Dişini bir-birinə sıxanların sayı getdikcə artir, bəs nə etməliyik?

Hər dörd nəfərdən birinin diş sıxma və qıcamaqdan (bruksizm) əziyyət çəkdiyi düşünülür, lakin əksəriyyət bunun fərqində deyil.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Hər dörd nəfərdən birinin diş sıxma və qıcamaqdan (bruksizm) əziyyət çəkdiyi düşünülür, lakin əksəriyyət bunun fərqində deyil.
    • Müəllif, Ruth Clegg
    • Vəzifə, BBC
  • Çap edildi
  • Oxuma vaxtı: 6 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Ella gecələr dişlərini sıxmağa (qıcamağa) nə zaman başladığını xatırlamır, lakin dözülməz çənə və baş ağrıları çəkdiyini, azı dişlərinin yox olmağa başladığının ona bildirildiyini xatırlayır.

"Çox əzab çəkirdim. Üzümün şəkli dəyişirdi və dişlərimin sınma təhlükəsi var idi. Bununla bağlı nəsə etməli olduğumu bilirdim" deyir.

31 yaşlı qadın deyir ki, mütəmadi və adətən şiddətli diş sıxılmasına səbəb ola bilən bruksizm narahatlığı yaşayırdı. Amma bildirir ki, bu yaxınlarda gördüyü müalicə həyatını "şübhəsiz ki" dəyişib.

Britaniyada bəzi araşdırmalar təxminən hər dörd nəfərdən birinin bu narahatlıqdan əziyyət çəkdiyini irəli sürür, lakin bir çox insan əlamətlər ortaya çıxana qədər bunun fərqinə varmaya bilirlər.

Britaniya Diş Həkimləri Birliyinə görə, diş sıxmanın getdikcə daha geniş yayıldığına dair bəzi sübutlar var, lakin konkret rəqəmlər yoxdur.

Bununla belə, bəzi diş həkimləri BBC-yə davamlı diş sıxılmasının səbəb olduğu diş problemləri ilə qarşılaşan gənclərin sayının artmasından narahat olduqlarını bildiriblər.

Britaniya Diş və Yuxu Təbabəti Cəmiyyətinin (BSDSM) sədri Dr. Aditi Desai deyir ki, artım var: "Və günümüzdə həyatın bu qədər stresli ola biləcəyi nəzərə alınarsa, bu, heç də təəccüblü deyil".

Ella, müntəzəm diş sıxmasının çənə əzələlərini böyütdüyünü və çənəsini genişləndirdiyini bildirir (soldakı şəkil müalicədən əvvəlki, sağdakı şəkil isə müalicədən sonrakı vəziyyətini göstərir).

Şəklin mənbəyi, Ella

Şəklin alt yazısı, Ella müntəzəm diş sıxmasının çənə əzələlərini böyütdüyünü və çənəsini genişləndirdiyini bildirir (soldakı şəkil müalicədən əvvəlki, sağdakı şəkil isə müalicədən sonrakı vəziyyətini göstərir).
WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
BBC News Azarbaycancanin Whatsapp kanalina qosulun
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Araşdırmalar göstərir ki, diş sıxımlarının əksəriyyəti stress səbəbilə baş verir.

Bəs nə üçün çənələrimiz gündəlik həyatımızın yükünü daşıyır? Bu barədə nə edə bilərik? Və bəzi hallarda bu, yaxşı bir şey ola bilərmi?

Bruksizm çənənin dörd fərqli hərəkətini (diş sıxma, qıcımaq, diş gərmə və diş itələmə) bir araya gətirən ümumi bir termindir.

Bəziləri gecə, bəziləri də gündüz diş sıxırlar.

Bəziləri etdiklərinin fərqinə belə varmır, bir başqası hətta ağız qoruyucularını da parçalayacaq qədər şiddətli diş sıxaraq ən dərin yuxudakı yataq yoldaşlarını belə oyada bilir.

Bəs bunu edib-etmədiyinizi necə anlaya bilərsiniz?

Diqqət etməli olduğunuz əlamətlər bunlardır:

  • Aşınmış, sınmış və ya düzləşmiş dişlər
  • Səhərlər baş ağrısı və ya üz ağrısı
  • Çənə sərtliyi
  • Yuxu pozğunluğu və gündüz yorğunluğu
  • Artmış diş həssaslığı
  • Qulaq ağrısı və ya infeksiya olmasa belə, gicgah bölgəsində ağrı

Britaniya və Psixoterapiya Birliyinə görə, diş qıcama da terapiyada daha tez-tez dilə gətirilən bir mövzudur; çünki günümüzdə insanlar psixi sağlamlıqlarının bədənlərinə necə təsir etdiyinin daha çox fərqindədirlər.

