"Sehirli" göbələklər siqareti atmağa kömək edə bilərmi?

    • Müəllif, Rachel Nuwer
    • Vəzifə, BBC
  • Çap edildi
  • Oxuma vaxtı: 6 dəq

Tütün, atılması ən çətin olan narkotiklərdən biridir.

Tütündəki nikotin kokain və heroin qədər, hətta bəlkə də onlardan daha çox asılılıq yaradır.

Sorğularda siqaret çəkən yetkinlərin təxminən 70%-i bunu atmaq istədiklərini deyirlər. Lakin cəhd etməyə çalışanların belə, yalnız onda birindən daha azı uğurlu olur.

Ancaq bəzi psixedelik maddələrin bəzi insanlara siqaretdən qurtulma yolu təqdim edə biləcəyinə dair sübutlar getdikcə artır.

Məsələn, 2017-ci ildə aparılan bir araşdırmada 781 nəfər "sehirli göbələk" adlandırılan başqa bir psixedelik maddə qəbulundan sonra siqareti azaltmalarını və ya tamamilə atmalarını söyləyib.

Niyə? Görünür, həll yolu fəlsəfi xarakter daşıyır: nikotin vərdişindən qurtulmağı bacaranların demək olar ki, hamısı eyni şeyi deyib.

Onlar qəfildən həyatdakı prioritetlərinin və ya dəyərlərinin dəyişdiyini hiss ediblər. Xüsusilə də siqaret çəkməyin artıq işlərinə yaramadığını fərq ediblər.

Araşdırmanın baş müəllifi və ABŞ-dakı Johns Hopkins Universitetindən psixiatriya və davranış elmləri professoru Matthew Johnson deyir: "Təcrübənin böyüklüyü siqareti atmağın psixoloji çətinliyini bir növ kölgədə qoydu".

Və bu, sadəcə, şifahi hekayələrə əsaslanan məlumatlar da deyil.

Tapıntılar laboratoriya mühitində də özünü doğrultdu.

2026-cı ilin mart ayında Johnson və həmkarları bu günə qədərki ən güclü sübutu dərc etdilər: "sehirli" göbələklərdəki əsas psixoaktiv birləşmə olan psilosibinin tək doza şəklində verilməsi ilə birlikdə tətbiq edilən danışıq terapiyası nikotin plastırları ilə birlikdə tətbiq edilən müalicədən daha çox təsirliymiş.

Müalicədən altı ay sonra psilosibin dozası alan 42 nəfərin siqareti atma ehtimalı, nikotin plastırı qrupundakılarla müqayisədə altı dəfə çox idi.

Psixodelik maddələr dünyanın əksər ölkəsində qeyri-qanuni olaraq qalmağa davam edir və onların araşdırmalarda və ya klinik çalışmalarda istifadəsi ciddi şəkildə nəzarət altında saxlanılır.

Bununla belə, bu dərmanların müxtəlif psixi sağlamlıq problemlərinin və asılılıqların müalicəsində istifadə oluna biləcəyinə işarə edən sübutlar getdikcə artır.

Araşdırmada iştirak etməyən elm adamlarından biri, ABŞ-dakı Viskonsin-Medison Universitetinin klinik psixologiya professoru Megan Piper deyir:

"Amerika Birləşmiş Ştatlarında 20 ildir ki, yeni bir siqareti atma dərmanı hazırlanmayıb, bu səbəbdən buradakı potensial həyəcanvericidir".

Siqaret çəkməyin dünya miqyasında qarşısı alına bilən ölüm və xəstəliklərin əsas səbəbi olduğunu əlavə edən Piper: "İnsanların siqareti atmasına kömək edəcək daha çox vasitəyə ehtiyacımız var", - deyə bildirir.

Ancaq "sehirli" göbələklərin insanların siqareti tərgitməsinə niyə kömək etdiyi tam aydın deyil.

Alimlər bu nəticələrin daha böyük və daha müxtəlif bir populyasiyada təkrarlana bilən olub-olmadığını və əslində hansı psixoloji və ya fizioloji mexanizmlərin işə düşdüyünü tapmağa çalışırlar.

Asılılıq müalicəsində psixedolik maddələr

Psixodelik maddələr müxtəlif asılılıq növlərini yüngülləşdirmə potensiallarına görə uzun müddətdir araşdırılır.

1950-ci illərdə mütəxəssislər alkoqolizm müalicəsində LSD-dən istifadə etdilər və bəzi hallarda uğurlu da olublar.

