ABŞ-İran arasında Hörmüz müharibəsi: boğazı kim qoruyacaq?

Şəklin mənbəyi, Getty
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Prezident Donald Trump ABŞ-ın İranın Hörmüz boğazındakı limanlarına qarşı yenidən dəniz blokadası tətbiq etməyə başlayacağını elan etdikdən sonra, İran İnqilab Keşikçiləri boğazdakı tankerləri hədəfə almağa davam etdiklərini açıqlayıblar.
ABŞ-ın blokadası iyulun 14-də, çərşənbə axşamı Türkiyə vaxtı ilə saat 23:00-da qüvvəyə minəcək.
Blokadaya əsasən, "İranın gəmilərinin və ya onun müştərilərinin" boğaza giriş-çıxışının qarşısı alınacaq.
ABŞ daha əvvəl tətbiq etdiyi blokadanı iyunun 17-də İranla memorandum imzaladıqdan sonra ləğv etmişdi.
Trump iyulun 13-də, bazar ertəsi Truth Social sosial media platformasında paylaşdığı mesajda bildirib:
"Hörmüz boğazı AÇIQDIR və İran olsun, ya olmasın, AÇIQ qalacaq. İRAN BLOKADASI-nı yenidən tətbiq edirik".
O əlavə edib ki:
"Bu andan etibarən HÖRMÜZ BOĞAZININ QORUYUCUSU ABŞ OLACAQ".
ABŞ-ın Hörmüz boğazının "qoruyucusu" adlandırılacağını iddia edən Trump bölgədə təhlükəsizliyin təmin olunmasına çəkilən xərclərin qarşılığı olaraq bütün yüklərdən 20 faiz ödəniş alınacağını da bildirib.
Burada oxuyun:
İnqilab Keşikçilərindən əks-hücum
İran Xarici İşlər Nazirliyi isə bildirib ki, "Boğazda təhlükəsizliyi kim təmin edirsə, bu xidmətin qarşılığını almalıdır" və Trumpın istifadə etdiyi ifadələrə istinad edərək əlavə edib:
"Ancaq boğazın QORUYUCUSU olmağa davam edəcək tərəf İrandır".
İran İnqilab Keşikçiləri Trampın açıqlamalarından sonra Hörmüz boğazındakı tankerləri və ABŞ-ın Körfəzdəki müttəfiqi Bəhreyndə yerləşən hədəfləri vurduqlarını elan ediblər.
Birləşmiş Ərəb Əmirlikləri də iyulun 13-də bildirib ki, Hörmüzdə iki tankeri İranın hücumuna məruz qalıb. Hadisə nəticəsində bir nəfər həlak olub, səkkiz nəfər yaralanıb.
Trump isə İranı çox sərt şəkildə vurmağa davam etdiklərini deyib. ABŞ son üç gündür İrana qarşı hücumlarını davam etdirir.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) da iyulun 13-nə keçən gecə İrana qarşı beş saat davam edən hücumlar həyata keçirdiyini açıqlayıb.
Trump: Boğazı nəzarətə götürürük

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Trump bazar ertəsi Fox News-a müsahibəsində deyib:
"Boğazı nəzarətə götürürük. Onların əlində heç nə yoxdur. Heç nə."
O, CENTCOM-un bazar gecəsi İran daxilindəki hədəflərə hücumlarına istinad edərək bildirib ki, ABŞ "ötən gecə çox sərt zərbə endirib".
Tramp həmçinin İranın bazar günü "11 saatlıq iclas" keçirdiyini və "hər şey üzərində razılıq əldə edildiyini" bildirərək bir razılaşmaya işarə edib.
Lakin sonradan İran tərəfinin bəzi dəyişikliklər etmək istədiyini iddia edərək:
"Məndən heç nə ala bilməzlər", – deyib.
İran ordusu isə Trump-ın açıqlamalarına cavab olaraq ABŞ-a Hörmüz boğazının idarə edilməsinə müdaxilə etməyə imkan verməyəcəklərini bildirib.
İranın Tasnim xəbər agentliyinin yaydığı bəyanatda deyilir ki, ABŞ-ın boğazdakı fəaliyyəti "regionun təhlükəsizliyini ciddi şəkildə təhlükə altına salır".
