"Zəhərli" bir müdirə qarşı nə edə bilərsiniz?

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Yasmin Rufo
- Vəzifə, BBC News
- Çap edildi
- Oxuma vaxtı: 4 dəq
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Kiçik bir ictimaiyyətlə əlaqələr agentliyində iş imkanı kağız üzərində ideal görünürdü: uyğun bir komanda, yüksək profilli müştərilər və sürətlə inkişaf edən karyera qurmaq şansı.
Ancaq Mayanın (əsl adı deyil) gözləmədiyi bir şey vardı: "inanılmaz dərəcədə yüksək standartlar" qoyan və bu standartları qarşılamayan işçiləri hamının qarşısında danlayan "toksik bir patron".
Maya yaşadıqlarını belə danışır: "Daim bütün komandanın qarşısında insanlara "qalın kəlləlisən?" və "bu iş cəfəngiyyatdır" kimi təhqirlər yağdırırdı".
Maya deyir ki, rəhbərinin davranışları çox vaxt performansın idarə olunması sərhədini aşır, şəxsi hücumlara çevrilirdi.
Hətta bir həmkarı toyundan əvvəl şəxsi məşqçi tutduğunu deyəndə, müdir onun masasının üstünə kök bir gəlinin şəklini qoymuşdu.
Maya işə başladıqdan bir neçə ay sonra "hər bir həmkarının demək olar ki, hər gün ağladığını" fərq etdiyini deyir.
Komandada "pis ruh sağlamlığı səbəbilə" davamlı xəstəlik hallarına rast gəlinirdi. Maya isə sonda işdən ayrıldı.
"Zəhər, yoxsa, sadəcə, xarakter toqquşması?
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Maya tək deyil: Araşdırmalara görə, hər üç nəfərdən biri bərbad bir iş mühiti və ya pis rəhbər səbəbindən işdən ayrılır.
Amma Chartered Management Institute-un baş icraçı direktoru Ann Francke vurğulayır ki, hər pis rəhbər toksik deyil və aradakı fərqi başa düşmək vacibdir.
Bir çox rəhbər institutun "təsadüfi rəhbər" adlandırdığı kateqoriyaya düşür: Bu kateqoriyada olan insanlar liderlik bacarıqlarına görə yox, texniki bacarıqlarına görə vəzifədə yüksəldilirlər.
Belə hallarda pis davranışlar çox vaxt qəsdən olmur, təcrübəsizlikdən və ya qeyri-müəyyənlikdən qaynaqlanır.
Toksik müdir isə pis idarəçilərdən fərqli olaraq, "həm empatiyadan, həm də, adətən, özünü dərk etmə qabiliyyətindən məhrum olur".
Francke deyir: "Onlar komandalarını bilərəkdən zəiflədə bilər, başqalarının işlərini öz adına çıxara və ya qorxu ilə idarə edib real olmayan gözləntilər qoya bilərlər".
Bu təsir sadə xarakter uyğunsuzluğundan daha irəli gedərək, həm ruh sağlamlığına, həm də iş performansına zərər verə biləcək bir narahatlıq yaradır:
"Əgər bazar ertəsi səhəri mədənizdə düyün hiss edirsinizsə, üzləşməmək üçün daim dəhlizlərdə gizlənirsinizsə və ya cəzalandırılmaq qorxusu ilə iclaslarda danışmağa çəkinirsinizsə, bu, artıq xarakter toqquşması deyil, toksiklikdir".

