İranın yeni hakimiyyəti müharibədən əvvəlkindən nə qədər fərqlənir?

Şəklin mənbəyi, BBC/Getty
- Müəllif, Paul Adams
- Vəzifə, BBC
- Çap edildi
- Oxuma vaxtı: 8 dəq
ABŞ Prezidenti Donald Tramp ötən ay Parisdəki Versal sarayında təşkil edilən şam yeməyi zamanı İranla atəşkəs sazişi imzalayanda, bir çoxları bunda bir istehza gördü.
Ev sahibi olan Fransa Prezidenti Emmanuel Makron, Trump fikrini dəyişməmiş Anlaşma Memorandumunun imzalanmasını təmin etmək istəmiş və yəqin ki, həmin dəbdəbəli Güzgülü zalın qonağın xoşuna gələcəyini hesablamışdı.
Lakin məkan seçimi səhifə yarımlıq bu sazişlə Birinci Dünya Müharibəsinin sonunda, 1919-cu ildə imzalanmış olduqca genişmiqyaslı Versal müqaviləsi arasında müqayisələrin aparılmasına rəvac verdi.
1919-cu il müqaviləsi Avropanı yenidən formalaşdırmışdı; lakin gətirdiyi ağır təzminat öhdəlikləri qəzəbli və incik bir Almaniya yaratmış və cəmi 20 il sonra baş qaldıracaq növbəti qlobal fəlakətə zəmin hazırlamışdı.
Bir çox cəhətdən fərqlənən İran sazişi də eyni şəkildə taleyüklü bir xarakter ala bilərmi?
Təxminən ötən üç həftənin ardından, kövrək atəşkəs az-çox qüvvədə qalmaqdadır.
Bununla belə, Hörmüz boğazı və ətrafında baş verən müxtəlif toqquşmalarla yanaşı, müharibəyə səbəb olan problemlərin heç biri həllinə yaxınlaşmayıb və Yaxın Şərqdəki vəziyyət eynilə əvvəllər olduğu kimi son dərəcə qeyri-sabit bir mənzərə nümayiş etdirir.

Şəklin mənbəyi, Getty Images
Bu arada İran dərin bir dəyişiklik prosesinin ortasındadır.
Ölkə dörd ay əvvəl, müharibənin başladığı gün, Tehran hakimiyyətinin böyük hissəsini sıradan çıxaran dağıdıcı ABŞ-İsrail müştərək hava hücumlarında öldürülən keçmiş dini lideri Ayətullah Əli Xameneiyə vida edir.
Bu, böyük bir andır: köhnə nəslin yerini yenisinin aldığını göstərən ehtişamlı bir xatırlatma.
Və yeni simalarla birlikdə öz nəticələrini doğuran yeni bir yanaşma gəlir.
ABŞ və İsrail ölkənin keçmiş liderlərinin çoxunu vaxtından əvvəl məzara göndərmiş ola bilər, lakin onların yerinə daha da güclü rəqiblərmi gəlib.
Şahmat taxtasını yenidən qurmaq
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Johns Hopkins Universitetinin beynəlxalq münasibətlər və Yaxın Şərq araşdırmaları professoru Vali Nəsr mənə bildirdi: "Bu müharibə indiyə qədər ona verdiyimiz dəyərdən qat-qat çox nəticə doğurur və daha böyükdür".
O, sözlərinə belə əlavə etdi:
"Bu miqyasda olan bütün böyük müharibələr sonda şahmat taxtasını yenidən qurur. Bu da Yaxın Şərq üçün eynisini edəcək".
Yanvar ayında İran həm Trump-ın, həm də İsrailin Baş naziri Benyamin Netanyahunun İslam Respublikasının çöküşünü müjdələyə biləcəyini iddia etdiyi xalq etirazları ilə sarsılırdı.
İran iqtisadiyyatı onsuz da onilliklər boyu davam edən beynəlxalq sanksiyalar səbəbindən viran qalmışdı.
Ölkə, həmçinin altı ay əvvəl ABŞ və İsrail ilə yaşanan 12 günlük müharibənin ardından hələ də ağır yaralar daşıyırdı.
