"Zehni yük" nə deməkdir: niyə bunu daha çox qadınlar daşıyır və bu "yük"ü necə bölüşdürmək olar?

Bir qadının əlində bir təqvim var və üzərinə bəzi şeylər yazır. Balaca oğlan uşağı isə təqvimə baxır.
Şəklin alt yazısı, Valideynlər üzərində aparılmış bir araşdırma zehni əmək tələb edən ev işlərinin 71 faizini qadınların gördüyünü ortaya çıxarıb.
    • Müəllif, Grace Dean
    • Müəllif, Mallory Moench
  • Çap edildi
  • Oxuma vaxtı: 7 dəq

Üç uşaq anası Stacie Matthias "beynim həmişə doludur" deyir.

"Ağlımda görüləcək işlərin siyahısı ilə yuxuya gedirəm", - o əlavə edir.

O, ev təsərrüfatının rəvan işləməsini təmin edən planlaşdırma, təşkil etmə, xatırlama və proqnozlaşdırma yükü olan "zehni yük" anlayışından bəhs edir.

Bu vəzifələrə aşağıdakılar daxildir: məktəb ekskursiyalarını xatırlamaq, valideynlərin WhatsApp qruplarındakı yenilikləri yoxlamaq, evin hansı hissələrinin təmizlənməli olduğunu fərq etmək, uşaqların yuxu rutininə nəzarət etmək, həkim qəbullarını planlaşdırmaq və məktəb forması almaq.

Akademiklərin fikrincə, heteroseksual cütlüklərdə bu, qeyri-mütənasib şəkildə qadınların, xüsusən də anaların öhdəsinə düşən və ev işlərinin böyük bir qismini əhatə edən yükdür.

Əlbəttə ki, hər bir münasibət və ev təsərrüfatı fərqlidir, lakin araşdırmalar müəyyən qanunauyğunluqların olduğunu göstərir.

Böyük Britaniyada uşaqlar yay tətilindən sonra məktəbə qayıdıblar və Stokportdan olan 37 yaşlı Stacie sentyabr ayında zehninin xüsusilə məşğul olduğunu bildirir.

"Həmişə xatırlanacaq, təşkil ediləcək və ya narahat olunacaq bir şeyin olması hissi ilin bu vaxtını xüsusilə gərgin edir", - o vurgulayır.

Stacie üçün bu məsuliyyət siyahısı onun zehnini bütün gün dolan qab-qacaq yuyulan ləyənə bənzədir.

O deyir: "Əgər kimsə qazan və tavaları yığışdırmağa kömək etmirsə, günün sonunda suyunuz daşır və vəziyyət böhran nöqtəsinə çatır".

Uzun qəhvəyi saçlarını at buyruğu stilində toplayıb, qara pencək geymiş bir qadın bir barın və bir ağacın fonda göründüyü bir şəkildən gülümsəyir.
Şəklin alt yazısı, Stacie Matthias həmişə "xatırlamalı, təşkil etməli və ya narahat olmalı" olduğu bir şeyin olduğunu deyir.
WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
BBC News Azarbaycancanin Whatsapp kanalina qosulun
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Bath Universiteti və Melbourne Universitetindən olan akademiklərin 3 min amerikalı valideynin iştirakı ilə apardığı araşdırma göstərib ki, analar çarpayı dəstlərinin və dəsmalların nə vaxt yuyulmasını izləmək, soyuducudakı ərzaqların son istifadə tarixini xatırlamaq kimi zehni səy tələb edən ev işlərinin 71 faizini öz üzərinə götürürlər.

Araşdırmaya görə, atalar isə tədqiqatçıların "ara-sıra görülən" kimi təyin etdikləri – məsələn, avtomobilin texniki baxışının nə vaxt ediləcəyini xatırlamaq kimi – daha az-az baş verən bir çox vəzifəni yerinə yetirirlər.

Melbourne Universitetindən Professor Leah Ruppanner zehni yükü görünməz, daimi və sərhədsiz kimi səciyyələndirir:

"Qabları özünüzlə işə aparmırsınız, lakin zehni yükü hər yerə daşıyırsınız".

