Fərxundə: Küldən yüksələn şəhid

Şəklin mənbəyi, Reuters
- Müəllif, Zarğuna Karğar
- Vəzifə, BBC World News
Mart ayında Əfqanıstan paytaxtında qaragüruh səhvən Quranın yandırılmasında günahlandırılan bir qadına vəhşicəsinə hücum edərək onu ölənədək döymüşdü. Haqlı hiddət kədər və xəcalətə çevriləndə isə burada kütləvi etirazlar və məhkəmələr başlandı. Lakin indi o vaxt günahlandırılanlardan bəzilərinin həbs müddəti azaldılıb və bəziləri isə, ümumiyyətlə, azad ediliblər.
Bu hadisə əfqanların Novruz bayramından iki gün əvvəl baş vermişdi. Fərxundə Məlikzadə anası Bibi Hajeyraya sevinclə bildirmişdi ki, Quran qiraəti dərsindən qayıdan kimi ona bayrama hazırlaşmaqda kömək edəcək. Sonra isə o, qardaşının uşağını öpərək qapıdan çıxmışdı.
27 yaşlı Fərxundə şəriət dərsini öyrənsə də, özü könüllü müəllimlik edirdi. O ərə getmək, ailə qurmaq, hakim ixtisasına yiyələnmək istəyirdi. “Fərxundə cəsarətli idi. O heç vaxt düşündüyünü deməkdən çəkinməzdi” – deyir Bibi Hajeyra. Həmin gün onun qızının başına gələnlər ölkəni silkələmiş, dünya boyunca xəbər başlıqlarına çıxmışdı.
Evə qayıdarkən Fərxundə Kabulun mərkəzindəki Şahidi-Şəmşir pirinin yanında ayaq saxlamışdı. O burada dua etmiş, lakin sonra üstündə Quran ayələri yazılmış ətirli nazik kağız parçalarının satışı barədə mübahisəyə girişmişdi.
Fərxundə bunların satışının xürafat və qeyri-islami olduğunu söyləmişdi. O bunu pirin baxıcısı Zayn ül-Dinə izah etməyə çalışanda isə, baxıcı qışqırmağa başlamışdı: “Bu qadın Amerika casususdur, o Quranı yandırıb!”

