Təşvişə düşməyin: Uşaqların sonsuz sosial media vərdişini necə dayandırmaq olar? - 5 yol

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Emer Moreau
- Vəzifə, BBC, biznes müxbiri
- Çap edildi
- Oxuma vaxtı: 4 dəq
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Azərbaycan da daxil olmaqla, son dövrlərdə bir sıra ölkələrdə uşaqlar və yeniyetmələrin sosial mediadan istifadəsinə dair qadağalar və məhdudlaşdırıcı nəzarət qaydaları tətbiq edilməyə başlanıb.
Azərbaycanda 2026-cı ilin iyununda Milli Məclis sosial şəbəkələrin fəaliyyətini tənzimləyən qanunvericiliyə yeni dəyişiklikləri qəbul edib. Yeni qaydalarda 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdə hesab açmasına məhdudiyyət qoyulması, platformaların istifadəçilərin yaşını yoxlaması nəzərdə tutulur.
BBC müxbiri Emer Moreau bir neçə valideynlik üzrə ekspertdən heç olmasa qısa müddətə də olsa, telefonları uşaqların əlindən necə almaqla bağlı məsləhətlərini soruşub.
1. Kiçik addımlarla başlayın və real olun
Artıq uşaqlarına planşet və ya smartfon vermiş bir çox valideyn düşünə bilər ki, ən yaxşı yol sadəcə bu əşyalardan qurtulmaq olar. Lakin uşaq psixoloqu Dr. Jane Gilmour bunun ən məhsuldar seçim olmaya biləcəyinə inanır.
"Vərdişi dəyişmək həmişə çətin olacaq," - o deyir. Bunun əvəzinə, o, dəyişiklikləri ekran vaxtı ilə bağlı mübahisənin qızğın vaxtında deyil, neytral bir məqamda həyata keçirməyi tövsiyə edir: "Sakit beyinlər ən yaxşı ünsiyyət qurur."
Ekran vaxtını azaltmaq üçün yaxşı bir ilk addım evdə cihazlar üçün müəyyən bir yer – məsələn, xüsusi bir dolab təyin edilməsi ola bilər.
"Doldurucular (adapterlər) üçün bir yer ayırın... belə ki, telefonlar yığışdırılanda onlar doldurucuya qoyulsun və vəssalam."
2. Əməkdaşlıq edin
Uşaq psixoloqu Dr. Maryhan Baker bildirir ki, daha böyük yaşlı uşaqlar və yeniyetmələr üçün qoyulan qaydaların məcburi olması əvəzinə, ekran vaxtı ilə bağlı müzakirələrin bir hissəsi olması daha faydalıdır.
O deyir ki, sosial media ilə bağlı həmyaşıd təzyiqini etiraf etmək yeniyetmələrin tərəfimizə keçməsinə kömək edə bilər, məsələn, onlara belə demək olar: "Başa düşürəm ki, dostlarınla burada əlaqə saxlayırsan. Əgər bu platformada olmasan, yaşayacağın sosial təzyiqi də anlayıram. Bunu həqiqətən başa düşürəm."
"Gəl gün ərzində telefonda olmadığın vaxt aralığını necə yarada biləcəyimiz barədə danışaq."
Valideyn kouçu Olivia Edwards əlavə edir ki, uşağınız və ya yeniyetmə ilə güclü əlaqə qurmaq ekran istifadəsini tənzimləməyi asanlaşdıracaq.
"Biz uşağımızla möhkəm münasibətimizi qorumalıyıq, çünki bizi əməkdaşlığa, komanda işinə aparacaq olan məhz budur."
Buna övladınızın izlədiyi məzmuna səmimi maraq göstərmək də daxil ola bilər.
3. Ekran vaxtını öyrənmə imkanlarına çevirin
Bir çox valideyn sosial mediadakı sürətlə dəyişən dəblər və trendlərdən geri qaldıqlarını hiss edirlər.
Lakin ekran vaxtı ilə bağlı səmimi müzakirələr vasitəsilə həm böyüklərin, həm də uşaqların bir-birindən öyrənməsi üçün bir fürsət var.
Olivia deyir: "Siz belə bir şey deyə bilərsiniz: 'Səncə sosial media necə işləyir? Səncə bu tətbiq insanların ona baxmağa davam etməsi üçün necə işləyir? Bilirdinmi ki, insanlar orada nə qədər çox vaxt keçirsə, onlar o qədər çox pul qazanırlar?'"
Jane də bildirir ki, valideynlər uşaqlarına rəqəmsal savadlılığı praktiki yolla öyrədə bilərlər.
"Birlikdə baxa biləcəyiniz məzmunlar ola bilər və deyə bilərsiniz: 'Yaxşı, sənə elə gəlir ki, bu doğrudur? Bunun doğru olub-olmadığını necə yoxlaya bilərəm?'"
4. Nümunəvi davranış sərgiləyin
Uşaqların valideynlərini təqlid etməsi sirr deyil, buna görə də onlarda düzgün ekran vərdişlərini təşviq etmək üçün əvvəlcə özünüzü təhlil etməyiniz lazım ola bilər.
Maryhan buna xoş, yüngül yanaşmağı tövsiyə edir: "Hətta uşaqlarımızla özümüzü bir az tənqid edən şəkildə söhbət edə bilərik. Məsələn: "Hamımız bunda günahkarıq, mənim də telefonla münasibətim göründüyü qədər yaxşı deyil"".
Telefonlar və planşetlər istənilən yaşda olan insanlara daimi əyləncə mənbəyi təqdim edir, lakin Jane bildirir ki, darıxmaq hissi həm böyüklər, həm də uşaqlar üçün faydalı ola bilər.
"Ekranda olmaq bizi xarici dünyaya baxmağa məcbur edir. Biz öz daxili dünyamıza qayıdıb boşluğa, uzaqlara baxanda, bu, bizə keçmiş haqqında düşünməyə, gələcəyi vizuallaşdırmağa imkan verir və yaradıcılığı dəstəkləyir.
"Ona görə də uşaqlarınız 'edəcək bir şey yoxdur' deyə etiraz edib boşluğa baxırlarsa – bu normaldır. Hətta əslində, bu müsbət bir haldır."
5. Təşvişə düşməyin
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Valideynlik heç vaxt asan olmayıb, lakin ekranların hər yerdə olduğu və onların bizə necə təsir etdiyini hələ də öyrəndiyimiz bir dövrdə uşaq böyütmək çox narahatedici ola bilər.
Essex Universitetində rəqəmsal kommunikasiya üzrə mütəxəssis Dr. Tony Sampson deyir ki, valideynlər mənəvi təşviş tələsinə düşməməlidirlər.
"Narahat valideynlərin geniş yayılmış media təşvişinə qapılmaq və bütün yeniyetmə beyinlərini sadəcə sosial media asılılığına köklənmiş kimi görmək meyli var," – o deyir.
Lakin uşaqların və yeniyetmələrin neyroplastiklik dediyimiz bir xüsusiyyəti var – onların beyinləri böyüklərin beynindən daha yaxşı uyğunlaşma və bərpa olunma qabiliyyətinə malikdir.
"Biz sosial medianın diqqəti necə aşındırdığı haqqında çox oxuyuruq," – o deyir.
"[Lakin] sosial media diqqəti qısaltmır və ya məhv etmir. O, diqqəti tutur və kommersiya məzmunu ilə qarşılıqlı əlaqəyə yönəldir.
"Texnologiyanın müsbət istifadəsi yaradıcılıq, kəşf və öyrənmə üçün neyroplastikliyi artırmağa kömək edə bilər."

























