Avropa bütün planetdən daha sürətlə qızır: xüsusilə də əvvəllər həmişə soyuq olan yerlər

Moskva

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, 27 apreldə Moskvaya qar yağması qitədəki iqlim dəyişikliyinin növbəti təsdiqidir.
    • Müəllif, Alexsey Kalmıkov
    • Vəzifə, BBC
  • Çap edildi
  • Oxuma vaxtı: 4 dəq

Avropa sürətlə qızır, bu proses xüsusilə onun ən soyuq regionlarında müşahidə olunur.

Avropalı alimlər xəbərdarlıq ediblər ki, Arktika və Alplarda planetin "iqlim qalxanı", yəni günəş işığını əks etdirən və qlobal istiləşməni ləngidən buz örtüyü əriyir.

Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzinin (ECMWF) iqlim dəyişikliyi haqqında illik hesabatında deyilir ki, ötən qış Alplarda və ya Rusiyada müşahidə olunan kəskin şaxta və güclü qar yağması kimi ayrı-ayrı hallara baxmayaraq, soyuq qışlar artıq keçmişdə qalır.

"Avropa digər qitələrdən daha sürətlə qızır. Demək olar ki, hər yerdə orta illik temperaturlar normanı keçib və bu istiləşmənin ciddi fəsadları artıq indidən özünü büruzə verir", - deyə ECMWF-nin rəhbəri Florian Pappenberger bildirib.

Hesabatda qeyd olunur ki, qışda termometr göstəricisinin ən azı bir dəfə sıfırdan aşağı düşdüyü Avropa ərazilərinin sahəsi yenidən azalıb. Ötən qış qitənin 90 faizində kəskin şaxtalar adi hallarla müqayisədə daha az müşahidə olunub.

"Faktlar öz sözünü deyir: iqlim dəyişikliyi təhlükə deyil, reallıqdır", - deyə ECMWF-nin rəhbərlərindən biri Samanta Bercess bildirib.

Avropa necə qızır: Faktlar

2025-ci ilin avqustunda Portuqaliyada yanğın. Ötən il Avropada 1 milyon hektardan çox meşə sahəsi yanıb.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, 2025-ci ilin avqustunda Portuqaliyada yanğın. Ötən il Avropada 1 milyon hektardan çox meşə sahəsi yanıb.
  • 2025-ci ildə Avropa ərazisinin 95 faizində orta illik temperatur normadan yüksək olub.
  • 2025-ci ildə Avropanın okean sularının səthi müşahidə tarixinin rekord səviyyəsinə qədər qızıb. Rekord ardıcıl dördüncü ildir ki, yenilənir.
  • Buzlaqlar bütün Avropa boyu əriyib. İslandiyada buzlaq kütləsinin xalis itkisi müşahidə tarixində ikinci ən böyük göstərici olub, qar örtüyü isə ortalama göstəricidən 31faiz aşağı düşüb.
  • Aralıq dənizində 2025-ci ildə suyun səthinin orta temperaturu bütün müşahidə tarixi ərzində ən isti illərin reytinqində ikinci yeri tutub.
  • İstiləşmə Qütb dairəsinə doğru irəliləyir və artıq Norveç dənizində - Şimal Buzlu Okeanının İslandiya və Norveç sahillərini yuyan hissəsində istilik anomaliyaları müşahidə olunur.

İstiləşmənin hansı fəsadları var?

Alimləri ən çox narahat edən məsələ buzların əriməsidir.

Çünki buzlar günəş işığını əks etdirir, okeanın qara suları isə onu udur və beləliklə, planetin qızmasını sürətləndirir.

Okean Yer səthinin 70%-dən çoxunu tutur və son onilliklərdəki qlobal istiləşmənin 90%-ni özünə hopdurub.

Cəmi bir neçə on metr dərinlikdə Yer atmosferindəki qədər istilik saxlanılır.

Okean nə qədər isti olarsa, onun enerjini udmaq və planetdəki ümumi temperatur artımını yumşaltmaq qabiliyyəti bir o qədər aşağı düşür.

Və burada avropalı alimlərin pis xəbərləri var.

Temperaturun normadan yüksək, yağıntıların isə normadan az olması 2025-ci ildə Avropada qar və buz örtüyünün əhəmiyyətli dərəcədə itirilməsinə səbəb olub.

Hesabatda deyilir: "2025-ci ilin martında Avropada qar örtüyünün sahəsi ortalama göstəricidən təxminən 1,32 milyon kv. km (31%) aşağı olub ki, bu da Fransa, İtaliya, Almaniya, İsveçrə və Avstriyanın ümumi sahəsinə bərabərdir.

Qrenlandiyanın buz qatı isə 139 giqaton buz itirib - bu, Avropa Alplarının bütün buzlaqlarının kütləsindən təxminən bir yarım dəfə çoxdur".

İslandiyada Skaftafellsjökull buzlağı

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, İslandiyada Skaftafellsjökull buzlağı

İstiləşmə ilə birbaşa bağlı olan digər bir problem isə meşə yanğınlarıdır. İqlim dəyişikliyi səbəbindən anomal istilər və quraqlıq halları daha tez-tez baş verir. Meşələr yanır, yanğınlardan çıxan tüstü isə atmosferdə istixana qazlarının konsentrasiyasını artırır və qlobal istiləşməni daha da sürətləndirir.

Ötən il Avropada 1 milyon hektardan çox meşə sahəsi yanıb - bu, Kipr adasının ərazisindən də böyükdür. Həm yanğınların sahəsi, həm də atmosferə atılan tullantıların miqdarı İspaniya, Kipr, Böyük Britaniya, Niderland və Almaniya daxil olmaqla, bütün müşahidə tarixi ərzində rekord səviyyəyə çatıb.

Qitənin isinməsinin daha bir fəsadı isə su çatışmazlığıdır.

Ötən il Avropadakı bütün çayların 70 faizində suyun səviyyəsi qeyri-adi dərəcədə aşağı olub. Ümumilikdə, 2025-ci ilin 11 ayı ərzində qitədə çay axımı ortalama göstəricidən aşağı qeydə alınıb.

Lakin yaxşı xəbərlər də var

İqlimin davamlı isinməsinə və ekstremal hava şəraitinin güclənməsinə dair ümumi tendensiyaya baxmayaraq, bəzən kataklizmlər "fasilə" verir.

Məsələn, ötən il Avropada daşqınların və leysan yağışların sayı orta hesabla son illərlə müqayisədə daha az olub.

Həmçinin, qızmar günəş avropalılara neft, kömür və qazdan asılılığı azaltmağa kömək edir. Bu isə enerji böhranının əsas səbəbi olan Rusiya və Yaxın Şərqdən gələn qalıq yanacaq idxalından asılılığı aradan qaldırmağa imkan verir.

Günəş enerjisi eyni zamanda atmosferə buraxılan istixana qazlarının miqdarını azaltmağa xidmət edir.

Məhz bu qazlar qlobal istiləşməyə səbəb olub - bu, demək olar ki, dünyanın bütün dövlətlərinin alimlərinin gəldiyi rəydir.

Ötən il bərpa olunan enerji mənbələri Avropanın elektrik enerjisi istehsalının demək olar ki, yarısını təmin edib. Tarixdə ilk dəfə olaraq elektrik enerjisinin 12,5 faizi məhz günəş panellərinin payına düşüb.