Azərbaycan-İran münasibətləri: Bayramov və Əraqçi nələri müzakirə edib?

Ceyhun Bayramov Abbas Araqçı
Şəklin alt yazısı, Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov və İran Xarici İşlər Naziri Abbas Əraqçi
Çap edildi
Oxuma vaxtı: 2 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçi ilə Azərbaycanla İranın hazırkı münasibətlərini və inkişaf perspektivlərini müzakirə ediblər, Azərbaycan XİN bildirib.

İki nazir regional vəziyyəti və təhlükəsizlik məsələlərini müzakirə edib, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təşviq edilməsinin, qarşılıqlı etimadın gücləndirilməsinin və regional əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıblar, xəbərdə deyilir.

Nazirlərin telefon danışığı Azərbaycan Baş naziri müavini Şahin Mustafayevin İrana səfərindən sonra baş verir.

Bu səfərdə iki ölkə arasında mövcud iqtisadi əlaqələr nəzərdən keçirilib və perspektiv layihələr müzakirə olunub. O cümlədən, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin artırılması müzakirə olunub, yerli media yazıb.

Şahin Mustafayev
Şəklin alt yazısı, Azərbaycan Baş nazirinin muavini Şahin Mustafayev Tehranda görüşlər keçirib

Ermənistan xarici işlər naziri və beynəlxalq ticarət naziri Ararat Mirzoyan da oktyabrın 4-də Tehrana gəlib.

Bu gün o, iranlı həmkarı və digər yüksək vəzifəli şəxslərlə ikitərəfli münasibətlər və regional məsələlər üzrə danışıqlar aparır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü əvvəllər bildirib ki, Mirzoyanın səfəri ikitərəfli münasibətlərin genişləndirilməsinə və sülhün və regional təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş davam edən İran-Ermənistan məsləhətləşmələrinin bir hissəsi kimi baş tutacaq.

İran Azərbaycan və Ermənistanın dəstəklədiyi, ABŞ şirkətinin rəhbərlik edəcəyi TRİPP layihəsindən narazıdır, regionda kənar qüvvələrin olmasını istəmir və bunu regional təhükəsizliyə təhdid kimi qiymətləndirir.

Bakı və Yerevan isə hesab edir ki, bu layihədən təkcə onlar yox, həm də qonşu ölkələr fayda götürəcək.