Coğrafi yön dəyişikliyi və "Avropa süfrəsində yemək" - Ermənistan-Aİ sammiti müxtəlif ölkələrdə necə qiymətləndirilir

Oxuma vaxtı: 7 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Mayın 4-ü və 5-də Yerevanda Avropa Siyasi Birliyinin 8-ci sammiti və tarixdə ilk dəfə Ermənistan-Aİ sammiti keçirilib.

Avropa liderləri Ermənistan paytaxtına ölkədəki parlament seçkilərindən bir ay əvvəl və Baş nazir Nikol Paşinyanın Moskvaya səfərindən bir ay sonra gəliblər.

Sammitin yekununda tərəflər birgə bəyannamə imzalayıblar.

Orada vurğulanır ki, sammit "son illərin mühüm nailiyyətlərini və tərəfdaşlığımızın strateji əhəmiyyətini" əks etdirir.

Aİ Yerevana gələcək dəstəyini davam etdirmək əzmində olduğunu bir daha bəyan edərək qeyd edib ki, "Ermənistan və Aİ-ni ümumi siyasi dəyərlər, beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və qaydalara əsaslanan beynəlxalq nizama sadiqlik birləşdirir".

Sənəddə, həmçinin deyilir ki, Avropa İttifaqı ötən ilin martında qəbul edilmiş "Ermənistanın Aİ-yə daxil olması prosesinin başladılması haqqında Qanun"a istinad edərək "erməni xalqının Avropa istəklərini" tanıyır.

Avropalılar, həmçinin Ermənistana investisiyaların 2,5 milyard dollara çatacağını gözləyirlər.

Aİ Ermənistanda nəqliyyat əlaqələrini yaxşılaşdırmağa və yaşıl enerjiyə keçidə kömək etməyə çalışır, həmçinin ermənilər üçün blok ölkələrinə qısamüddətli vizasız gediş-gəliş imkanı yarada biləcək danışıqlara başlayıb.

Sənəddə, həmçinin Brüsselin dəstəklədiyi Ermənistanın digər hədəfləri qısaca sadalanır: nüvə təhlükəsizliyi sahəsində əməkdaşlıq, Paris iqlim sazişinə sadiqlik, habelə nəqliyyat, rəqəmsal texnologiyalar və süni intellekt sahəsində birgə layihələr.

Lakin bəyannamənin müvafiq bəndlərində (onların sayı 40-dan çoxdur) pul məbləğləri və ya zaman çərçivəsi kimi detallar yoxdur.

Yeganə istisna 29-cu bənddir ki, burda Avropa Sülh Fondu çərçivəsində Ermənistana "Aİ tərəfindən yerləşdirilənlər də daxil olmaqla, beynəlxalq missiyalarda və əməliyyatlarda mümkün gələcək iştirak üçün" 30 milyon avro məbləğində yardımın göstərilməsi qeyd olunur.

"Avropanın qəlbində"

Britaniyanın Guardian qəzeti yazır ki, Aİ-nin yüksək rütbəli rəsmilərindən biri Aİ-Ermənistan sammitini "münasibətlərində mühüm mərhələ" və "Ermənistanın tədricən, yavaş-yavaş Qərbə doğru coğrafi istiqamətini dəyişməsinin simvolu" kimi xarakterizə edib.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen X-də yazıb: "Nəqliyyatdan tutmuş energetikaya və rəqəmsal şəbəkələrə qədər bu, Ermənistanı Aİ-ni, Cənubi Qafqazı və Mərkəzi Asiyanı birləşdirən qitələrin kəsişməsində strateji qovşağa çevirə bilər".

Açılış nitqində Ursula fon der Leyen bəyan edib ki, Avropa Ermənistanın qlobal ticarət marşrutlarının regional mərkəzinə çevrilməsinə, o cümlədən fiziki infrastrukturun yaradılması yolu ilə kömək etməyə hazırdır.