Trump-ın öyündüyü kimi, İranın nüvə proqramı tamamilə yox edilməmişdi, lakin ciddi şəkildə zərər görmüşdü.
Daha çox zənginləşdiriləcəyi təqdirdə 10 və ya 11 atom bombasına yetəcək miqdarda olduğu ehtimal edilən uran ehtiyatının harada olduğu dəqiq bilinmirdi; lakin böyük hissəsinin İsfahan nüvə obyektinin yaxınlığında dağıntılar altında qaldığı düşünülürdü.
Daha geniş regionda isə İranın Yaxın Şərqdəki vəkil qüvvələrdən və müttəfiqlərdən ibarət zəif ittifaqı olan "Müqavimət Oxu" bir sıra böyük uğursuzluqlar yaşamışdı.
Suriyada, İranın yaxın müttəfiqi Bəşər Əsəd rejimi yox olmuş, 2024-cü ilin sonlarında bir neçə hərəkətli həftə ərzində devrilmişdi.
Livanda isə İsrail, İran tərəfindən dəstəklənən Hizbullahın öndə gələn simalarına qarşı sui-qəsdlər təşkil etmiş, partlayan peycerlər və ratsiyalar vasitəsilə təşkilatın döyüşçü heyətini böyük ölçüdə sıradan çıxarmışdı.
Qəzza zolağında İranın digər bir müttəfiqi HƏMAS da oxşar tale ilə qarşılaşmışdı.
İsrail qruplaşmanın 2023-cü ilin oktyabrındakı dağıdıcı hücumlarına Qəzzanın böyük hissəsini xarabalığa çevirən və on minlərlə mülki şəxsi qətlə yetirən amansız bir hücumla cavab verdi.
Və Qəzza müharibəsi səbəbindən İran tərəfindən dəstəklənən husilər Yəməndən İsrailə ballistik raketlər atıb Qırmızı dənizdəki gəmilərə hücum etməyə başladıqda; İsrail, ABŞ və Böyük Britaniya əks-hücumlar təşkil etdi, bunların bəziləri birbaşa qruplaşmanın rəhbərliyini hədəf aldı.

Şəklin mənbəyi, Getty Images
Ölkə daxilində və xaricində yaşanan bu qədər uğursuzluqdan sonra ümumi rəy ondan ibarət idi ki, İran son dərəcə kövrək bir vəziyyətdədir.
"New York Times" qəzeti Trump-ın, İranın 1979-cu il İslam inqilabından bəri ən zəif dövrünü yaşadığını göstərən müxtəlif kəşfiyyat hesabatları aldığını yazmışdı.
İranın ABŞ və İsraillə baş-başa mübarizə apara biləcəyi fikri real görünmürdü.
Lakin baş verənlər elə bu oldu.
İslam respublikası hələ də ayaqdadır; bunda dünyanın ən mühüm su yollarından biri olan Hörmüz boğazını bağlamaq və qlobal iqtisadiyyatı boğmaq imkanının da rolu var.
Üstünlük Tehrandadırmı?
Trump İranda rejim dəyişikliyi etdiyini deməyi xoşlayır.
Vali Nəsr bununla razılaşır, lakin bu prosesin əslində Tehranın xeyrinə işlədiyini qeyd edir:
"Tamamilə yeni bir nəsil hakimiyyəti təhvil aldı. Onların çox aydın bir gündəliyi var. Müharibəni idarə etdikləri kimi, indi sülhü də idarə edəcəklər".
Nəsrə görə, yeni rəhbərlik Vaşinqtonun vərdiş etdiyi kimi "dumanlı düşüncəli, qiyamətçi ideoloqlardan" ibarət deyil; daha çox dövlətin qorunmasına amansızcasına diqqət yetirən və sələflərindən daha qətiyyətli davranmağa hazır olan inqilabdan sonrakı liderlərdən formalaşıb.
Ölkənin yeni dini lideri Müctəba Xamenei 56 yaşındadır və müharibənin əvvəlində öldürülən, səhhətinin zəif olduğu düşünülən atası Əli Xameneidən 30 yaş gəncdir.