Bu arada, şifahi sübutlar və pilot araşdırmalar, Mərkəzi Afrika iboqa kolundan əldə edilən psixoaktiv alkaloid olan iboqainin opioid yoxsunluq simptomlarını azalda və bəzi insanların bu narkotikləri tamamilə tərgitməsinə imkan verə biləcəyini göstərib.

Tədqiqatda iştirak etməyən Psixodelik Tibb Cəmiyyətinin direktoru Linn Mari Morsk deyir ki, qarşısı alına bilən ölüm nisbətlərinin azalmasına gəldikdə, Johnson və həmkarlarının siqaretdən imtina üçün psilosibin üzərində apardıqları işlər "psixodelik elmdə ən maraqlı və təsirli tədqiqat sahələrindən biridir".

Araşdırmanın direktoru, davranış elmləri professoru Matthew Johnson 2006-cı ildə siqareti tərgitmə məsələsi ilə maraqlanmağa başlayıb.

İnsanların psixodelik maddələri həyatlarının ən mənalı təcrübələrindən biri kimi təsvir etdiklərini tez-tez eşidirdi, lakin eyni zamanda bir alim kimi bunun tam olaraq nə məna verdiyini görmək istəyirdi.

Digər asılılıq növlərini yox, məhz siqareti seçməsinin səbəblərindən biri də praktik olaraq asan imkanlar idi.

İnsanların istifadə etdiyi digər maddələrlə müqayisədə, siqaretin bioloji izləri sadə bir nəfəs və sidik nümunəsi ilə daha etibarlı və ucuz şəkildə ölçülə bilirdi.

Bundan əlavə, "dibi görmək" kimi emosional qarışıqlıq və travma ehtiva etməyən, əvəzində gündəlik həyata uyğunlaşdırıla bilən (bu da bəzi cəhətlərdən tərgitməyi daha da çətinləşdirir) və eyni dərəcədə asılılıq yaradan bir maddə üzərində psixedelik narkotikləri test etmək istəyirdi.

Johnsonun psilosibin maddəsinin siqareti tərgitməyə təsirini testdən keçirdiyi ilk çalışmasını təşkil etmək illər çəkdi.

Bunun böyük bir səbəbi də maliyyə çatışmazlığı idi. 2014-cü ildə dərc olunan bu kiçik araşdırmada, orta hesabla 31 il siqaret çəkən və bir neçə dəfə siqareti tərgitməyə cəhd etmiş cəmi 15 iştirakçı var idi.

Üç doza psilobit və koqnitiv davranış terapiyasını əhatə edən 15 həftəlik müalicə rejimindən sonra iştirakçılardan biri tütündən heç bir çəkilmə simptomları yaşamadığını bildirib.

Johnson digəri haqqında deyir: "O, siqaretə toxunmağın belə mümkün olmadığını dedi; sanki yenidən proqramlaşdırılıbmış kimi idi".

İki-üç psilosibin dəstəkli terapiya seansından altı ay sonra, iştirakçıların 80%-i hələ də siqaret çəkmirdi.

Siqareti tərgitmək üçün aparılan digər davranış və dərman terapiyalarında, adətən, 35% səviyyəsində, nisbətən daha aşağı bir tərgitmə dərəcəsi əldə edilir.

Görünürdü ki, bu ideya ümid vəd edir.

Potensial çıxış yoludurmu?

Johnson və həmkarları son araşdırmalarını 82 iştirakçı ilə həyata keçirdilər.

İştirakçılar təsadüfi şəkildə ya yüksək doza psilosibin alacaq, ya da bir neçə həftə ərzində nikotin plastırı taxacaq qruplara bölündü.

Psilobisin qəbul edənlərin bəziləri maddənin təsiri altında siqaret çəkmə vərdişləri barədə düşünüb, digərləri isə düşünməyib.

Bundan əlavə, bütün iştirakçılar 13 həftə ərzində təxminən bir həftə ara ilə 10 koqnitiv davranış terapiyası seansı alıblar.

Bu seanslar zamanı onlar terapevtlə siqareti tərgitmək barədə müzakirə aparıblar.

Altı aylıq müddətdə psilosibin qrupundakı iştirakçıların 52%-i siqaret çəkmədiyi halda, nikotin plastırı qrupunda bu göstərici 25% oldu.

Araşdırmaya daxil olmayan Kanadanın Toronto Universitetindən klinik psixoloq və dosent Dominik Morisano yeni tapıntıların "inanılmaz dərəcədə maraqlı" olduğunu deyir.

"Siqareti tərgitmək ənənəvi müalicə üsulları ilə əldə edilməsi son dərəcə çətin bir nəticədir", - deyə o bildirir.

Johnson və həmkarlarının tapıntılarına əsaslanaraq, o, psilosibin dəstəkli terapiyanın insanları bu asılılıqdan qurtarmaq üçün mühüm bir yol halına gələcəyini proqnozlaşdırır.