Bəyanatda vurğulanıb:
"ABŞ-ın boğaza nəzarət etməsinə icazə vermirik və verməyəcəyik".
Həmçinin qeyd olunub ki, İran silahlı qüvvələri ABŞ-ın "quldur ordusunun" yaratdığı istənilən qarışıqlıqla mübarizə aparır.
İranda partlayışlar, Tehran tərəfindən bölgədəki ABŞ bazalarına hücumlar
İran hökuməti İordaniya, Bəhreyn və Küveytdəki ABŞ hərbi bazalarına, eləcə də Omandakı radar sistemlərinə cavab hücumları həyata keçirdiyini açıqlayıb.
Böyük Britaniya, Fransa və Almaniya birgə bəyanat yayaraq İranın Hörmüz boğazında, eləcə də Bəhreyn, Oman və İordaniya ətrafındakı gəmilərə qarşı həyata keçirdiyi "məsuliyyətsiz hücumları" pisləyiblər.
İordaniya ordusu da bazar ertəsi səhər tezdən yaydığı açıqlamada İran tərəfindən hava məkanına daxil olan dörd raketin zərərsizləşdirildiyini bildirib.
Müharibədən əvvəl dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz ticarətinin beşdə biri Hörmüz boğazı vasitəsilə həyata keçirilirdi.
ABŞ və İran iyun ayında İranın ticarət gəmilərinin təhlükəsiz keçidini təmin etməsini də nəzərdə tutan atəşkəs sazişi imzalamışdılar.
ABŞ-ın İrana yeni hücumları

Şəklin mənbəyi, CENTCOM/Reuters
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 12-də İranda yeni hədəflərə zərbələr endirdiyini açıqlayıb.
Bazar günü həyata keçirilən hücumların məqsədinin "İranın Hörmüz boğazında ticarət gəmilərinə hücum etmək imkanlarını zəiflətmək" olduğu bildirilib.
İran bazar günü Sirik və Bəndər-Abbas liman şəhərləri, eləcə də Qeşm adası ətrafında hücumlar baş verdiyini təsdiqləyib.
İran ötən həftə ABŞ-ın zərbələrinə cavab olaraq Yaxın Şərqdəki bəzi hədəflərə hücum etmişdi.
Hörmüz boğazındakı son vəziyyətlə bağlı tərəflərin açıqlamaları bir-birinə ziddir.
ABŞ boğazın açıq olduğunu iddia etdiyi halda, İran hücumlara cavab olaraq bazar günü su yolunu bağladığını açıqlayıb.
Bu hadisələrdən sonra neft qiymətləri Asiya bazarlarında həftəyə artımla başlayıb.
Müharibədən əvvəl dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz ticarətinin təxminən beşdə biri Hörmüz boğazından keçirdi.
ABŞ və İran iyun ayında İranın ticarət gəmilərinin təhlükəsiz keçidini təmin etməsini də nəzərdə tutan atəşkəs sazişi imzalamışdı.
ABŞ və İran arasında qarşılıqlı hücumlar iyulun 7-də Hörmüz boğazından keçən üç ticarət tankerinin hücuma məruz qalmasından sonra başlayıb.
Qeyri-müəyyənlik davam edir
ABŞ-ın ötən həftə İrana qarşı yeni hücum dalğasına başlamasından sonra İran İnqilab Keşikçiləri Korpusu ABŞ hücumlarına cavab olaraq Hörmüz boğazının növbəti bildirişədək bağlandığını elan edib, həmçinin bölgədəki ABŞ bazalarına və müttəfiqlərinə qarşı hücumlara başlayıb.
İyulun 12-də İran dövlət mediası xəbər verib ki, İran qüvvələri təsdiqlənməmiş marşrutla hərəkət edən bir gəmini dənizdən buraxılan qanadlı raketlə vurduqdan sonra Hörmüz boğazını növbəti bildirişədək bağlayıb.
Dövlət informasiya agentliyinin yaydığı məlumata görə, İnqilab Keşikçiləri bildirib ki, gəmi dəfələrlə verilən göstərişlərə məhəl qoymayıb və "xəbərdarlıq atəşi ilə vurularaq dayandırılıb".
