ABŞ Edward Snowden-ə amnistiya vəd edir

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (MTA) Edward Snowden-in əfv olunmasını mümkün sayır.
Bu barədə MTA-nın dövlət srrlərinin qorunması şöbəsinin rəhbəri Richard Ledgett CBS telekanalanıa bildirib.
Onun fikrincə, ABŞ xüsusi xidmət orqanları tərəfindən vətəndaşların telefon danışıqlarının izlənməsi və dinlənilməsi barədə məxfi məlumatları ictimaiyyətə açıqlayan keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əməkdaşı əlində olan digər məxfi sənədləri yaymağı dayandırarsa və onları ABŞ-a qaytararsa, onun əfv edilməsi perspektivi mümkün ola bilər.
Richard Ledgett deyib ki, şəxsən o, Snowden bundan sonra susacağı təqdirdə, onun ABŞ tərəfindən əfv edilməsi barədə vəsatət qaldırmağa hazır olardı.
Cənab Ledgett, Edward Snowden tərəfindən məxfi məlumatların açıqlanması nəticəsində ABŞ dövlətinə dəyən ziyanın miqyasının müəyyən edilməsilə məşğuldur.
Rəsminin sözlərinə görə, bu cür sövdələşmənin bağlanmasının mümkünlüyü üzərində hazırda düşünülür.
Lakin ABŞ MTA rəhbəri general Keith Alexander qəti olaraq, Edward Snowden-in əfv olunmasının əleyhinə olduğunu bildirir.
Amerika kəşfiyyatının qaçaq düşmüş casusu Edward Snowden-ə bu ilin avqust ayında Rusiya tərəfindən müvəqqəti siyasi sığınacaq verilmişdi.
Bundan əvvəl ABŞ Edward Snowden-in mühakimə olunmaq üçün ekstradisiyasını istəmişdi, lakin Rusiya onu təslim etməkdən imtina etmişdi.
























