Ramzan Kadırovun Bakı səfəri: təyyarə qəzasından sonra barışıq jesti, yoxsa Moskvanın yeni vasitəçilik cəhdi?

Şəklin mənbəyi, Azərtac
- Müəllif, İlkin Həsənov
- Vəzifə, BBC Azərbaycanca
- Çap edildi
- Oxuma vaxtı: 4 dəq
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Çeçenistan rəhbəri Ramzan Kadırov oktyabrın 10-da Bakıya səfər edib.
Bu, çeçen liderin paytaxtı üzərində Azərbaycan sərnişin təyyarəsinin vurulduqdan sonra Qazaxıstanda qəzaya uğramasından bəri Bakıya ilk səfəri və Prezident İlham Əliyevlə ilk məlum olan təmasıdır.
Nə Rusiya, nə Azərbaycan, nə də Çeçenistanın ictimaiyyətə açıq mənbələrində belə bir səfərin olacağı əvvəlcədən xəbər verilməyib.
Rusiyada dövlətə yaxın mediada bu səfər 2024-cü ilin dekabrında Çeçenistan paytaxtı Qroznı səmasında vurulduğu deyilən AZAL təyyarəsinin qəzasından sonra münasibətlərin normallaşdırılması prosesinin növbəti mərhələsi kimi qiymətləndirilir.
Kadırov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə təyyarə qəzasını "bizim ortaq kədərimiz" adlandırıb, lakin hadisəyə görə məsuliyyətdən, təqsirkarların cəzalandırılmasından və ya istintaqın nəticələrindən danışmayıb. Azərbaycan Prezidenti qəzadan sonra Rusiyadan bunları tələb etmişdi.
Bakıda nələr olub?
İlham Əliyev Ramzan Kadırovu Bakıda qəbul edəndə deyib ki, səfərin qısa olsa da, "çox səmərəli" olacağına ümid edir.
Hər iki lider münasibətlər barədə ənənəvi çıxışlardakı "qədim tarix, həmrəylik, dostluq və əməkdaşlıq" mesajları veriblər.
Kadırov deyib ki, "Mənim buraya səfərim qonşulara deyil, qardaşlara səfərdir".
Görüşdən sonra Əliyev və Kadırov "Bakı Ağ Şəhər" layihəsi ilə tanış olublar.
Rəsmi görüntülərdə Əliyev sükan arxasında özü əyləşib, Kadırov isə onun yanında oturub.
Əliyev adətən, rəsmi xarici qonaqlarının hamısını deyil, yalnız bəzilərini bu səmimiyyətlə gəzdirir - avtomobili özü idarə edir və qonağı planlaşdırlan yerə aparır.
Son illər Vladimir Putin, Şavkat Mirziyoyev, Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, Sərdar Berdimuhammedov və Peter Pelleqrininin səfərlərində belə hallar olub.
Səfərin əsas siyasi fonu nədir?
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Səfərin əsas fonunu 2024-cü il dekabrın 25-də AZAL-a məxsus "Embraer 190" təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından sonra Rusiya-Azərbaycan münasibətlərində müşahidə olunan yumşalma təşkil edir.
Bakıdan Qroznıya uçan təyyarədə 67 nəfər olub, onlardan 38-i həlak olub. Sonradan Rusiya Prezidenti Vladimir Putin təyyarənin Qroznı yaxınlığında Rusiya hava hücumundan müdafiə sisteminin fəaliyyəti zamanı zədələndiyini etiraf edib. Rusiya tərəfi həmin vaxt bölgədə Ukrayna pilotsuz uçuş aparatlarının olduğunu vurğulayıb.
Hadisə Azərbaycanla Rusiya arasında münasibətləri gərginləşdirmişdi. İlham Əliyev Rusiyadan məsuliyyətin etiraf olunmasını, Azərbaycandan üzr istənilməsini, təqsirkarların cəzalandırılmasını və kompensasiya ödənilməsini tələb etmişdi.
2025-ci ildə Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyatlar, iki nəfərin ölümü, Bakıda "Rus ev"nin və "Sputnik Azərbaycan"ın ofisinin bağlanması və Rusiya vətəndaşlarının saxlanılması münasibətlərdəki böhranı daha da dərinləşdirmişdi.
Müstəqil rusdilli "Novaya qazeta" yazır ki, Kadırovun səfəri bu səbəbdən yalnız Azərbaycan-Çeçenistan əlaqələri deyil, bütövlükdə Rusiya-Azərbaycan münasibətlərinin qaydaya salınması kontekstində nəzərdən keçirilməlidir.