"Biz yerli enerji istehsalına və Qara dəniz vasitəsilə enerji əlaqələrinə investisiya qoymağa, həmçinin sizin sürətlə inkişaf edən rəqəmsal sektorunuzu Avropa rəqəmsal bazarına qoşmağa və Ermənistanın bu regionun mərkəzindəki mövqeyini artım mühərrikinə çevirməyə hazırıq", - deyə o bildirib.

Avropa İttifaqı Şurasının sədri António Costa-nın sözlərinə görə, bu sammit "Ermənistanı Avropanın tam qəlbinə - məhz aid olduğu yerə yerləşdirir".

Costa əmin edib ki, Ermənistanın Aİ-yə gedən yolu yanlış deyil və avropalı tərəfdaşlar sülhün dönməzliyini və demokratiyanın gücləndirilməsini təmin etməyə hazırdırlar.

Fransa Prezidenti Emmanuel Makron daha qətiyyətli danışıb.

"Gəlin açıq olaq: səkkiz il əvvəl bura heç kim gəlməzdi. Səkkiz il əvvəl danışıqlar masası arxasında bu ölkəyə de-fakto Rusiyanın peyki kimi baxılırdı", - deyə o bildirib.

Düzdür, media dərhal düz səkkiz il əvvəl, 2018-ci ildə Yerevanda keçirilmiş Beynəlxalq Frankofoniya Təşkilatının sammitini xatırladıb ki, həmin tədbirə 80-dən çox ölkənin nümayəndəsi və 38 dövlətin rəhbəri, o cümlədən Makronun özü də gəlmişdi.

Rusiya ilə münasibətlər

Lakin Ermənistanın bugünkü və səkkiz il əvvəlki mövqeyi həqiqətən də çox fərqlidir.

Yerevan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı iştirakını dayandırıb.

Buna səbəb, xüsusən də Moskvanın Ermənistan və Azərbaycan arasındakı münaqişəyə müdaxilə etməməsi olub ki, bu münaqişə iki müharibəyə, nəticədə isə Yerevanın Qarabağa olan iddialarından əl çəkməsinə səbəb olub.

Ötən ilin avqustunda iki ölkənin liderləri Ağ Evdə, Prezident Donald Trump-ın iştirakı ilə sülh münasibətləri haqqında bəyannamə imzalayıblar ki, bu da tamhüquqlu sülh müqaviləsinə doğru addım kimi təqdim edilir.

"Bu müharibə Rusiyanın təhlükəli dərəcədə etibarsız tərəfdaş olduğunun gecikmiş sübutu oldu", - deyə Yerevandakı Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Giraqosyan Associated Press agentliyinə bildirib.

Lakin o hesab edir ki, Rusiyanın buraxdığı boşluğu ABŞ deyil, məhz Aİ doldurub.

"Aİ ilə qarşılıqlı fəaliyyət ABŞ-ın müdaxiləsi ilə müqayisədə daha ölçülüb-biçilmiş və məhsuldardır, sadəcə ona görə ki, uzunmüddətli perspektivdə Avropanın əlaqələri Rusiya üçün daha az təhrikedicidir", - deyə o qeyd edib.

2025-ci ildə Ermənistan parlamenti ölkənin Aİ-yə üzv olmaq niyyətini rəsmən bəyan edən qanun qəbul edib.

Lakin Giraqosyan hesab edir ki, sammit mövcud münasibətlərin dərinləşməsinə diqqət yetirib və rəsmi Aİ üzvlüyü yolunda real addım olmayıb.

"Sammit Rusiyaya bir mesaj olaraq daha çox simvolik məna daşıyır", - deyə o bildirib.

Ermənistan digər simvolik addımlar da atıb: 2023-cü ildə Beynəlxalq Cinayət Məhkəməsinə qoşulub.

Bu məhkəmə Vladimir Putinin həbsinə order verib ki, Moskva da bunu "qeyri-dost addım" kimi pisləyib.

Buna baxmayaraq, Ermənistan hələ də Rusiyanın rəhbərlik etdiyi, malların, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini təmin edən vahid bazar Avrasiya İqtisadi İttifaqının üzvüdür. Bu ittifaqa, həmçinin Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.

