Duz hücum edir: Niyə bütün dünyada içməli su yararsız hala gəlir?

    • Müəllif, Ekpali Seynt
    • Vəzifə, BBC
  • Oxuma vaxtı: 6 dəq

Yeni Orleanda kranlardan şor su axır. Banqladeşdə fermerlər əvvəllər məhsuldar olan torpaqlarını krevet yetişdirmək üçün yarı şirin gölməçələrə çevirməyə məcburdurlar.

Qambiyada bir fermer əkininin necə şoranlaşmasını seyr edir.

Bütün dünyada əvvəllər etibarlı olan sahilboyu şirin su mənbələri dəniz suyunun sızması nəticəsində şorlaşır. Bu, qeyri-rəsmi olaraq "şorlaşma böhranı" adlandırılan, yavaş-yavaş inkişaf edən qeyri-adi bir böhrandır və bütün dünyada əhaliyə getdikcə daha çox təsir edir.

Şorlaşma (dəniz suyunun müdaxiləsi) - okean və ya dənizdən gələn duzlu suyun quruya doğru irəliləyərək şirin su hövzələrinə nüfuz etməsidir. Hazırda Qambiya, Vyetnam və Banqladeş kimi alçaq ərazilərdə yerləşən ölkələr bundan daha çox əziyyət çəkir, lakin problem qlobal xarakter daşıyır və ABŞ-a da təsir edir.

2050-ci ilə qədər Antarktidadan başqa bütün qitələrdə dəniz suyunun qurunun daxilinə ən azı 1 km sızdığı sahilboyu rayonların olacağı proqnozlaşdırılır.

Qərbi Karolina Universitetinin (ABŞ) sahil geologiyası üzrə professoru Robert Yanqın sözlərinə görə, duzlu suyun bu cür hücumu, adətən, tədricən, uzun müddət ərzində baş verir, lakin bütün dünyada içməli su mənbələri, çəltik becərilməsi və sahil bölgələri üçün dağıdıcı uzunmüddətli nəticələrə səbəb olur.

"Şorlaşma - yavaş inkişaf edən iqlim böhranının gözədəyən nümunəsidir", - deyə o qeyd edir.

Ekspertin fikrincə, diqqət çox vaxt fırtınalar kimi böyük hadisələrə yönəlir, tədricən baş verən dəyişikliklər isə nəzərdən qaçır: "Biz yanlış fəlakətlərə hazırlaşırıq; məhz yavaş inkişaf edən iqlim fəsadları, xüsusən də inkişaf etməkdə olan ölkələrdə, sahil bölgələrinin gələcəyinə həqiqətən təsir edə bilər".

Hər yerə nüfuz edən duz

ABŞ-da şorlaşma artıq bir çox sahilboyu su qatlarına təsir edib; bu proses xüsusilə Cənubi Floridanın alçaq ərazilərində kənd təsərrüfatı və içməli su təchizatı sistemlərini təhdid edir.

Orada həssas Biskeyn su qatı şirin suyun əsas mənbəyidir.

Alimlər Rod-Ayland ştatındakı quyuların duzlu su ilə çirkləndiyini aşkar ediblər.

The Guardian qəzetinin məlumatına görə, Luiziana sakinləri artıq kran suyunda duz dadı hiss etməyə başlayıblar.

İçməli suyun şorlaşması sadəcə xoşagəlməz dad demək deyil.

Araşdırmalar göstərir ki, şor su istehlak edən insanlar sağlamlıq üçün ciddi risklərlə, o cümlədən yüksək qan təzyiqi və hamiləlik zamanı ağırlaşmalarla üzləşirlər.

Delaver Universitetinin (ABŞ) sahil hidrogeoloqu Holli Mayklın sözlərinə görə, vəziyyəti temperaturun yüksəlməsinə, yağıntıların azalmasına və dəniz səviyyəsinin qlobal miqyasda qalxmasına səbəb olan iqlim dəyişikliyi daha da ağırlaşdırır.

ABŞ daxil olmaqla bir çox yerlərdə məişət, kənd təsərrüfatı və sənaye ehtiyacları üçün yeraltı suların həddindən artıq istifadəsi də dəniz suyunun torpağa və çaylara nüfuz etməsinə əhəmiyyətli dərəcədə şərait yaradır.