Qurum həmçinin xəbərdarlıq edib ki, boğazın bağlanması ilə əlaqədar ABŞ-dan gələcək hər hansı "təcavüzə" sərt cavab veriləcək və bölgədəki yeni bazalar hədəfə alınacaq.
Ötən həftə: ABŞ və İrandan qarşılıqlı hücumlarda Tehran da Körfəzdəki bazaları hədəf alıb

Şəklin mənbəyi, Reuters
ABŞ bildirir ki, İrana qarşı iyulun 9-na keçən gecə həyata keçirdiyi hücumlarda 90 hədəfi vurub.
İran mediası ölkənin cənub sahilləri boyunca yerləşən bölgələrdə partlayış səslərinin eşidildiyini və Fars körfəzində İranın nəzarətində olan adalara zərbələr endirildiyini xəbər verib.
Bundan sonra Körfəz regionunun bir neçə ölkəsi İranın hücumları barədə məlumat yayıb. Tehran isə Qətər, Küveyt və Bəhreyndəki ABŞ hərbi bazalarını hədəf aldığını bildirib.
İranın ABŞ ilə danışıqlar üzrə baş nümayəndəsi Məhəmməd Baqir Qalibaf deyib ki, Amerika "zorakılığın və vədləri pozmağın artıq cəzasız qalmadığını hələ də öyrənməyib".
Donald Trump isə İranın "razılaşma əldə etmək istədiyini", lakin "buna layiq olub-olmadığını bilmədiyini" deyib.
Bu bəyanat onun danışıqları "vaxt itkisi" adlandırmasından 24 saat keçməmiş səslənib.
Bu hadisələr ABŞ-ın çərşənbə axşamı həyata keçirdiyi zərbələrdən sonra baş verib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) həmin əməliyyatların Hörmüz boğazından keçən üç kommersiya gəmisinə edilən hücumlara cavab olaraq həyata keçirildiyini bildirib.
Trump-dan İrana hədə: "ABŞ bu gecə İranı vura bilər'

Şəklin mənbəyi, US Pool
Prezident Tramp ABŞ-ın İrana "bu gecə yenidən sərt zərbələr endirəcəyini" deyib.
Donald Tramp İranla bağlı suala belə cavab verib: "Biz dünən gecə onları çox sərt zərbələrlə vurduq, çox, çox sərt zərbələr endirdik".
O, daha sonra ABŞ-ın "yəqin ki, bu gecə onları yenidən sərt zərbələrlə vuracağını" söyləyib.
Tramp əlavə edib: "Mən onlara kiçik bir xəbərdarlıq etdim, bu gecə onları yenidən sərt zərbələrlə vuracağıq."
Prezident Trump ABŞ-İran atəşkəsi barədə: "Məncə, bitdi"

Şəklin mənbəyi, Getty İmages
Prezident Donald Trump ABŞ-la İran arasında atəşkəsin "bitdiyini" deyib.
"Düşünürəm ki, bitdi", Donald Trump bildirib və əlavə edib ki, "onlarla işləmək sadəcə vaxt itkisidir, onlar yalançıdırlar".
O, NATO sammitində jurnalistlərə deyib ki, hər iki tərəfdən vasitəçilər "danışa bilərlər", amma "vaxtlarını boşa sərf edirlər".
İyulun 7-də ABŞ Hörmüz boğazında üç ticarət gəmisinə qarşı həyata keçirilən hücumlara cavab olaraq İrana qarşı bir sıra "güclü" hava zərbələri endirib.
İranın Trampın bu açıqlamasına şərhi hələ yoxdur, amma Prezident Məsud Pezeşkian X-da belə bir post paylaşıb.
"ABŞ hökumətinin Dünya Kubokuna ev sahibliyi kimi hərəkətləri onun tanış xarici siyasəti kimidir: qaydaları pozmaq, rəqibləri qorxutmaq, maneələr yaratmaq və fırıldaqçılıq. Bu, onların MAGA oyun kitabıdır. İran bu cür oyunları rədd edir. Biz hüquqlarımız uğrunda qətiyyətlə mübarizə aparırıq."
