəqliyyat vasitələrinə baxış keçirilir.
Yüksək hazırlıq rejimi qonşu Buryatiyada da qüvvədədir.
Paralel olaraq bir sıra regionlarda quduzluq da qeydə alınıb. Məsələn, martın 13-də Omsk vilayətinin üç yaşayış məntəqəsində quduzluğa görə karantin tətbiq edilib.
Bir neçə gün sonra oxşar karantin Krasnoyarsk diyarının Norilsk şəhərinin şimal hissəsində də peyda olub, lakin orada buna vəhşi heyvan cəsədi səbəb olub. Novosibirsk vilayətindəki kimi radikal tədbirlərdən hələ ki söhbət getmir.
Bəzi qonşu regionlar, məsələn, Xakasiya, preventiv olaraq baytarlıq nəzarətini gücləndirib, Tatarıstanda isə hakimiyyət orqanları heyvanların qanunsuz gətirilməsinə nəzarətin artırıldığını bəyan ediblər.
Hakimiyyətin susmasına baxmayaraq, vəziyyət Rusiyanın bəzi yaxın qonşularını Rusiya mal-qarasının idxalını müvəqqəti dayandırmağa sövq edib.
Martın 17-də Belarus epizootik vəziyyətin pisləşməsi ilə əlaqədar Rusiyanın 14 regionundan və Şimali Qafqaz Federal Dairəsindən mal-qara və heyvandarlıq məhsullarının gətirilməsinə qadağa qoyub.
Bu regionların siyahısı BBC Rusca Xidmətinin son dörd ay ərzində mal-qara kəsimi barədə məlumat tapdığı regionlarla tam üst-üstə düşmür.
Qazaxıstan hələ qışda Novosibirsk vilayəti də daxil olmaqla Rusiyanın bir neçə regionundan mal-qara idxalına və tranzitinə müvəqqəti məhdudiyyətlər tətbiq edib. Fevral ayında ixtisaslaşmış resurslarda Kabardin-Balkardan gətirilən və dabaq xəstəliyinə işarə edə biləcək simptomları olan bir partiya mal-qaranın saxlanıldığı barədə məlumat verilmişdi.



