Prezident Məsud Pezeşkianın isə 71 yaşı var, lakin 1979-cu il inqilabını reallaşdıran nəsil artıq tamamilə sıradan çıxıb.
Digər iki mühüm fiqur – Məclis sədri Məhəmməd Baqir Qalibaf ilə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Baş komandanı Əhməd Vahidi də 60 yaşındadırlar.
Yeni dini lider kimi, hər ikisinin də son dərəcə güclü olan İslam İnqilabı Keşikçiləri Korpusu (IRGC) ilə sıx əlaqələri var.
Londonda yerləşən "Chatham House" beyin mərkəzinin Yaxın Şərq və Şimali Afrika Proqramının direktoru Sənəm Vəkil bildirir: "Bunlar inqilabın övladlarıdır. Artıq 86 yaşlı bir şəxs İslam Respublikası gəmisini idarə etmir. Sistemin təkamül etməsinin qarşısındakı ən böyük əyləc Əli Xamenei idi".
Onilliklər ərzində ehtiyatlı davranan Xamenei zaman-zaman "nə müharibə, nə sülh" adlandırılan bir strategiya yürütdü.
Onu əvəz edənlər isə daha cəsarətli addımlar atdılar; regiondakı ABŞ bazalarına hücumlar təşkil etdilər və ardınca cəmi bir neçə həftə ərzində, görünür, Tehran üçün alçaldıcı olmayan şərtlərlə müharibəyə son qoymaq məqsədilə danışıqlar masasına oturmağa istəkli olduqlarını nümayiş etdirdilər.
Nəsr deyir: "Onlar müharibəyə əvvəlki nəsildən qat-qat daha təcavüzkar şəkildə girməyə hazır olduqlarını göstərdilər".
2020-ci ildə Trump İnqilab Keşikçilərinin keçmiş komandanı Qasım Süleymanini öldürən hava hücumu əmrini verəndə, İran qisas almaq niyyətini əvvəlcədən açıq şəkildə bəyan etmiş və ardınca İraqdakı ABŞ bazalarına 12 ballistik raket atmışdı.
Həmin vaxt ABŞ-nin heç bir hərbi qulluqçusu həlak olmamışdı.

Şəklin mənbəyi, Anadolu via Getty Images
Bu il isə ABŞ və İsrailin irimiqyaslı hücumu qarşısında İran eyni dərəcədə ehtiyat nümayiş etdirmədi; Bəhreyndəki Beşinci Donanma qərargahı və Qətərdəki Əl-Udeyd Hava Bazası da daxil olmaqla, regiondakı çoxlu sayda ABŞ bazasına raket və PUA hücumları təşkil etdi.
Küveytdə altı ABŞ hərbçisi həlak oldu.
Toqquşmalar zamanı yüzlərlə insan yaralandı.
İranın Körfəz ölkələrindəki ABŞ müttəfiqlərini hədəf almağa, gəmiçiliyə zərbə vurub Hörmüz boğazını bağlamağa hazır olması da Ağ Ev üçün sürpriz olmuş kimi görünürdü.
Vaşinqton onilliklər boyu hərbi obyektlər şəbəkəsi və Körfəz ölkələri ilə inkişaf edən münasibətləri sayəsində İranı mühasirəyə almağa çalışmışdı.
İranın İsrail və ABŞ hücumlarına verdiyi kəskin cavab bu strategiyanın artıq işə yaramadığını düşündürdü.
"Bu ölkələrin çoxu, ərazilərindəki ABŞ bazalarının onlara təhlükəsizlik təmin etməsini ümid edirdi; onları hədəfə çevirməsini deyil", - Beynəlxalq Böhran Qrupunun İran layihəsi üzrə direktoru Əli Vaez qeyd edir.
"Körfəz dövlətləri indi ABŞ təhlükəsizlik çətirinin və öz çəkindirmə strategiyalarının etibarlılığını şübhə altına qoyurlar", - o əlavə edir.
Məlumatlara görə, Körfəz ölkələrinin əksəriyyəti münasibətləri bərpa etmək məqsədilə İrana müxtəlif mesajlar göndərir.