Reddit və Mumsnet kimi platformalarda qadınlar həyat yoldaşları ilə müxtəlif məsuliyyətləri balanslaşdırmağa çalışarkən yaranan yorğunluq barədə necə danışmaq lazım olduğu barədə məsləhətlər axtarırlar.

Analar bildirirlər ki, sərbəst geyim günləri, məktəb ekskursiyaları, ad günləri və itirilmiş əşyaların müzakirə olunduğu məktəb WhatsApp qruplarına həmişə onlar əlavə olunurlar, həyat yoldaşları isə bu qruplara heç vaxt qoşulmurlar.

Portsmouthda yaşayan 3 uşaq anası, 35 yaşlı Sophia övladlarının məktəb ekskursiyalarının ödənişini edir və nahar sifarişlərini tətbiq vasitəsilə verir, lakin həyat yoldaşının həmin tətbiqi heç vaxt yükləmədiyini qeyd edir.

Sophia zehni yük anlayışını həyat yoldaşına dəfələrlə izah etməyə çalışsa da, onun bunu anlamadığını və narahatlıqlarını "önəmsiz işlər" kimi rədd etdiyini bildirir:

"Əgər işi dərhal görə bilsəydiniz, bunlar tez həll olunacaq işlər olardı. Amma mən işi planlaşdırmalı, qabaqcadan təxmin etməli, həmişə 10 addım öndə olmalıyam".

qadın uşak məktəb çantası

Londonda yaşayan, müdür müavini, məzmun yaradıcısı və iki uşaq atası Sam Berry ilk övladları dünyaya gələndə həyat yoldaşı zehni yük ideyasını ilk dəfə irəli sürəndə bunu "tam anlamadığını" və "bir qədər müdafiə mövqeyi tutduğunu" bildirir.

Çünki o, uşaq bezini dəyişdirmək, körpəni yedirtmək və digər bu kimi bir çox işi özünün gördüyünü düşünürdü.

O, kömək etmək üçün nə edə biləcəyini soruşsa da, bunun düşünmə yükünü yenə də digər insana buraxdığını etiraf edir.

Stacie isə həyat yoldaşına hər zaman bunu deyir: "Əgər səndən nəsə etməyini tələb etməli oluramsa, bu, sadəcə olaraq mənim üzərimdəki zehni yükü artırır".

Sam məsələnin sadəcə vəzifəni yerinə yetirmək deyil, həm də onun ətrafındakı düşünmə prosesi olduğunu anlaması üçün bir neçə ay vaxt lazım olduğunu qeyd edir.

Yəni məsələ təkcə axşam yeməyi bişirmək deyil, evdə nələrin olduğunu bilmək, yeməyi planlaşdırmaq və alış-veriş etməkdir.

Ev işlərini təşkil etmək təzyiqi stress yarada bilər

Klinik psixoloq Natasha Wallace bəzi qadınların ev işlərini təşkil etmək təzyiqi səbəbindən yaranan stresslə ona müraciət etdiklərini bildirir. O qeyd edir ki, bu, adətən, tək bir böyük stress mənbəyi deyil:

"Bu, yüzlərlə kiçik tələbin onların üzərində olduğunu və beyinlərini heç cür söndürə bilmədiklərini fərq etdikləri vaxt baş verir".

Bir çox qadının avtomatik pilot rejimində işlədiyini, buna görə də daşıdıqları koqnitiv yükün miqyasının fərqində olmadıqlarını və bu davamlı aşağı səviyyəli stressin sinir sisteminə təsir edə biləcəyini əlavə edir.

Psixoloq bunun yuxu pozğunluğuna, əsəbiliyə və qərar qəbuletmə yorğunluğuna səbəb ola biləcəyini vurğulayır.

Ağ çiçəkli bir kofta geymiş bir qadın sadə boz bir divarın karşısında dayanın və gülümsəyir.
Şəklin alt yazısı, Wallace davamlı stres keçirməyin insanın psixologiyasına və istirahət etməsinə mənfi təsir edə biləcəyini deyir.