"Hörmüz boğazında yeni İran qaydası"
İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf gecə ərzində ABŞ-ı bir neçə yolla atəşkəsi pozmaqda ittiham edib və bunlardan biri "Boğazda İranın tənzimləmələrini pozmaq" olub.
Daha sonra İran rəsmisi İbrahim Əzizi "Hörmüz boğazında yeni İran qaydasını" tanımaqdan başqa "alternativ yoxdur" deyib.
Körfəzdə gəmiçilik marşrutunun təhlükəsizliyi ABŞ-İran atəşkəs danışıqlarında həll edilməsi ən çətin məsələlərdən biri olub, çünki hər iki tərəfin bu barədə fərqli fikirləri var.
17 iyun tarixli ABŞ-İran anlaşma memorandumuna əsasən, İran "60 gün ərzində heç bir ödəniş etmədən kommersiya gəmilərinin təhlükəsiz keçidi üçün əlindən gələni etməyə" razılaşıb.
Lakin o vaxtdan bəri İran Hörmüz boğazından keçən gəmilərin ölkə ilə əlaqələndirilməsini tələb edib və BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (IMO) tərəfindən təyin olunmuş marşrutla boğazdan keçmək cəhdlərinin "qəbuledilməz və tamamilə təhlükəli" olduğu barədə xəbərdarlıq edib.
Hörmüz boğazında nə baş verib?

Şəklin mənbəyi, Reuters
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 7-də yaydığı bəyanatda bildirib ki, hücumlar "beynəlxalq su yolunda günahsız ekipaj daşıyan ticarət gəmilərini hədəfə almağın və onlara hücum etməyin ağır nəticələrinin olacağını göstərmək" məqsədilə həyata keçirilib.
İran xarici işlər nazirinin müavini ABŞ-ın hücumlarını ötən ay imzalanmış memorandumun pozulması kimi qiymətləndirib və Tehranın "qəti tədbirlər görəcəyi" barədə xəbərdarlıq edib.
İranın dövlət mediası hücumlarda Keşm adasının, Bəndər-Abbasın və Sirikin hədəf alındığını, qəlpə yaraları alan şəxslərin olduğunu bildirib.
Hücumlar zamanı ölənlərin olması ilə bağlı hər hansı açıqlama verilməyib.
ABŞ və İranın qarşılıqlı ittihamları
ABŞ tankerlərə qarşı hücumları "qətiyyən qəbuledilməz" adlandırmış və bunun nəticələrinin olacağını bildirmişdi.
CENTCOM iyulun 7-də yaydığı açıqlamada ABŞ-ın hava hücumlarının "İranın hücumlarına cavab olaraq" həyata keçirildiyini qeyd edib.
Açıqlamada deyilir:
"İranın nümayiş etdirdiyi aqressivlik əsassız və təhlükəlidir, həmçinin atəşkəsin açıq şəkildə pozulmasıdır".
ABŞ Maliyyə Nazirliyi isə iyulun 7-də İrana tətbiq olunan neft sanksiyalarını müvəqqəti dayandıran istisnanı ləğv edib.
İrana neft və neft məhsulları satılmasına icazə verən lisenziya ötən ay Vaşinqton və Tehran arasında imzalanmış memorandumun bir hissəsi idi.
İran Xarici İşlər Nazirliyi bu addımı memorandumun pozulması adlandırıb və bildirib ki, bu, ABŞ hökumətinin "pis niyyətini, ardıcılsızlığını və etibarsızlığını" sübut edir.
Açıqlamada həmçinin qeyd olunub ki, Tehran "milli maraqlarını və milli təhlükəsizliyini qorumaq üçün zəruri hesab etdiyi bütün tədbirləri görəcək".
CENTCOM-un yeni hücumlarla bağlı açıqlamasından əvvəl adının açıqlanmaması şərti ilə danışan bir amerikalı rəsmi israrla bildirib ki, ABŞ danışıqlar aparan heyəti İranla yekun razılığa nail olmaq üçün "xoş niyyətlə" işləməyə davam edəcək.
Qətər və Səudiyyə Ərəbistanından tanker hücumlarına qınaq
Qətər və Səudiyyə Ərəbistanı da tanker hücumlarını pisləyib. Hər iki hökumət öz ölkələrinə məxsus bir tanker gəmisinin Hörmüz boğazından keçərkən və ya boğaza yaxın ərazidə vurulduğunu bildirərək İranı ittiham edib.
