Bədən qoxunuzu dəyişdirən qidalar

    • Müəllif, Polly Weeks
  • Oxuma vaxtı: 4 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Bizə isti olanda daha çox tərlədiyimizi bilirik. Bu, bədənimizin sərin qalmaq üçün inkişaf etdirdiyi bir üsuldur.

Ancaq tərləmək hər nə qədər sağlam bir proses olsa da, xüsusilə bəzi qidalarla birləşdikdə yan təsiri o qədər də xoş olmaya bilər.

Bəli, tər qoxusundan bəhs edirik.

Niyə təriniz qoxuyur?

Tərin özü əslində bir qoxuya malik deyil. Qoxuyan şey, dərinizdəki tər ilə bakteriyaların qarışığıdır. Bu səbəbdən daha çox tərləmək mütləq daha çox qoxuyacağınız mənasına gəlmir.

İsveçdəki Karolinska Institutunda qoxu sahəsində mütəxəssis olan Prof. Johan Lundström tər qoxusunun bir çox amildən asılı olduğunu deyir.

Lundström, "Bədən qoxularımız apokrin və ekrin kimi fərqli tər vəzilərindən ifraz olunan birləşmələrin qarışığı nəticəsində yaranır" deyir və əlavə edir:

"Bu da qismən genlərimizə, təmizlik və genetika kimi amillər ilə bədənimizdəki bakteriya populyasiyası və rütubət, temperatur, hava təzyiqi kimi ekoloji xüsusiyyətlərə bağlıdır".

Lundströmə görə, "nə yediyimiz də" mühüm rol oynaya bilər.

Bədən iyini daha kəskin edən qidalar

Qidaların tərimizin qoxusuna nə dərəcədə təsir etdiyini tam bilmirik.

Bunun tam araşdırılmış bir mövzu olmadığını deyən Lundström, hansı qidaların buna təsir etmə ehtimalının daha yüksək olduğunu isə bildiyimizi söyləyir:

"Çox ət yeyən fərdlər, tərəvəz ağırlıqlı pəhriz saxlayanlarla müqayisədə adətən "daha pis" qoxumağa meyllidirlər".

"Həmçinin sarımsağı sevən birinin təri, ehtimal ki, daha qoxulu olacaqdır."

Sarımsaq və ət kükürdlə zəngindir. İstehlakdan sonra müxtəlif yollarla bədəndən xaric edilir. Qaz xaric etmək bu yollardan biridir. Digəri isə tərdir.

Qulançar və müxtəlif ədviyyatlar da "qan dövranına qarışan kimyəvi maddələr ehtiva edir" deyən Lundström əlavə edir:

"Oradan bayıra ifraz olunurlar. Qan dövranına girən əksər şey bir şəkildə bədən qoxumuz vasitəsilə xaric edilir".

Seçdiyiniz yeməklər sizdən xoş iy gəlməsini təmin edə bilərmi?

Tərinizin daha yaxşı qoxmasını təmin edəcək qidalar üzərində çox az araşdırma mövcuddur.

Buna baxmayaraq, bəzi tədqiqatlar hansı qidaların daha "cəlbedici" bir tər qoxusu yarada biləcəyinə dair ipucları verir.

Bu araşdırmalardan biri Avstraliyadakı Macquarie Universitetində həyata keçirilib.

Şampun istifadə etmədən qəbul edilən duşdan sonra 43 kişi iştirakçı pambıq köynəklərini geyindi. Dezodorant istifadəsi də qadağan idi.

Kişilərin 48 saat boyunca əyinlərindən çıxarmadıqları köynəklər daha sonra qoxu analizinə cəlb olundu.

Nəticə?

Daha çox meyvə və tərəvəz istehlak edən kişilərin "daha xoş qoxulu tər" ifraz etdikləri məlum oldu.

Yağ, ət, yumurta kimi qidalar qəbul edənlərdə də müsbət nəticələr əldə edildiyi halda, daha çox karbohidrat istehlak edənlərin "daha kəskin və daha xoşagəlməz tər qoxusuna" sahib olduqları müşahidə edildi.

Qadınlarda bənzər bir vəziyyət üzərində aparılan daha məhdud bir araşdırmada, "tam kalori məhdudlaşdırılması" pəhrizi saxlayan qadınların pəhrizdən əvvəl, pəhriz zamanı və sonrakı tər nümunələri analiz edilib.

Kişilər yenidən kalori qəbul etməyə başlayan qadınların tər qoxusunu daha xoş hesab ediblər.

Yenə kişilərin fikrincə, kalori məhdudlaşdırılması dövründə qadınların daha xoşagəlməz bir tər qoxusu ifraz etdiyi müşahidə olunub.

Daha yaxşı bədən qoxusu üçün pəhrizinizi dəyişməlisinizmi?

Bədən qoxusu üçün ananas suyu içməyi tövsiyə edən paylaşımlar kimi bir çox məsləhətlə qarşılaşmış ola bilərsiniz.

Lakin İngiltərə Milli Səhiyyə Xidməti (NHS) kəskin qoxulu və ədviyyatlı qidalardan yayınmaq istisna olmaqla, bədən qoxusuna nəzarət etmək üçün fərqli qidaların yeyilməsini tövsiyə etmir.

Lundström müəyyən qidaları yeməkdənsə, "dezodorant və ətir istifadə etməyin daha asan" olduğunu deyir.

Ekspert vurğulayır ki, təriniz kəskin qoxusa belə, bu hər zaman mənfi qarşılanmaya bilər.

"Hansı bədən qoxusunun qəbul edilə bilən olduğu mövzusunda bir çox ölkə fərqli anlayışlara malikdir. Bu səbəbdən bədən qoxusunun necə qəbul edilməsi onun hansı şəraitdə qiymətləndirildiyi ilə də bağlıdır" deyir və əlavə edir:

"İdman zalında və ya sevdiyiniz biriylə yataqda olanda hiss edilən bədən qoxusu, eyni qoxunun təmizlik anlayışının xüsusilə önəmli olduğu bir mühitdə – məsələn, avtobusda bir yad insanın yanında oturarkən – hiss edilməsindən çox fərqlidir.

Üstəlik, potensial tərəfdaşınız sizin təbii bədən qoxunuzu bəyənəcəkdir!"

Bədəninizdə qalıcı bir qoxu, həddindən artıq tərləmə və ya qoxuda nəzərəçarpan bir dəyişiklik hiss etsəniz, həkiminizə müraciət edin.