Valideynlik mütəxəssisi və "İş/Valideynlik dəyişikliyi" kitabının müəllifi Anita Cleare ümumi koqnitiv yorğunluğun iş həyatımızda da özünü əks etdirdiyini və davam etdirilməsi mümkün olmayan tükənməzliyə səbəb olduğunu bildirir.

Araşdırmaya görə, daha çox qazanc əldə edən kişilərin ev işləri ilə əlaqədar fiziki və koqnitiv əməyi azalırdı. Lakin qadınların gəlirləri artdıqda, onlar fiziki ev işlərini daha az görsələr də, daşıdıqları koqnitiv əmək miqdarı eyni qalırdı.

Cleare qadınların çox nadir hallarda ailə həyatından uzaqlaşmağı bir seçim olaraq gördüklərini qeyd edir.

Buna görə də seçimləri karyeralarını ləngitmək, yarımştat çalışmaq və ya tamamilə işdən çıxıb evdə qalmaq arasında olur və getdikcə daha çox qadın bu qərarı verir.

"Ev içi yükü azaltsanız, zehni yükü azaltsanız, işdə daha çox və daha yaxşı performans göstərmək üçün enerji, potensial və maraq yaradırsınız".

Bu bərabərsizliyin səbəbi nədir?

BBC-nin söhbətləşdiyi qadınların əksəriyyəti bu bərabərsizliyin analıq məzuniyyəti ilə başladığına inandıqlarını bildiriblər.

Wallace qeyd edir ki, qadınlar, adətən, atalarla müqayisədə çox uzun müddət analıq məzuniyyəti götürdükləri üçün çox erkən dövrdə "standart valideyn" mövqeyinə gəlirlər:

"Hər şeyi bilən, hər şeyin harada olduğunu bilən və keçmişdə hər şeyi etmiş şəxs olsanız, hər kəs hər şey üçün sizə gəlməyə başlayır. Buna görə işə qayıtsanız belə, həmin mərkəzi şəxs olaraq qalırsınız".

Britaniyada analar 39 həftəsi ödənişli olmaqla 52 həftəyə qədər qanuni analıq məzuniyyəti ala bilirlər.

Atalar isə atalıq məzuniyyəti çərçivəsində iki həftəyə qədər məzuniyyət əldə edə bilirlər.

Bəzi işəgötürənlər əlavə valideyn məzuniyyəti təklif etsələr də, bir çox insan məzuniyyətdə olarkən daha az qazanır ki, bu da ataların nə qədər məzuniyyət götürəcəyinə təsir göstərir.

Bu vəziyyət həm də ənənəvi rollar kimi qəbul edilən məqamlarla əlaqədar ola bilər.

ABŞ-da zehni yükün bölüşdürülməsi üzrə kouçluq edən, evli və üç uşaq atası Zach Watson babasının evli olduğu müddət ərzində heç yemək bişirməmiş ola biləcəyini, atasının isə çox az yemək bişirdiyini qeyd edir.

Öz evliliyinin ilk beş ilində əsasən həyat yoldaşı yemək bişirirdi. Əgər o, yemək bişirməyini təklif edirdisə, nə istədiyini soruşurdu – bu sual əslində həyat yoldaşının zehni yükünü daha da artırırdı.

O, soyuducuya əvvəlcədən baxıb axşam yeməyi üçün seçimlər təklif edə biləcəyini və əgər həyat yoldaşı qərar vermə prosesindən tamamilə çəkilmək istəsəydi, ona konkret bir seçim təqdim edə biləcəyini öyrəndi.

Ehtiyac yaranarsa, sadəcə "Ketçup haradadır?" deyə soruşmaq əvəzinə, əvvəllər haraya baxdığını izah edə bilərdi.

Sarı köynəkli və boz kurtkalı bir nəfər əlində yaşıl bir alış-veriş torbası ilə marketdəki bir bölmədə limon seçir.
Şəklin alt yazısı, Həyat yoldaşlarının öz vəzifələrinin məsuliyyətini tam olaraq üzərlərinə götürməsi qadınlar üçün çox vacibdir.