"Exo" da görüşü AZAL təyyarəsinin Qroznı üzərində zədələnməsindən sonra baş tutan ilk Əliyev-Kadırov təması kimi qabardıb və səfərin fonunda Rusiya ilə Azərbaycan arasında 2025-ci ildə baş vermiş qarşılıqlı həbsləri və diplomatik gərginliyi xatırladıb.
Səfər Əliyevlə Putin arasında Mərkəzi Asiyadakı təmaslardan dərhal sonra baş tutub. "Vedomosti" Putin və Əliyevin oktyabrın 8-də Türkmənistanda danışdığını, oktyabrın 9-da isə onların İran Prezidenti Məsud Pezeşkianla üçtərəfli görüş keçirdiyini bildirir. Ertəsi gün Kadırov Bakıya gəlib.
Nəşr yazıb ki, bu ardıcıllıq səfərin Moskva ilə koordinasiya olunması ehtimalını gücləndirir.
Rusiya rəsmi mediası səfəri necə təqdim edib?
Rəsmi və hökumətyönlü Rusiya mənbələri Kadırovun başsağlığını geniş yayıb, ancaq təyyarənin Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən zədələnməsi, məsuliyyət və istintaq məsələləri barədə məlumat verməyib.
"İnterfaks", RBC və "Vedomosti" Kadırovun qəzanı "ortaq kədər" adlandırdığını yazıb, lakin səfərin əsas mövzularını dostluq, regional sabitlik və əməkdaşlıq kimi göstəriblər.
"Vedomosti" görüşü Azərbaycanla Çeçenistan arasında müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərinin müzakirəsi kimi təqdim edib. Ancaq rəsmi məlumatlarda hansısa əməkdaşlıq sənədinin imzalanması və ya müzakirəsi qeyd olunmayıb.
Kadırovla Bakıya kimlər gəlib?

Şəklin mənbəyi, Azərtac
Azərbaycan Prezident Administrasiyasının görüş, "Bakı Ağ Şəhər"ə səfər və birgə nahar barədə yaydığı materiallarda Kadırovu müşayiət edən nümayəndə heyətinin tam siyahısı açıqlanmayıb.
Nə də Rusiya mediasındakı rəsmi xəbərlərdə Kadırovu müşayiət edənlərin siyahısı verilməyib.
Rəsmi xəbərlərdə yalnız Azərbaycan Prezidenti İlham Əliyevin, Çeçenistan rəhbəri Ramzan Kadırovun və "Bakı Ağ Şəhər" layihəsinin icraçı direktoru Ruslan Sadıxovun adı çəkilir.
BBC Azərbaycancanın araşdırmasına görə, Çeçenistan rəhbəri ilə gələn, Əliyevlə görüşdən çəkilmiş fotolarda görünən digər şəxslər Kadırovun oğulları və digər Çeçenistan rəsmiləri olub.
Fotoşəkillərdən məlum olur ki, Ramzan Kadırovun oğulları Çeçenistan Baş nazirinin müavini Ahmad Kadırov, Çeçenistan Təhlükəsizlik Şurasının katibi Adam Kadırov, Çeçenistandan Dövlət Dumasının deputatı Adam Delimxanov, Rusiya Prezidentinin köməkçisi Ruslan Edelgeriyev və Çeçenistan Baş nazirinin müavini Anvar Usmanov Bakıya səfər ediblər.
Kadırovun Bakı səfərində onu müşayiət edən şəxslərin tam siyahısı rəsmi qurumlar tərəfindən ictimaiyyətə açıqlanmayıb.
Azərbaycan mediası nə yazır?
Azərbaycanda hökümətə yaxın medialar yazır ki, Kadırovun qəza ilə bağlı başsağlığını məhz Əliyevlə görüşdə və geniş kameralar qarşısında təkrar etməsi Bakının gözlədiyi siyasi jestlərdən biri sayıla bilər.
Bununla belə, Kadırov "üzr istəyirəm" ifadəsini işlətməyib, məsuliyyəti üzərinə götürməyib və təqsirkarların cəzalandırılması məsələsinə toxunmayıb.
Azərbaycandilli sosial media hesablarında Kadırovun başsağlığı verməsini əlindəki yazılı kağızdan oxuduğunu tənqid edən, bunu "səmimi olmayan" sözlər hesab edən şərhlər olub.




























