İran Azərbaycanında təqaüdçülərin etirazları
İran Azərbaycanının müxtəlif şəhərlərində Telekommunikasiya şirkətinin təqaüdçüləri etiraz aksiyaları keçiriblər.
Onlar sosial öhdəliklərin tam yerinə yetirilməməsindən narazıdırlar.
"Axbar-e Ruz" saytı və təqaüdçülərin həmrəylik kanalları bildirir ki, etirazçılar əmək və sosial təminat sahəsində qanunvericiliyin tam icrasını tələb edirlər.
Onlar, həmçinin gecikdirilmiş ödənişlərin verilməsini, pensiyaların yaşayış xərclərinə uyğun artırılmasını istəyirlər.
Təqaüdçülərin tələbləri arasında əlavə tibbi sığorta xidmətlərinin yaxşılaşdırılması da yer alır.
Təbrizdə etirazçılar Telekommunikasiya şirkətinin binası qarşısında toplaşıblar.
Təqaüdçülərin etirazları aylardır davam edir və əsasən bazar ertəsi günləri keçirilir.
Bu şəxslərin təqaüd maaşları üzv olduqları fonda uyğun olaraq ya İran Sosial Təminat Təşkilatı, ya da Dövlət Təqaüd Fondu tərəfindən ödənilir.
Telekommunikasiya şirkəti son etirazlarla bağlı indiyədək birbaşa açıqlama verməyib.
Lakin şirkətin baş direktoru Məhəmməd Cəfərpur daha əvvəl təqaüdçülərin nümayəndələri ilə görüşdə bildirib ki, sığorta və pensiya təminatının yaxşılaşdırılması məqsədilə işçi qrupu yaradılacaq.
Cəfərpur, həmçinin əməkdaşlar və təqaüdçülər üçün tibbi xidmətlərin keyfiyyətini artırmaq məqsədilə əlavə sığorta müqaviləsinə yenidən baxıldığını deyib.
Telekommunikasiya Təqaüdçüləri Birliyinin məlumatına görə, həmin görüşdə ərzaq yardımının artırılması ilə bağlı yekun razılıq əldə olunmayıb.
Onlar danışıqların davam etdirilməsi barədə qərar qəbul ediblər.