AFP agentliyi adı açıqlanmayan bir diplomata istinadən yaydığı xəbərdə, 2023-cü ildə Tehranla münasibətlərini yenidən quran Səudiyyə Ərəbistanının İran və Körfəz qonşularını bir araya gətirəcək "barışıq sammiti" təşkil etməyə hazırlaşdığını belə bildirdi.
Lakin Vaez bu ölkələrin heç birinin ABŞ ordusu ilə əlaqələrini kəsməyə hazır olduğuna inanmır.
"Təhlükəsizlik baxımından Birləşmiş Ştatlardan həddən artıq asılıdırlar", - o deyir.
"Riskləri bölüşdürməyə çalışa bilərlər, lakin günün sonunda gedəcək daha yaxşı bir yerləri yoxdur", - Vaez qeyd edir.
O, daha böyük tarixi bənzətmələrdən qaçaraq mövcud vəziyyəti, köhnə rəqiblərin fərqli münasibət formalarını dəyərləndirdiyi, imkanlarla dolu bir "elastik an" kimi xarakterizə edir.
"Keçmişdə olmayan dərəcədə bir reallıq hissi var" deyir.
Bəs İran xalqı?
Yeni praqmatiklər
Yanvar ayında Trump İran vətəndaşlarına "yardım göndərmək" vədi vermişdi.
28 fevralda müharibəni başladarkən isə daha açıq danışdı:
"Biz işimizi bitirdikdə hökumətinizi təhvil alın. Onu idarə etmək sizin əlinizdə olacaq" demişdi.
Bu vədlər indiyə qədər xəyaldan o tərəfə keçməyib.
Tehranda yeni bir nəsil hakimiyyətə gəlmiş ola bilər, lakin bu, hələ xalqa daha azad və daha firavan bir gələcək vəd edən nəsil deyil.

Şəklin mənbəyi, Getty Images
Hakimiyyət tamamilə özünün sağ qalmasına köklənib və Əbu-Dabidə yerləşən "Chatham House" analitiki Ənisə Bəsiri Təbrizi müxalifətə yanaşmada fərqli bir xətt gözləmir.
"Küçələrə çox, amma çox güclü şəkildə fokuslanmağı davam etdirəcəklər", - o deyir.
Ancaq müharibədən əvvəl, dövlət qurumları xaricində hicab məcburiyyətinin faktiki olaraq tətbiq edilməməsi və Tehran restoranlarında spirtli içkilərin səssizcə tapıla bilməsi, rhakimiyyətin bəzi köhnə tabularından yavaş-yavaş imtina etdiyinə işarə edir.
Vali Nəsrə görə, bunun səbəbi tamamilə ehtiyacdan irəli gəlir: dövlətə olan etibarı yenidən bərpa etmək ehtiyacı.
"Praqmatik bir qərar qəbul etdilər; dövlət mənafeləri bunu tələb edir" deyir.
Yanvar ayındakı kütləvi qırğının yaratdığı şokun ardından hakimiyyət, ən azından ölkənin suverenliyini qoruya bildiyini nümayiş etdirmiş vəziyyətdədir.
İranlılar üçün müharibə son dərəcə çaşqınlıq yaradan bir proses oldu.
Hakimiyyətin qəddarlığına qarşı duyulan dəhşət zamanla fərqli bir vahiməyə çevrildi; Amerika və İsrail bombaları ölkələrinə yağarkən mülki şəxslər həlak oldu və həyati əhəmiyyətli infrastruktur zərər gördü.
Müharibənin ilk günündə Minabdakı bir ibtidai məktəbdə onlarla uşağın həyatını itirməsi bəzi insanların əsl düşmənin kim olduğunu sorğulamasına səbəb oldu.
Onları azad etmək vədi verən İsrail və ABŞ ölkəni məhv etməkdə qərarlı görünürdü.
Ancaq ABŞ və İsrailin birləşmiş gücünə müqavimət göstərdikdən sonra İranın yeni rəhbərliyi hakimiyyətin sarsılmış legitimliyini yenidən qurmaq üçün bu, - ehtimal ki, müvəqqəti olan fürsətdən yararlana bilərmi?