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Macid Əl Ənsari bildirib ki, onlar İranı "Əl-Rəkayyat" adlı gəminin Hörmüz boğazı yaxınlığından keçərkən hədəfə alınaraq hücuma məruz qalmasına görə "tam məsuliyyət daşıyan tərəf" hesab edirlər.
Qətər İranı "regional təhlükəsizliyi sarsıdan bütün addımlara dərhal son qoymağa" və "dar maraqlar naminə qlobal enerji təchizatını və region ölkələrinin resurslarını təhlükə altına atmamağa" çağırıb.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi də İranın Hörmüz boğazından keçən və Səudiyyə Ərəbistanı bayrağı altında üzən "Vadyan" adlı tankeri hədəf aldığını açıqlayıb.
Bəyanatda hücumların "beynəlxalq dənizçiliyin təhlükəsizliyi və qlobal enerji təchizatının təhlükəsizliyinə qarşı hücum" olduğu vurğulanıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi isə Qətərin ittihamlarını "yaxşı qonşuluq prinsipinə zidd" adlandırıb.
İsmayıl Bəqayi Telegram-da yaydığı açıqlamada bildirib ki, İranla koordinasiya edilməyən marşrutlardan istifadə edən və ya gəminin izləmə sistemini manipulyasiya edən ticarət gəmiləri toqquşma riski ilə üzləşirlər.
Bəqayi əlavə edib ki, bu cür gəmilər İranın boğazda "təhlükəsiz keçidi asanlaşdırmaq" səylərinə mane olur.
Böyük Britaniyanın Dənizçilik və Nəqliyyat Nazirliyi (UKMTO) iyulun 6-da açıqlayıb ki, Hörmüz boğazından keçən bir tanker gəmisinin mühərrik bölməsinə naməlum cismin dəyməsi nəticəsində yanğın baş verib.
UKMTO iyulun 7-də baş vermiş iki ayrı hadisə ilə bağlı da bildirib ki, tankerlərdən biri boğazdan çıxarkən vurulsa da, marşrutu üzərindəki limana çatmağı bacarıb, digər tanker isə vurulması nəticəsində yüngül struktur zədələri alıb.
Ötən ay əldə edilmiş ABŞ-İran memorandumu ilə iki ölkə arasındakı atəşkəs uzadılmışdı.
14 maddədən ibarət razılaşma "bütün cəbhələrdə" toqquşmalara son qoyulmasını nəzərdə tutur və İranın heç vaxt nüvə silahına sahib olmayacağını bildirir.
Razılaşma çərçivəsində həmçinin İranın "yenidən qurulması və iqtisadi inkişafı" üçün 300 milyard dollarlıq fond ayrılır, lakin ABŞ-ın həmin fonda töhfə verməsi məcburi deyil.
Sazişə əsasən, Hörmüz boğazına çıxışı olan İran və Oman digər Körfəz ölkələri ilə birlikdə su yolunun "gələcək idarəçiliyini və dənizçilik xidmətlərini müəyyən etmək" üçün danışıqlar aparmalıdır.
ABŞ və İsrailin 28 fevral tarixli hücumlarından sonra İran dünya üzrə neft və təbii qaz ticarətinin təxminən beşdə birinin keçdiyi marşrut olan Hörmüz boğazını faktiki olaraq bağlamışdı.
İran müharibə dövründə Hörmüz boğazı üzərindəki nəzarətini gücləndirmək məqsədilə "təhlükəsiz keçid icazələri" verəcəyini bildirdiyi "Fars Körfəzi Boğazı İdarəsi" adlı qurum yaratmışdı.
Sonda Fars xəbər agentliyi bildirib ki, ABŞ-la əldə olunmuş yeni razılaşmaya əsasən boğazın yekun idarəçiliyi Omanla koordinasiya şəraitində İran tərəfindən həyata keçiriləcək və gəmilərin bu su yolundan keçməsi üçün mümkün "xidmət haqları" da tətbiq oluna bilər.


