Öz partiyasının rəsmi seçkiönü proqramını təqdim edərkən Paşinyan bildirib ki, "Rusiya ilə münasibətlərlərinin əhəmiyyətini qiymətləndirməmək çətindir" və söz verib ki, "Ermənistan-Rusiya münasibətlərində problem yaratmaq cəhdlərinə imkan verməyəcək".

Moskvanın cavabı

Aprelin 1-də Paşinyanla görüşündə Vladimir Putin bəyan edib ki, Moskva Ermənistan-Avropa əlaqələrinin inkişafına "tamamilə sakit" yanaşır, lakin eyni zamanda həm Aİ, həm də Aİİ-nin gömrük ittifaqlarında iştirak etmək hüquqi və praktiki cəhətdən qeyri-mümkündür.

"Biz başa düşürük ki, hər bir ölkə üçüncü ölkələrlə əməkdaşlıqdan maksimum üstünlük axtarır, lakin bu, aşkar olmalı, dürüstcəsinə, əvvəlcədən, necə deyərlər, "sahil"də deyilməlidir. Avropa İttifaqı ilə gömrük ittifaqında və Aİİ-də eyni vaxtda olmaq qeyri-mümkündür. Bu, sadəcə olaraq, mahiyyəti etibarilə mümkün deyil", - deyə Rusiya lideri bildirib.

Barselona Beynəlxalq Münasibətlər Mərkəzi (CIDOB) öz analitik hesabatında qeyd etdiyi kimi, Rusiya hələ də Ermənistanın əsas ticarət tərəfdaşı olaraq qalır: ölkənin xarici ticarətinin 40 faizindəb çoxu onun payına düşür.

Moskva Ermənistanın energetika və infrastrukturunun mühüm hissəsinə nəzarət edir və ucuz qaz tədarük edir.

"Avropada qazın qiyməti 1000 kubmetr üçün 600 dolları ötür, Rusiya isə Ermənistana qazı 1000 kubmetr üçün 177,5 dollar qiymətinə çatdırır", - deyə Putin Paşinyana bildirib.

Sammitin qonaqları arasında Ukrayna Prezidenti Volodimir Zelenski də var idi ki, bu da Rusiyada diqqətdən yayınmayıb.

"Ermənistan tarixi yol seçimində səhvə yol versə, Ukraynanın taleyini təkrar edə bilər. Qonşu ölkə özünü Avropa süfrəsində "yemək" kimi təqdim etmək riski ilə üz-üzədir", - deyə Rusiya Dövlət Dumasının deputatı Aleksey Tolmaçov ("Vahid Rusiya") bəyan edib.

Ayrı bir məsələ isə Gümrüdəki Rusiya hərbi bazasının taleyidir ki, rusiyalı politoloqların fikrincə, bura "şantaj" üçün həssas yerə çevrilə bilər.

Eyni zamanda, Rusiya qoşunlarının çıxarılacağı təqdirdə, Ermənistan daxili təhlükəsizliyi zəifləmiş və xarici təhdidlərlə üzləşmiş bir dövlətə çevrilə bilər.

Belə bir qiymətləndirməni, xüsusən də "İzvestiya" qəzetinə müsahibəsində Sankt-Peterburq Dövlət Universitetinin professoru Leonid Tkaçenko verib və ölkənin mümkün vəziyyətini Liviya və ya İraqdakı situasiya ilə müqayisə edib.

Paşinyanı dəstəkləmək?

Qərbdə bir çox media qurumları bu sammiti Yerevanın Moskvadan uzaqlaşmasının və Avropaya doğru irəliləmək istəyinin növbəti sübutu kimi şərh edirlər.

Politoloq Ruben Meqrabyan Fransanın "Radio France Internationale" radiosuna müsahibəsində deyib ki, "böyük mənada Rusiya artıq Ermənistana təsir edə bilmir, lakin çoxlu xırda pisliklər edə bilər və edir".

O hesab edir ki, Yerevana iqtisadi təzyiqlər arta bilər və Ermənistan, nəinki erməni ixracına, mümkün embarqoya, həm də qaz şantajına hazır olmalıdır.

