Hikmət Hacıyev Ermənistana gedib

Çap edildi
Oxuma vaxtı: 1 dəq

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistana gedib.

İyunun 14-də o, Dilicanda Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb, Armen press yazıb.

Məlumata görə, Hikmət Hacıyev və onu müşayiət edən heyət qonşu ölkəyə Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya olunmuş quru sərhədlərdən daxil olub.

İki ölkə rəsmisi tərəflər arasında sülh gündəliyi ilə bağlı məsələləri müzakirə ediblər, Azərtac bildirib.

"Tərəflər, həmçinin iki ölkənin vətəndaş cəmiyyətləri arasında etimad quruculuğu tədbirləri barədə fikir mübadiləsi aparıblar. Hikmət Hacıyev və Armen Qriqoryan işçi səviyyəsində təmasların davam etdirilməsi barədə qərar qəbul edib", xəbərdə deyilir.

Növbəti görüş Azərbaycanda keçiriləcək, Azərtac yazıb.

Hikmət Hacıyevin Ermənistana səfəri parlament seçkisindən sonra baş tutur. Bu seçkidə Nikol Paşinyanın partiyası qalib gəlib.

Azərbaycan və Ermənistan sülh sazişini rəsmi olaraq razılaşdırsalar da, hələ onu imzalamayıblar.

Rəsmi Bakı hesab edir ki, Ermənistan Konstitusiyasında Azərbaycan ərazisinə iddia var və sülh sazişini imzalanması üçün bu iddia aradan qaldırılmalıdır.

Paşinyan hökuməti Azərbaycan hakimiyyətinin bu iddiasını qəbul etməsə də, bu müddəanın çıxarılmasını mümkün sayır.