Klinik psixologiya professoru Megan Piper yeni araşdırmanın tapıntılarının "təsirli" və "ümidverici" olduğunu qəbul edir.

Lakin o bu nəticələrin daha böyük və daha müxtəlif bir seçimlə təkrarlanmalı olduğunu da əlavə edir.

"Bu, yüksək təhsilli, əsasən ağdərili və psixodelik maddə istifadəsi keçmişi olan iştirakçılarla aparılan kiçik bir pilot araşdırma idi", - deyir və davam edir: "Psilosibinin siqaret çəkən hər kəsdə eyni dərəcədə effektiv olub-olmayacağı hələ bəlli deyil".

John Hopkins Universitetindən Johnson da bunun kiçik bir ön araşdırma olduğunu bildirərək, psilosibin qəbul etdikdən sonra siqareti tərgitmiş şəxslərin faizinin həqiqətən qalıcı olub-olmayacağı, ümidverici nəticələrin daha böyük araşdırmalarda təkrarlana bilib-bilməyəcəyi və ya hələ ortaya çıxmamış risklərin və yan təsirlərin olub-olmaması barədə qeyri-müəyyənliyin qaldığını deyir.

Johnson və iş yoldaşları hazırda məhz belə bir təqib araşdırması aparırlar. Bu tədqiqat ABŞ Milli Səhiyyə İnstitutundan (NIH) alınan təxminən 4 milyon dollarlıq maliyyə sayəsində mümkün olub.

Bu, psixodelik bir maddənin müalicəvi təsirlərini araşdırmaq üçün 50 ildən çox müddətdən bəri ABŞ hökumətinin ayırdığı ilk qrantdır.

Araşdırmada iştirak edənlər iki doza psilosibin alacaqlar.

Johnson bunun son təcrübədəki tək dozadan daha yaxşı nəticə verəcəyini düşünür. O və dostları həmçinin iştirakçılardan əldə edilən beyin görüntüləmə məlumatlarını da analiz edirlər.

Lakin o, davranış çevikliyinin bu dəyişikliyin mərkəzində olduğunu düşünür.

Johnson deyir: "Uzun müddətdir ki, eyni qəlibə sıxılıb qalmısınızsa, bu maddə sizi silkələyə bilər. Zəmanət deyil, amma potensial bir çıxış yoludur".

ABŞ-dakı Kaliforniya Universitetindən neyrobioloq Gül Dölen yeni tapıntıların psixodeliklərin beyində "kritik dövrləri" yenidən aça biləcəyi barədə 2023-cü il tarixli nəticələri ilə üst-üstə düşdüyünü deyir.

Bu dövrlər, adətən, fərdin yeni şeylər öyrənməyə hazır olduğu uşaqlıq dövrünə xas olan, yüksək həssaslıq və çevikliyin müşahidə edildiyi məhdud zaman kəsikləridir.

Dölen qeyd edir ki, bu vəziyyətdə psilosibin "koqnitiv-davranış terapiyası vasitəsilə siqaretlə bağlı yeni vərdişlər qazanmaq üçün bir fürsət pəncərəsi" yaradır.

Nəticə etibarilə, müalicənin qalıcılığı köhnə beyin qəliblərinin yenidən strukturlaşdırılmasının bir nəticəsi ola bilər.

Toronto Universitetindən klinik psixoloq Morisano da bənzər şəkildə, psilosibin istifadə edən xəstələrlə işləyən terapevtlərin dərmanın yaratdığı neyroplastik təsirlərdən daha çox yararlana biləcəyini, siqareti tərgitmək üçün digər mübarizə mexanizmlərini işə salaraq antidepressantların faydalarını artıra biləcəyini söyləyir.

Məsələn, idman, fərqindəlik və meditasiya kimi təcrübələrin bəzi insanların siqareti tərgitməsinə kömək etdiyi sübut edilib.

Morisanonun fikrincə, bunlar xəstənin psilosibin seansından əvvəl, müalicə zamanı edilə bilər və sonrasında da psixoterapiyaya inteqrasiya oluna bilər.

Morisano, "Asılılıq bir çox faktorun ağırlaşdırdığı mürəkkəb bir vəziyyətdir və həqiqətən uğurlu olan hər hansı bir müalicədə, ehtimal ki, birdən çox faktor olmalıdır", - deyir və əlavə edir:

"Günümüzün mürəkkəb dünyasında asılılıqla mübarizə aparan fərdlərə təqdim etdiyimiz müalicələrdə getdikcə daha yaradıcı olmalıyıq".