Əli Vaez qeyd edir: "Bu, bir növ Mao sonrakı Çin anıdır".
"Çünki sistem nələrinsə dəyişməli olduğunun fərqindədir. Yeni rəhbərlik yeni bir ictimai müqaviləyə ehtiyacı olduğunu anlayır".
Buna nail olub-olmayacaqları isə açıq sual olaraq qalır.
İran bu gün hər zamankından daha çox İnqilab Keşikçilərinin elitası tərəfindən idarə olunur; buna qarşı olaraq, yanvar ayındakı qanlı yatırılmada minlərlə dostunu itirən və onların yasını tutan çox sayda yaxşı təhsil almış gənc ölkənin gələcəyini müəyyənləşdirməkdə real söz sahibi olmadığını düşünür.
Bu, İranın həm daxildə, həm də xaricdə köhnə qətiyyətlər ilə gələcək ehtimallar arasında həssas bir şəkildə dayandığı dönüş nöqtəsidir.
Körfəzdə son dövrlərdə yaşanan müxtəlif gərginliklərə baxmayaraq, Tehran ABŞ ilə diplomatik prosesə qədəm qoyub; bu proses ABŞ vitse-prezidenti JD Vance artıq "təməldən transformasiya olunmuş bir münasibət" kimi xarakterizə etdiyi bir nəticəyə gətirib çıxara bilər.

Şəklin mənbəyi, Getty Images
Nüvə güzəştləri müqabilində sanksiyaların yüngülləşdirilməsi ehtimalı ilə üz-üzə qalan hakimiyyətin iqtisadiyyatı idarəetmə bacarığı ölkə daxilində itirdiyi nüfuzu yenidən qazanmasına kömək edə bilər.
Anlaşma Memorandumunun imzalanmasından bəri İran xam neft və neft məhsullarını 60 gün ərzində ixrac etməsinə icazə verən ABŞ sanksiya istisnalarından yararlanmağa başlayıb.
60 günlük danışıqlar prosesində İranın milyardlarla dollarlıq dondurulmuş aktivlərinin sərbəst buraxılması da daxil olmaqla, digər güzəştlər də edilə bilər.
Yekun razılaşma əldə olunduqda isə ən böyük mükafat – bütün beynəlxalq sanksiyaların ləğv edilməsi gündəmə gələ bilər.
Memorandumda həmçinin 300 milyard dollarlıq "yenidənqurma və inkişaf" planından da bəhs edilir; lakin bunun maliyyələşdirilməsini kimin təmin edəcəyi qeyri-müəyyən olaraq qalır.
Birlikdə qiymətləndirildikdə, bu iqtisadi stimullar İranın yeni liderlərinə razılığa gəlmək üçün güclü bir səbəb təqdim edir.
Sənəm Vəkil də regionun bir "imkanlar pəncərəsi" ilə qarşı-qarşıya olduğu fikrini bölüşür, lakin ehtiyatlı davranır:
"Razılaşmanın əldə olunmaması, prosesin uzanması və Prezident Trump-ın səbrini itirərək "Yaxşı, üçüncü raundun vaxtıdır" deməsi kimi bir ssenari də mövcuddur".
Danışdığım ekspertlərin heç biri gələcəyin zəmanət altında olduğuna inanmır.
İran, Yaxın Şərq qonşuları və ABŞ arasındakı onilliklər boyu davam edən problemli münasibətlər; dərin şübhələr və demək olar ki, tam bir etibarsızlıqla xarakterizə olunan zəhərli bir miras qoyub.
Uğursuzluq ehtimalı yarada biləcək bir çox məsələ var: İranın nüvə proqramı, Hörmüz boğazının gələcəyi, Livandakı müharibə və hər tərəfdəki radikalların kök salmış mövqeləri.
Təlatümlü altı ayın ardından region fərqli görünməyə başlayıb.
Lakin bunun daha yaxşı bir şeyə çevrilə bilməsi üçün hələ çox şeyin doğru getməsi lazımdır.



























