Robert Koçaryan xəstəxanadan həbsxanaya köçürülüb: o, 2 aylıq həbs olunub

Şəklin mənbəyi, Robert Kocaryan
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan müalicə aldığı xəstəxanadan Milli Təhlükəsizlik Xidmətinin təcridxanasına köçürülüb. Bu barədə onun vəkili Aram Orbelyan jurnalistlərə bildirib.
Vəkilin sözlərinə görə, Koçaryanın xəstəxanadan buraxılma qərarı həkimlər tərəfindən verilib; onun səhhəti yaxşı qiymətləndirilir.
Avqustun 26-da onun barəsində 2 aylıq həbs-qəti imkan tədbiri seçilib.
Koçaryana qarşı çirkli pulların yuyulması və rüşvətxorluq ittihamı irəli sürülüb.
O bu ittihamları rədd edir.
Koçaryanın oğlu Sedrak Koçaryan da iki ay müddətinə həbs olunub. Bu barədə jurnalistlərə vəkil Aleksandr Koçubayev məlumat verib.
Məhkəmə, həmçinin Koçaryanın həyat yoldaşı və uşaqları istisna olmaqla, görüş huqularının məhdudlaşdırılmasına qərar verib.
Robert Koçaryan və oğlu avqustun 25-də saxlanılıblar.
Saxlandıqdan sonra Korrupsiyaya Qarşı Mübarizə Komitəsində Robert Koçaryanın vəziyyəti pisləşmiş və o, xəstəxanaya yerləşdirilmişdi.
Koçaryanın oğlu, "Ermənistan" fraksiyasının üzvü Levon Koçaryan jurnalistlərə demişdi ki, atasının ürəyində problem var və təxminən iki həftə əvvəl əməliyyat olunub.

Şəklin mənbəyi, news.am
Robert Koçaryan nədə ittiham olunur?
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Korrupsiyaya qarşı Mübarizə Komitəsi Robert Koçaryanı prezident olduğu dövrdə vəzifə səlahiyyətlərindən istifadə edərək bir sıra qiymətli dövlət əmlakını bazar qiymətindən aşağı qiymətə əldə etməkdə ittiham edir.
Komitəsi hesab edir ki, araşdırılan işlər üzrə sövdələşmələr qeyri-qanuni yolla həyata keçirilib, Koçaryan isə vəzifəli şəxslərə səlahiyyətlərindən sui-istifadə şəraiti yaradıb.
Ermənistanın "ikinci prezidentinin işi" çərçivəsində 6 nəfər həbs edilib.
Vəzifə səlahiyyətlərindən sui-istifadə ittiham olunanlar arasında üçüncü prezident Serj Sarkisyan da var.
Robert Koçaryan və ailəsi isə bütün ittihamları rədd edir və "siyasi sifariş" sayır.
"Hakim hələ müdafiə tərəfinə qərarın mətnini təqdim etməsə də, artıq aydındır ki, biz qanunsuz təqiblə üzləşmişik. Hər halda, təqdim olunan işlərin müddətləri artıq başa çatıb və bəzi ifadələr sadəcə uydurmadır", - onun vəkili deyib.
İstintaq materiallarında 56 daşınmaz əmlakdan bəhs olunur.
Bu əmlakların ümumi dəyərinin 2 milyard 630 milyon dram, təxminən 12 milyon manat olduğu bildirilir.
Komitənin məlumatına görə, 2001-ci ildən 2019-cu ilə qədər keçmiş prezidentin oğlunun adına müxtəlif valyutalarda böyük məbləğlərdə pul köçürmələri edilib.
Həmçinin onun Ermənistan və xaricdə 30-dan çox daşınmaz əmlak aldığı iddia olunur.
Komitə əmlakların müsadirəsi üçün tədbirlər görüldüyünü açıqlayıb.
Avqustun 25-də Robert Koçaryanın və parlament deputatı Levon Koçaryanın evlərində axtarış aparılıb.
Koçaryan ailəsi ilə əlaqəli olduğu deyilən bir fitnes klub, bir əyləncə mərkəzi və onların rəhbərlərinin evlərində axtatışlar olub.
Robert Koçaryanın ofisi baş verənləri ikinci prezidentə və onun ailəsinə qarşı "hakimiyyətin daha bir hücumu" adlandırıb.
Bundan bir gün əvvəl, avqustun 24-də parlamentdə çıxış edən Levon Koçaryan Baş nazir Nikol Paşinyanı məhkəmə və hüquq-mühafizə orqanlarına təzyiq göstərməkdə ittiham edib.
O iddia edib ki, kimin həbs olunmalı və ya əmlakını itirməli olması ilə bağlı açıqlamalar siyasi sifariş xarakteri daşıyır.

























