You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Bakı və Ankaradan İsrailə etiraz - "erməni soyqırımı" qərarı hər iki ölkəni qəzəbləndirib
Bakı İsrail hökumətinin 1915-ci il hadisələrinin "soyqırımı" kimi tanınması qərarını tənqid edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin iyunun 29-da yaydığı bəyanatda bildirilir ki, belə addımlar "barışıq və qarşılıqlı anlaşmaya deyil, mövcud ziddiyyətlərin daha da dərinləşməsinə xidmət edir, regionda davamlı sülh və barışıq səylərinə mane olur".
İsrail kabineti 1915-ci il hadisələrinin "soyqırımı" kimi tanınmasını nəzərdə tutan təklifi 28 iyunda yekdilliklə qəbul edib.
Qərarın qüvvəyə minməsi üçün onun parlamentdə təsdiqlənməsi tələb olunur.
Bakı İsrail hökumətini qəbul etdiyi bu qərarı yenidən nəzərdən keçirməyə çağırıb.
Türkiyədən sərt reaksiya
Türkiyə Xarici İşlər Nazirliyi İsraili "öz cinayətlərini ört-basdır etməyə çalışmaqda" ittiham edib.
Nazirliyin yaydığı yazılı açıqlamada İsrailin Beynəlxalq Ədalət Məhkəməsində Qəzzə sakinlərinə qarşı soyqırım törətmək ittihamı ilə mühakimə olunduğu xatırladılaraq bildirilib:
"İsrail hökuməti 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi siyasi qərarla öz cinayətlərini ört-basdır etməyi qarşısına məqsəd qoyur".
Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında İsrailin bu addımı "pis niyyətli təşəbbüs" kimi qiymətləndirilib.
Açıqlama Türkiyənin "İsrailin regionda genişlənməyə yönəlmiş və sabitliyi pozan siyasətlərinə son qoyulması" və "Netanyahu hökumətinin başda Fələstin xalqı olmaqla mülki şəxslərə qarşı törətdiyi cinayətlərə görə hüquq qarşısında cavab verməsi üçün qətiyyətlə fəaliyyət göstərməyə davam edəcəyi" vurğusu ilə yekunlaşıb.
İsrail kabinetinin qərarı Türkiyə ilə münasibətlərdə son dövrdə gərginliyin artması fonunda qəbul edilib.
Ankara İsraili Qəzzədə "soyqırım" törətməkdə ittiham edir, İsrail isə bu iddianı rədd edir.
Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Burhanettin Duran da İsraili "ikiüzlülükdə" ittiham edib.
Duran sosial şəbəkədə paylaşımında yazıb: "Körpə, qadın, yaşlı demədən on minlərlə günahsız mülki şəxsi gözünü belə qırpmadan qətlə yetirərək XXI əsrin ən amansız qətliamlarından birinə imza atan İsrail rəhbərliyinin tarixi hadisələri siyasi silah kimi istifadə etməyə cəhd etməsi bir sözlə ikiüzlülükdür."
İsrailin açıqlaması
İyunun 28-də İsrail Xarici İşlər Nazirliyi hökumətin "Xarici işlər naziri Gideon Saar-ın erməni soyqırımını tanımaq təklifini yekdilliklə qəbul etdiyini" açıqlayıb.
Nazirlik bildirib ki, Saar kabinet iclasında belə deyib: "Erməni soyqırımı bu gün də inkar və kiçiltmə məqsədilə aparılan təşkilatlanmış kampaniyaların mövzusu olaraq qalır; bu kampaniya əsasən Türkiyə hökuməti tərəfindən həyata keçirilən təhrif olunmuş tarix yazımını da əhatə edir".
Tarixi mübahisə
Türkiyə 1915-ci il hadisələrində baş verən ölümləri qəbul edir, lakin hadisələrin Birinci Dünya müharibəsinin şərtlərində baş verdiyini xatırladır və "soyqırımı" terminini rədd edir.
Ermənilər isə 1915-ci il hadisələrinin beynəlxalq səviyyədə "soyqırımı" kimi tanınmasını tələb edirlər.
Ermənilər 1,5 milyon insanın öldüyünü bildirir, Türkiyə isə ölənlərin sayını yüz minlərlə olduğunu bildirir.