Fermerlər üçün problemlər

Şorlaşmadan ən çox əziyyət çəkənlər artıq dünyanın bəzi ən kasıb ölkələrindəki sahilboyu fermerlərdir.

Nurs Senne, Qambiyada manqrov meşələri arasında yerləşən, təxminən 600 nəfər əhalisi olan kiçik Sankandi kəndində valideynləri ilə birlikdə çəltik yetişdirməyə başlayanda hələ uşaq idi. Valideynləri ona öyrədirdilər ki, çəltik şitilləri suda yaxşı inkişaf edir, buna görə də onları yalnız bol yağıntıların təbii suvarmanı təmin etdiyi yağışlar mövsümündə yetişdirmək lazımdır.

Bu təcrübə nəsillər boyu onların ailəsi üçün işə yarayırdı.

59 yaşlı Senne deyir: "Atam varlı adam deyildi. O, ailəni saxlamaq üçün çox çalışırdı, lakin yağışlar mövsümündə hamımızı doyurmağa bəs edəcək qədər bol məhsulumuz olurdu".

Senne müstəqil şəkildə çəltik yetişdirməyə 1987-ci ildə, ailə qurduqdan qısa müddət sonra başlayıb.

Onun sözlərinə görə, tarlasındakı bol məhsul ailəsini doyurmağa kömək edirdi, lakin təxminən dörd il əvvəl - Atlantik okeanından gələn duzlu su tədricən onun bir hektarlıq çəltik sahəsinə nüfuz etməyə başlayanda məhsuldarlıq azalmağa başladı.

Senne çəltiyin daha pis yetişdiyini və daha az məhsul verdiyini müşahidə edib. Şorlaşmanın fəsadlarını azaltmağa çalışsa da, o, plantasiyanı başqa yerə köçürmək məcburiyyətində qalıb.

Qambiya dünyanın ən alçaq ərazilərində yerləşən ölkələrindən biridir və burada duzlu suyun sızması ilk dəfə hələ XIX əsrdə qeydə alınıb. Lakin Qambiya Universitetinin iqlim dəyişikliyi və aqronomiya üzrə professoru Sidat Yaffa bildirir ki, hazırda şorlaşmanın əsas səbəbi iqlim dəyişikliyidir.

"İndi bizdə daha az yağıntı düşür və yağışlarla gələn şirin suyun miqdarı azalır, - deyə Yaffa izah edir. - Bunun əvəzinə, Atlantik okeanından daha çox duzlu su Qambiya çayı boyunca axının əksinə doğru irəliləyir".

Masada daha az yemək

Qambiya Milli Ətraf Mühit Agentliyi üçün hazırlanmış 2024-cü il qiymətləndirməsinə əsasən, duzlu suyun sızması nəticəsində 2009-cu ildən 2023-cü ilə qədər ölkədə çəltik becərilməsi üçün istifadə olunan torpaqların sahəsi 42% azalmış, istehsal həcmi isə 26% aşağı düşmüşdür.

Senne problemi ilk dəfə hiss edəndə özü üçün müvəqqəti bənd inşa etdi: duzlu suyun tarlasına daha çox irəliləməsinin qarşısını almaq üçün kisələri torpaqla doldurub yerə basdı. Lakin üç cəhdə baxmayaraq, onun sözlərinə görə, bu həll yolu heç bir nəticə vermədi.

Nəticədə o, təsərrüfatını tərk etdi. "Zərər görmüş çəltik sahəsi artıq becərilmir", - deyə Senne bildirir.

Hazırda Senne yaxınlıqdakı özünə məxsus kiçik bir torpaq sahəsində çəltik əkir, lakin qeyd edir ki, məhsuldarlıq əvvəlkinin üçdə birindən də azdır və yeddi övladı artıq əvvəlki kimi yaxşı qidalanmır.

"Mənim üçün çox ağırdır, çünki əvvəllər ailəm həmişə doyunca yeyirdi, indi isə yox. Bu, özlüyündə artıq bir yükdür", - deyə o vurğulayır.

İndi Senne bir kisə idxal olunmuş düyünü 2200 Qambiya dalasisinə (təxminən 30 dollar) alır. "Heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa düyü almaq məcburiyyətində qalacağam. Bu, mənim üçün çox çətindir", - deyə o əlavə edir.