Psixoterapist Rahi Popat deyir ki, xüsusilə bir çox gənc pasiyenti özlərinin və ya başqalarının dişlərini qıcamağını fərq edib və bunu, adətən, həyatlarında baş vermiş stresli bir dövrlə əlaqələndirərək diş qıcamaların məhz o zaman artdığını və ya hətta başladığını müşahidə ediblər.

"Stresi bir az da olsun azaltmağın bir yolu"

Travma və stres sizi "və ya qaç" rejiminə sala bilər; bu halda ürək döyüntünüz sürətlənir, adrenalin ifraz olunur və əzələləriniz gərilir, beləliklə də bədən xarici təhlükəyə qarşı hazırlanır.

Çənə və sinir sistemi əsas kranial sinirlər vasitəsilə çox yaxından əlaqəli olduğundan, əzələlərimiz hərəkətə keçir və dişlərimizi sıxırıq, həmçinin qıcayırıq.

Popat izah edir ki, bunu gecə boyu etsək, bu, "bədənimizin gün ərzində hiss etmiş ola biləcəyi stres və gərginliyi müəyyən mənada azad etməsinin bir yolu olur".

Ella üçün isə yuxuda dişlərini qıcırdatmaq oyaq olarkən yığılan gərginliyi atma üsuluna çevrilmişdi.

"Bunun stres səviyyəmlə əlaqəli olduğunu bilirəm", - Ella deyir.

"Yüksək funksional narahatlıq (anksiyete) pozğunluğum var. Çox məşğulam və bunu gizləmək üçün tez-tez çölə çıxıram", - o əlavə edir.

Ella iyirmi yaşlarında ağrıya "dözdüyünü" bildirir. Lakin bir neçə il sonra diş həkimi dişlərinin təhlükə altında olduğunu deyəndə Ella müalicə almağa qərar verib.

Ella diş həkiminin çənə əzələlərinə Botox enjekte etməsindən sonra yuxu və psixi sağlamlığının yaxşılaşdığını bildirir.

Şəklin mənbəyi, Ella

Şəklin alt yazısı, Ella diş həkiminin çənə əzələlərinə Botox enjekte etməsindən sonra yuxu və psixi sağlamlığının yaxşılaşdığını bildirir.

Britaniyanın Milli Səhiyyə Sistemi olan NHS-də rutin olaraq təqdim olunmasa da, Ella çənəsini idarə edən masseter əzələlərinə Botox vurdurmaq üçün diş həkiminə pul ödəməyə qərar verib.

Bu prosedur əzələləri rahatlaşdırıb və üzündeki gərginliyi azaldıb; təsirinin üç-dörd ay davam edəcəyi gözlənilir.

O, "son bir neçə aydır rahat yata bilirəm" deyir.

"Səhərlər çox daha enerjili oluram, ağrılarım azalıb və üzüm əvvəlki kimi kvadrat şəklində deyil", -Ella əlavə edir.

Diş həkimi Dr. Simon Cove bildirir ki, diş qıcırdatmanın dişlərimiz üzərindəki fiziki təsiri çox böyük ola bilər.

O, xəstələrinin dişlərini qiymətləndirmək üçün üç ölçülü skanerlərdən istifadə edir və zamanla baş verən aşınmanı görə bilir.

Həkim "Çox vaxt insanlar bunu etdiklərinin fərqinə belə varmırlar, lakin sonradan zədəni görürük" deyir.

"Əgər dişlər bu qədər aşınıbsa, müalicə hədsiz dərəcədə mürəkkəb və çox bahalı ola bilər".

Lakin o qeyd edir ki, belə hallar nisbətən nadirdir və inkişaf etməsi illər çəkə bilər.

3 ölçülü rentgen diş gıcamanın dişlərə verdikləri zərəri üzə çıxara bilər.

Şəklin mənbəyi, Simon Cove

Şəklin alt yazısı, 3 ölçülü rentgen diş gıcamanın dişlərə verdikləri zərəri üzə çıxara bilər.

Diş və yuxu mütəxəssisi Dr. Aditi Desai-yə görə, əlamətləri müalicə etmək mümkün olsa da (məsələn, ağız qoruyucusundan istifadə etməklə), diş gıcırdatmanın səbəbini tapmaq da eyni dərəcədə vacibdir.

"Çox vaxt diş həkimləri səbəbini yoxlamadan ağız qoruyucusu verirlər. Yuxu apnesi (OSA) kimi ciddi, əsas səbəb olan narahatlıqların nəzərə alınması həyati əhəmiyyət daşıyır", - o deyir.