Şəklin mənbəyi, Getty
Haray-həşirə izdiham toplanmışdı. Bəziləri baş verənləri telefonlarının kamerasına çəkirdilər. Görüntülər dəhşət doğurur, lakin Bibi Hajeyra onlara baxıb.
Çadralı Fərxundə pirin qapısı önündə dayanaraq Quranı yandırmadığını söyləyir.
Elə bu vaxt bir nəfər “Onu amerikalılar göndəriblər – deyə bağırır. “Əgər səsini çıxarsan, sənin ağzını partladacağam” - deyir həmin kişi. “Ay qardaş, mənim şəklimi çəkmə, - deyə yalvarır Fərxundə. Kişi isə ondan Quranı nə üçün yandırdığını soruşur.
Bundan sonra Fərxundəni pirdən sürüyüb çıxarırlar, yerə yıxıb döyməyə başlayırlar. Kimsə “öldürün onu” deyə qışqırır. Bu vaxt açılan polis atəşlərindən sonra izdiham geri çəkilir və oturduğu yerdə qalmış Fərxundənin çadrasız və örtüksüz vücudu, qana bulaşmlış əlləri və başı görünür. O donuq gözləri ilə düz kameraya baxır. Ayaqqabılarından bir ayağından çıxıb.
“Məni yandıran odur ki, onun o cür qan içində oturduğu, başından qan töküldüyü bir vaxtda polis sakitcə baxıb – deyir Bibi Hajeyra, - Onlar niyə maşın çağırmırdılar, niyə qadın polislər gətirilmirdi?”.
Lakin az sonra polis kütlənin qarşısını almaqdan vaz keçir. Videodan görünür ki, polis Fərxundənin yerə yıxılmasına, təpiklə, payalarla döyülməsininə, üstündən maşınla keçilməsinə və elə həmin maşına bağlanıb küçə boyu 200 metr sürüklənməsinə sadəcə tamaşa edib.
"Onlar öz vəzifələrinə səhlənkar yanaşıblar – deyib Kabul cinayət istintaqı idarəsinin rəisi, polis generalı Zahir Zahir BBC-yə, - Onlar hətta özləri öldürülsəydilər də, xanım Fərxundənın bu sayaq şəhid edilməsinə yol verməməli idilər”.
Həmin gün yeniyetmə Yaqub dayısının eynəksatan dükanında ona kömək edirdi. Ailəsi deyir ki, o yaxşı bir uşaq olub. Bacılarının qayğısına qalarmış. Lakin Fərxundənin cəsədini sürüyən qaragüruh onların qapısından keçəndə, Yaqub da onlara qoşulub. Videoda Fərxundənin çay yatağına atıldığı və Yaqubun yerdən daşlar götürərək onu vurduğu görünür.
Daşqalaq edildikdən sonra Fərxundənin cəsədi yandırılıb və beləliklə, bu uzun sürən zorakılıq başa çatıb.
Mobil telefonun kamerası ilə çəkilmiş bu görüntülər sonradan internetə yüklənib. Bəziləri bu hücumdakı iştırakları ilə lovğalanır və ya qətli təqdir edirdilər.
Prezident Əşrəf Qani bu linçləməni pisləyib təhqiqat sərəncamı versə də, informasiya və mədəniyyət nazirinin müavini Semin Qəzəl Həsənzadə və Kabul polisinijn sözçüsü Həşmət Stenekzay da daxil bəzi rəsmilər bu hadisəyə haqq qazandırmağa çalışıblar. Hadisənin elə ertəsi günü cümə namazından sonra bir sıra tanınmış imamlar da kütlənin hərəkətlərini təqdir ediblər.
Polis Fərxhundənin ailəsinə bildirib ki, öz təhkükəsizlikləri naminə Kabuldan çıxıb getsinlər.
Lakin daha bir gün sonra əhaval-ruhiyyə dəyişib. Həcc və Dini İşlər Nazirliyinin təhqiqatı nəticəsində Fərxundənin Quranı yandırmadığı isbat olunub.
Bundan sonra imamlar və rəsmilər linçləməyə dəstək verən bəyanatlarını geri götürüblər, Həsənzadə və Stanekzay isə vəzifələrindən qovulublar.
“Biz ölüxanaya getmişdik. Mən zəncirbəndlə bağlanmış plastik kisəni açdım.” – deyə xatırlayır Bibi Hajeyra, - Mən ona deyirdim: Fərxundə, mənim balam… Deyirdim və əlini, üzünü təmizləyirdim. Onun əlləri və ayaqları qançır və yanıqlarla örtülmüşdü. Onun üzü tamamilə yanmışdı. Onlar bunu nə üçün mənim qızıma ediblər? Sankı o mənə deyirdi: “Mən günahsız idim, ana”.
Fərxundə beləcə incidilən insandan şəhidə çevrildi. Onun dəfninə minədək insan gəlmişdi. Dəfnlərdə yalnız kişilərin iştirak etdiyi Əfqanıstan üçün misli görünməmiş bir şəkildə cənazəni qəbristanlığa qadınlar aparmışdılar.
"Mən və rəfiqələrim özümüzə söz vermişdik ki, heç bir kişinin bu cənazəyə əl vurmasına imkan verməyəcəyik – deyir qadın hüquqları fəalı Səhra Musəvi, - Kişilər qabağa gəlib tabutu götürmək istəyirdilər. Lakin biz onlara “toxunma” deyə qışqırırdıq. “Fərxundəyə 150 kişi basqın edəndə siz haradaydınız? Hardaydınız siz?” – deyirdik”.
“Əfqanıstanda ilk dəfə idi ki, qadınlıar çiyin-çiyinə dayanıb bir-birlərinə belə dəstək verirdilər”.

Şəklin mənbəyi, BBC World Service
Bundan iki gün sonra, martın 24-də minlərlə qadın və kişi Kabulun küçələri ilə yürüş edərək “Mən Fərxundəyəm” deyə qışqırırdı və ədalət tələb edirdi. Etirazçılardan bəziləri Fərxundəni təcəssüm etdirmək üçün üzlərini qırmızı rənglə boyamışdılar.
Qətllə əlaqədar 49 nəfərə qarşı ittiham irəli sürülmüşdü.
Hadisədən altı həftə sonra televiziya ilə translayasiya olunan məhkəmədə 11 polis nəfəri Fərxundəni müdafiə edə bilmədiklərinə görə bir il müddətinə azadlıqdan məhrum edildi. 8 mülki şəxsə 16 il iş kəsildi. 4 ölüm hökmü çıxarıldı. Ölüm hökmünə layiq görülənlərdən biri də həmin pirin baxıcısı Zayn ül-Din idi. Eynək dükanındakı o balaca oğlan, Yaqub da ölümə məhkum edilmişdi.
“Onlar insan deyildilər, onlar vəhşi canavar kimi bir məxluq idilər, - deyir Fərxundənin anası Bibi Hajeyra, - Yaxşı, döydünüz, öldürdünüz… Bu, bəs deyildimi? Onu niyə küçələrlə sürüdünüz, üstündən maşın keçirdiniz, yandırdınız? Onun ölü cəsədini də dinc buraxmadınız…”
Yaqubun valideynləri də qətli pisləyirlər, lakin deyirlər ki, onların övladı cavan olub və “dini hissləri onu bu işə sövq edib”.