Düyü Qambiyada natural təsərrüfatla məşğul olan fermerlər üçün ən vacib qida məhsuludur. Ölkə faktiki olaraq düyünün böyük hissəsini idxal etsə də, yerli sakinlər üçün öz ehtiyacları üçün düyü almaq qeyri-adi bir təcrübədir. Üstəlik, orta aylıq əmək haqqının 5 min dalasidən (69 dollardan) az olduğu bir ölkədə idxal düyü olduqca bahadır.

Duzun qarşısını necə almalı?

Vyetnamdan Aralıq dənizi sahillərinə, ABŞ-ın Florida və Delmarva yarımadasındakı sahilboyu ərazilərinə qədər dünyanın digər alçaq rayonlarındakı fermerlər də şorlaşmanın fəsadları ilə üzləşirlər.

Banqladeşdə torpaqları duzlu su altında qalan bəzi kiçik fermerlər bu sahələri krevet yetişdirmək üçün şortəhər gölməçələrə çevirməyə başlayıblar.

Lakin bu, torpaqların daha da şorlaşmasına gətirib çıxara və sahilboyu rayon sakinləri arasında münaqişələrə səbəb ola bilər.

İnsanlar duzlu suyun hücumuna müqavimət göstərməyə çalışırlar.

Floridada şirin və dəniz suyunu bir-birindən ayırmağa kömək edən xüsusi duz səviyyəsinə nəzarət qurğuları quraşdırılıb.

Vyetnamda ölkənin "düyü anbarı" sayılan Mekonq deltasını duzlu suyun sızmasından qorumaq üçün milyonlarla dollar dəyərində şlüz qapıları inşa edilib. Lakin bu layihələr tez-tez problemlərlə üzləşir və həmişə səmərəli işləmir.

Holli Mayklın sözlərinə görə, Floridada tətbiq edilən digər mühəndis həlli tullantı sularının təmizlənərək yenidən çaylara axıdılmasıdır. Çin və Niderland da suyun təmizlənməsi və təkrar istifadəsi ilə bağlı oxşar yanaşmalardan istifadə edir.

Qambiyada isə Sidat Yaffanın bildirdiyinə görə, çəltik tarlalarına duzlu suyun daxil olmasının qarşısını almaq üçün hələ 1994-cü ildə bənd inşa edilib.

"Bənd yaxşı həll yolu idi," -deyə hidrogeoloq qeyd edir. - Lakin hazırda o, bərbad vəziyyətdədir və ciddi təmirə ehtiyacı var".

Əlverişsiz proqnoz

Bütün bu həll yollarına baxmayaraq, Şimal-Şərq Universitetinin (ABŞ) iqlim dəyişikliyinə uyğunlaşma üzrə tədqiqatçısı Lizzi Yarina qeyd edir ki, "universal bir vasitə yoxdur və bir yerdə işə yarayan üsul başqa yerdə faydasız ola bilər".

İqlim dəyişikliyi sürətləndikcə və əhalinin artımı şirin su qatlarına təzyiqi artırdıqca, şorlaşma böhranı daha da dərinləşəcək.

2024-cü ilin araşdırmasına əsasən, 2100-cü ilə qədər dünya sahillərinin demək olar ki, 77%-i şorlaşmadan təsirlənəcək.

Bir çox fermerin dolanışıq mənbəyi getdikcə daha böyük təhlükə altına düşəcək.

Qambiyada Nurs Senne artıq kahı və kələm kimi tərəvəzlərin yetişdirilməsinə keçib, lakin əldə etdiyi cüzi qazanc onun xərclərini, o cümlədən idxal olunmuş düyü alışını qarşılamır.

O, dərindən narahatdır və problemin etibarlı həllinə ümid edir. Lakin hesab edir ki, vaxt getdikcə daralır.

"Mən bəndlərin tikilməsini dəstəkləyirəm, - deyə o bildirir. - "Əks halda şorlaşma daha da güclənəcək və həyat bizim üçün dözülməz olacaq. Qorxuram ki, əgər heç nə edilməsə, gələcəkdə mənim ikinci çəltik tarlam da zərər görə bilər".