Lakin Meqrabyan nikbindir: "Bunların hamısı düzələ bilən çətinliklərdir və bizim gözləntimiz var ki, məqsəd, maraq və dəyər birliyini artıq təsbit etdiyimiz avropalı tərəfdaşlarla əməkdaşlıq çərçivəsində bunlara qalib gəlmək mümkün olacaq".

Digər politoloqlar sammitin keçirilmə vaxtına - Ermənistanda parlament seçkilərindən bir ay əvvələ təsadüf etməsinə və bu qədər çox sayda vacib xarici qonağın gəlişinin bu və ya digər şəkildə Baş nazir Nikol Paşinyanın xeyrinə işləməsinə və bir qrup müşahidəçinin gözündə hökumətə Avropa legitimliyi qazandırmasına diqqət çəkirlər.

Onların bəziləri hesab edir ki, Ermənistanın hazırkı rəhbərliyi belə "hədiyyələrə" layiq deyil.

Bu barədə, xüsusən də Harvard Universitetinin Kennedi adına Dövlət İdarəçiliyi Məktəbinin elmi işçisi, əvvəllər 20 ildən çox Beynəlxalq Valyuta Fondunda çalışmış David Qriqoryan "EUobserver" üçün yazdığı məqalədə qeyd edir.

O bildirir ki, Ermənistanda yerləşdirilən Aİ-nin hibrid çevik reaksiya qrupu müstəqil müşahidə orqanı deyil, onun rəsmi mandatı Baş nazir Nikol Paşinyanın aparatına məsləhət verməkdən ibarətdir.

Bundan əlavə, Qriqoryan hesab edir ki, 7 iyun seçkiləri ərəfəsində "dezinformasiya ilə mübarizə" üçün nəzərdə tutulan 12 milyon avro dəyərindəki Aİ tədbirlər paketi vəsaitləri birbaşa hökumətin təsiri altında olan qurumlar vasitəsilə yönləndirir.

David Qriqoryanın Ermənistan müxalifətinin görkəmli simalarından biri kimi təqdim etdiyi erməni-rusiyalı iş adamı və Erməni Apostol Kilsəsinin ən böyük xeyriyyəçisi Samvel Karapetyan hələ də Ermənistanda geniş şəkildə saxta kimi xarakterizə edilən ittihamlarla ev dustaqlığındadırlar.

Skeptiklərin fikrincə, Avropa Yerevanı dəstəkləyir və Ermənistanla münasibətlərin inkişafına pul və güc sərf etməyə hazırdır, çünki əsasən Avropaya Azərbaycan qazı lazımdır və onun fasiləsiz tədarükü üçün regionda sabitlik vacibdir.

Azərbaycan mediası sammitdə Azərbaycan Prezidenti İlham Əliyevin (videoəlaqə vasitəsilə olsa da) iştirakını qeyd edir və vurğulayırlar ki, o, əvvəllər Aİ rəhbərliyi ilə müzakirələr zamanı görüşün Ermənistanda keçirilməsi ideyasını dəstəkləyib.

Ermənistan Rusiya ilə münasibətləri qırmadan, lakin Moskvadan həddindən artıq asılılıqdan qaçmağa çalışaraq Aİ ilə əlaqələri gücləndirməyə çalışır. Eyni zamanda, CIDOB-un hesabatında qeyd olunur ki, Avropa İttifaqı da qapılarını Yerevanın üzünə açmağa tələsmir.

Brüssel əməkdaşlığı dərinləşdirməyə - investisiya qoymağa, islahatlara kömək etməyə, nəqliyyatı inkişaf etdirməyə və vizasız rejimi müzakirə etməyə hazırdır.

Lakin hesabat müəlliflərinin yazdığına görə, Ukrayna, Moldova və Gürcüstanın müraciətlərindən sonra daxilində yeni üzvlərin necə və nə vaxt qəbul edilməsi barədə konsensusun olmadığı Avropa İttifaqı üçün tamhüquqlu genişlənmə hazırda prioritet deyil.

Buna görə də, bu gün üçün real ssenari üzvlük deyil, Ermənistanın Aİ-yə tədricən inteqrasiyasıdır.