Şəklin mənbəyi, BBC World Service
“Bəlkə də mən orda olsaydım, ona deyərdim ki, bunu etməsin və ya küçəyə çıxmasın, - deyir Yaqubun atası Məhəmməd Yasin, - Amma min adam eyni şeyi təkrar edirsə, emosiyalara qapılmamaq çətindir”.
Fərxundənın qətlindəki ən narahatedici məqamlardan biri də budur ki, onun qatilləri dini ekstremistlər yox, adi əfqanlar olub. Videoda onların əyinlərində milli əfqan geyimlərinin deyil, cins şalvarların və maykaların olduğu görünür. Yaqubun özü boks və futbol həvəskarı olub. Onun dolabında Real Madrid klubunun dizlikləri vardı.
Niyə bu qədər insan şaiyələrə dərhal inanmağa belə hazır olub. Onlar niyə belə bir zorakılıq aktını törətməyə tezcə girişə biliblər?
"Fərxundəyə hücum edib onu öldürənlərin çoxu Kabulda yaşayanlardır. Onlar prezident Karzayın hakimiyyəti illərdinsdə böyümüş oğlanlardır – deyir Səhra Musəvi, - Onlar cins şalvar geyinib müasir görünməyi tez öyrəniblər, amma qadınlara qarşı mentalitetləri dəyişməyib”.
Prezidentin xanımı Rula Qani BBC-yə deyib ki, hər bir əfqan onların ölkəsində belə bir hadisənin necə baş verdiyi barədə sualı özlərindən soruşmağa məcburdur.
"Bu onu göstərir ki, əfqan cəmiyyəti vətəndaş müharibəsi başlanandan bəri, illərdir zorakılıq mühitində yaşayıb”.
"Bu hadisə hər bir əfqan üçün ayılıb kənardan özünə baxmaq, özlərinə “mənim də anam, bacım, qızım var. Mən onların da bu cür küçələrdə təhlükə riski ilə üzləşməsini istərdimmi sualını vermək imkanı idi” – deyib prezidentin xanımı.
Fərxundə rəsmi olaraq şəhid elan edilib. Belə şərəfə yalnız həyatlarını qurban vermis əsgərlər layiq görülürlər. Onun bir vaxtlar yaşadığı küçəyə Fərxundə adı verilib.
“Onun adı yaşayır – deyir Fərxundənin anası, - Mən onunla fəxr edirəm”.
Lakin küçələri “Biz də Fərxundəyık” şüarları ilə dolduranlar və hadisənin Əfqanıstan qadınları üçün dönüş nöqtəsi olacağını düşünənlər, bu ölümdən sonra heç nəyin dəyişmədiyinin şahidi olublar.

Şəklin mənbəyi, BBC World Service
Qadınlara qarşı zorakılığın qarşısını alacaq heç bir yeni qanunlar qəbul edilməyib.
Ötən ay isə Kabulun apellyasiya məhkəməsində, bağlı qapılar arxasında keçirilən dinləmədə müqəssirlərin ölüm hökmü ləğv edilib. Onlardan üçünün cəzası 20 illik həbslə əvəzlənib, valideynlərinin hadisə baş verərkən azyaşlı olduğu barədə iddia qaldırdıqları Yaquba isə 10 il iş kəsilib.
Kabul baş prokurorluğunun məlumatına görə, apellyasiya dinləməsinin ardınca bir illik həbs cəzası almış 11 polis nəfəri zaminə buraxılıb. Hərçənd Fərxundə tərəfinin ailə vəkili Nəcla Rahil deyir ki, onlardan dördü barədə işə ümimiyyətlə xitam verilib. Onların hamısı daxili işlər nazirliyindəki postlarına qaytarılıblar.
Fərxundənin başına gələn əhvalat, başqa məqamlarla yanaşı, həm də əfqan cəmiyyətini bürüyən qadına nifrətin göstəricisidir. Onun ölümünə reaksiya Əfqanıstanda bəzilərinin dəyişiklik istədiyini göstərsə də, lakin real dəyişiklik yalnız bir nəslin ömrü ərzində yarana bilər.
"Biz vəziyyətin yaxşılaşması üçün mübarizəni davam etdirməliyik", Səhra Musəvi deyir. "Çünki bu ölkə indikindən daha yaxşı olmalıdır".

