OSA tıxanmış tənəffüs yollarından qaynaqlanır, buna görə də xəstə yenidən nəfəs ala bilmək üçün tıxanmanı aradan qaldırmaq məqsədilə dişlərini qıcaya bilər.

"Bu, diş qıcırdatmanın sizi həyatda saxlaya biləcəyinin çox yaxşı bir nümunəsidir", - narahatlıq üzrə aparıcı tədqiqatçılardan professor Frank Lobbezoo deyir.

Bruksizmin mənfi tərəfləri olsa da (diş zədələnməsi, yuxu pozğunluğu, çənə ağrısı, bunlardan yalnız bir neçəsidir), o, həmişə "mənfi qəhrəman" deyil.

Lobbezoo izah edir: "Diş qıcamaq tüpürcək istehsalı üçün də vacibdir" və əlavə edir:

"Çənə əzələlərinin hərəkət etdirilməsi böyük tüpürcək vəzilərini hərəkətə gətirir. Ağzı təmizləyir, dişləri qoruyur və həzm üçün həyati əhəmiyyət daşıyır".

Bəzi araşdırmalar çeynəmənin idrak funksiyalarına da kömək edə biləcəyini irəli sürür.

"Bunu heyvanlarda bilirik və ilkin araşdırmalarımız insanlarda da eyni nəticəni göstərir. Çənə əzələlərimizi işlədərək beyinə gedən qan axınını stimullaşdırırıq".

Lakin diş qıcırdatma xroniki ağrıya da səbəb ola bilər və bu, gündəlik həyatınıza böyük ölçüdə təsir edə bilər.

Diş sıxmanın müalicəsi nədən ibarətdir?

Diş həkimi Riaz Yar protez mütəxəssisi olaraq şiddətli diş qıcırdatmanın fəsadları ilə mübarizə aparan xəstələri müalicə edir.

Bu təsirlər arasında aşınmış, çatlanmış və sınmış dişlər, eləcə də davamlı olaraq, uğursuz olan diş müalicələri yer alır.

Yar bildirir ki, bir çox xəstə xroniki çənə və ya üz ağrısı, həmçinin yuxu problemləri ilə də müraciət edir; bunların hamısı sadəcə diş sıxılma ilə əlaqələndirilməməli, özlüyündə dəyərləndirilməlidir.

Yar-ın qeyd etdiyinə görə, keçmişdə diş sıxma, sadəcə, çənənin mexaniki problemi kimi qəbul olunurdu, lakin indi bunun daha çox mürəkkəb bir vəziyyət olduğuna dair güclü sübutlar mövcuddur.

Onun fikrincə, bu, beyin və sinir sistemi tərəfindən idarə olunan və insanın bütününü formalaşdıran bir "biopsixososial problemdir".

"Yuxu rejimlərini, qidalanmalarını, çəkilərini, məşq miqdarlarını, istifadə etdikləri dərmanları nəzərə alır və yuxu pozğunluğu əlamətlərini qiymətləndiririk", - həkim deyir.

"Bir çox faktor xəstənin dişlərini qıcamağa səbəb ola bilər, buna görə də vəziyyətin həlli çoxsahəli yanaşma tələb edir", - Yar bildirir.

Bu problemlə ən yaxşı necə mübarizə aparmaq olar?

Kömək edə biləcək bəzi tövsiyələr bunlardır:

  • Dişlərinizi qorumaq üçün gecələr taxılan ağız qoruyucusu
  • Yuxu apnesi ilə əlaqəli olduqda, tənəffüs yolunun açıq qalmasına kömək etmək üçün CPAP cihazı və ya mandibular irəlilətmə cihazı (MAD)
  • Fizioterapiya
  • Kognitiv davranışçı terapiya (KDT) kimi danışıq terapiyaları
  • Stresi azaltmağa və yuxunu yaxşılaşdırmağa kömək edəcək həyat tərzi dəyişiklikləri: idman etmək, spirtli içki istehlakını azaltmaq, siqareti tərgitmək və daha sağlam qidalanmaq
  • Ciddi hallar üçün Botox bir seçimdir

Ella deyir ki, əzələ boşaldıcı iynələrlə yanaşı, narahatlığını azaltmaq və daim hiss etdiyi gərginlikdən qurtulmaq üçün meditasiya ilə də məşğul olur.

"Müalicə həyatımı dəyişdi. İndi isə bu problemin əsl səbəbini tapmağa çalışıram", Ella deyir.