Sam Berry bəzi kişilərin vecinə almadığını desə də, böyük bir qrupun "əslində həqiqətən yaxşı ərlər, həqiqətən yaxşı atalar olduqlarını, əllərindən gələnin ən yaxşısını etməyə çalışdıqlarını və bacardıqlarının ən yaxşısını etmək istədiklərini, lakin bunu demək olar ki, heç fərq etmədiklərini və ya ifadə edəcək söz tapa bilmədiklərini" qeyd edir.

BBC-nin müsahibə aldığı bir çox qadın həyat yoldaşlarının müəyyən vəzifələri öz üzərinə götürmələrini istəyirdi.

Sam bunu "bir növ vəzifəni üstlənmək" adlandırır, məsələn, ata bütün məktəb işlərini həll edərkən, ana yemək işlərini idarə edə bilər.

Lakin o, bərabərliyin hər şeyi 50-50-yə bölmək olmadığını vurğulayır; çünki bir həyat yoldaşı daha çox işləyə bilər, digəri isə yemək bişirməyi sevə bilər. Bunun əvəzinə, hər iki tərəf üçün ən uyğun olanı tapmaq vacibdir.

Londonda yaşayan, 2 uşaq anası, 40 yaşlı Afua Williams bildirir:

"Əgər ənənəvi olaraq zehni yükün daha böyük hissəsini siz öz üzərinizə götürürsünüzsə, həyat yoldaşınızın işləri çox fərqli görə biləcəyini və hər şeyin həmişə qüsursuz getməyə biləcəyini qəbul etməli ola bilərsiniz".

Qara koftalı bir qadın sadə boz bir divarın karşısında kameraya gülümsəyir.
Şəklin alt yazısı, Afua Williams da sentyabr ayının gəlişi ilə həmişə düşünəcək çox şeyi olduğunu qeyd edir.

Zehni yükü necə yüngülləşdirmək olar?

BBC News-a danışanlar zehni yükü bərabər şəkildə idarə etmək üçün aşağıdakı tövsiyələri paylaşıblar:

* Tərəf-müqabilinizlə necə hiss etdiyiniz və zehni yükünüzün təsiri haqqında açıq şəkildə danışın. Zach bunu "etiketləmə" – görünməz koqnitiv və emosional əməyi görünən etmək adlandırır. Psixoloq Wallace-a görə, əsəbi və ya tükənmiş hiss etdiyiniz vaxtlarda bu söhbətləri etməyin, əks halda qarşı tərəf "günahlandırıldığını və ya tənqid olunduğunu" hiss edə bilər.

* Zehni yükün iş üzərindəki təsirini araşdıran tədqiqatın həmmüəllifi Ana Catalano Weeks övladlarınızın dostları üçün fiziki doğum günü kartları hazırlamağınızın həqiqətən lazımi olub-olmadığını düşünməyi tövsiyə edir. Məsələn, valideynlərin WhatsApp qruplarını səssizə alıb yalnız rəsmi məktəb e-poçtlarına diqqət yetirə bilərsinizmi?

* Həyat yoldaşınızla müntəzəm görüşün – bu, gündəlik, həftəlik və ya mövsümi ola bilər.

* Hər kəsin doğum günlərindən, məktəb toplantılarından və digər tədbirlərdən xəbərdar ola bilməsi üçün ortaq bir təqvim tərtib edin.

* Wallace deyir ki, insan görməli olduğu işlərin məsuliyyətini başqasının xatırlatmasına ehtiyac olmadan əvvəldən axıra qədər öz üzərinə götürməlidir.

* Valideynlik mütəxəssisi Anita Cleare xəbərdarlıq edir ki, çözümün sadəcə daha çox təşkilatlanmaq olduğu düşüncəsinə qapılmayın. Unutmayın ki, valideyn olaraq ən əhəmiyyətli şey övladınızla bağ qurduğunuz anlardır – müəyyən tərəvəzləri yedirtmək deyil – və bu, gözləntilərinizi yenidən müəyyənləşdirməyə kömək edəcək.