Şəklin mənbəyi, Getty Images
Josie (əsl adı deyil) illərlə onu daim nəzarət altında saxlayan bir rəhbər üçün işlədiyini danışır:
"Bizi səhər saat 7-dən axşam 10-a qədər dayanmadan axtarır, yazılı və səsli mesajlar göndərirdi".
"Hətta işləmədiyi günlərdə belə, sizin harada olduğunuzu hər zaman bilmək istəyirdi".
Bundan başqa, layihələri Josie-dən alıb başqalarına verirdi və komanda üzvlərini qrup şəklində edilən naharlardan kənarda saxlayırdı.
BBC-nin danışdığı başqa bir işçi Hannah (əsl adı deyil) böyük bir supermarket şəbəkəsində işləyərkən müdiri tərəfindən mütəmadi olaraq alçaldıldığını deyir.
Bir dəfə korporativ bir tədbirə gələn qonaqlardan biri ilə eyni sviteri geyinibmiş.
"Müdirim noyabr ayında sviterimi çıxartdırdı və tədbirdə jiletimlə işləməyimi istədi. Özümü axmaq kimi hiss etdim və bu çox alçaldıcı idi" – deyə o, yaşadıqlarını danışır.
Bu il ekranlara çıxan "Send Help" ("Yardım Çağrışı") filmi - təyyarə qəzasından sonra birlikdə kimsəsiz adada köməksiz qalan bir rəhbər və işçinin, həll olunmamış iş yeri gərginlikləri ilə üzləşmək məcburiyyətində qaldıqları qaranlıq və gülməli bir sağqalma trilleri toksik, zəhərli bir müdirlə komanda üzvlərindən biri arasındakı gərginliyi gündəmə gətirir.
Haqqı tapdalanan işçini canlandıran Rachel McAdams film premyerasında etdiyi çıxışda, çətin iş yerlərində işləmək məcburiyyətində qaldığını və yay işlərindən birində xüsusilə pis bir müdirlə qarşılaşdığını deyir:
"Mən sadəcə işi buraxdım. Məsləhətim budur: əgər bacarırsınızsa, səssizcə ayrılın; bacarmırsınızsa, bunu bir az zen təcrübəsi (çətinliklərə qarşı zehni dayanıqlığı artırmaq) edin".

Şəklin mənbəyi, Getty Images
Toksik patronla necə yola getmək olar?
Amma çoxları üçün başqa bir iş tapana qədər işi buraxmaq bir seçim deyil.
Francke deyir ki, növbəti addımın nə olacağına qərar verərkən vəziyyəti idarə etməyin yolları var.
O, bunları tövsiyə edir:
Birinə danışın: Birbaşa rəhbəriniz olmayan, qurumu tanıyan və sizə dürüst, müstəqil məsləhət verə biləcək bir məsləhətçi tapın.
Davranışa etiraz edin: Müdirinizə tələ qurmayın. Görüş təyin edin və narahatlıqlarınızı konkret nümunələrlə sakit və rəsmi şəkildə ifadə edin. Əgər iş yoldaşlarınız da təsirlənirsə, daha geniş təsiri göstərmək üçün məsələni birlikdə qaldırmağı düşünün. Müdiriniz davranışlarının yaratdığı zərərin fərqində olmaya bilər.
Özünüzü qoruyun: Sərhədlər müəyyən edin, sağlamlığınıza üstünlük verin və işdən kənarda özünüzə zaman və məkan ayırın. Bu, çətin ola bilər, amma bir vəziyyətdən özünüzü necə ayıracağınızı öyrənmək, perspektivinizi yenidən qazanmağa və növbəti addımları planlaşdırmağa kömək edəcək.
İK-dan (İnsan Resursları) ehtiyatla istifadə edin: Əgər təşkilatınızda yaxşı bir İK sistemi varsa, onlara güvənə bilərsiniz. Amma pis davranışları görməməzliyə vurmaq əvəzinə, onlarla mübarizə aparmaq üzrə keçmiş təcrübələri olub-olmadığını yoxlamağa dəyər.
Məsələni nə vaxt böyütməli olduğunuzu bilin: Əgər davranış təhqir/təcavüz (təzyiq) xarakteri daşıyırsa və ya reputasiya riski yaradırsa, rəsmi şikayət prosesi lazım ola bilər. Lakin cəzalandırılmaq qorxusu səbəbilə bunu etmək daha çətin ola bilər.



























