Kişilərin tüklü ayaqlarına görə Yaponiyada şortik davası

- Müəllif, Kurumi Mori
- Vəzifə, BBC-nin Tokio müxbiri
- Çap edildi
- Oxuma vaxtı: 4 dəq
Yaponiyada kişilər üçün ofis dress-koduna dair mübahisə alovlanıb.
Tokio hakimiyyəti şirkətləri çağırır ki, isti havada əməkdaşlara ofisə vərdiş olunmuş iş kostyumlarında və ayaqqabılarda yox, daha sərbəst geyimdə - şortiklərdə və krossovkalarda gəlməyə icazə versinlər.
Təklif edilən yeniliklər Yaponiya paytaxtının bəzi sakinlərinə, o cümlədən kişi həmkarlarının şortikdə işə gəlməsini bir növ hörmətsizlik və digər əməkdaşların şəxsi sərhədlərinin pozulması hesab edən bir çox qadında qəzəb doğurub.
2026-cı ilin isti yayında Yaponiyada getdikcə daha çox kişi işə şortiklərdə gəlməyə başlayıb.
Tokio qubernatoru Yuriko Koike aprel ayında dəyişən iqlim şəraitində şəhərlilərin daha yüksək temperaturlara uyğunlaşmasına yönəlmiş «Tokyo Cool Biz» proqramının başladığını elan etdi.
Xüsusilə, bu proqram yay aylarında ofis dress-kodunun dəyişdirilməsini nəzərdə tuturdu.
O vaxtdan bəri keçən dörd ay ərzində proqram kifayət qədər ziddiyyətli rəylər alıb.
Bəzi yaponlar qaydaların dəyişdirilməsindən və indi daha rahat geyimdə işləyə bildiklərindən razıdırlar.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Digərləri isə deyirlər ki, bu siyasət qadınlara qarşı ədalətsizliyi möhkəmləndirir. Doğrudan da, Tokio hakimiyyətinin təklif etdiyi dəyişikliklər əsasən kişilərin dress-koduna aiddir.
Qadınlar üçün hər şey dəyişməz olaraq qalır. Ofisə gələn qadınlar don, ətək və ya şortik geyindikləri təqdirdə, hava şəraitindən asılı olmayaraq, yenə də kolqotka geyinməlidirlər.
Bəzi səbəblərdən Yaponiya paytaxtının hakimiyyəti isti havada qadınların rahatlığı ilə bağlı narahatlıq ifadə etməyib.
Tokiodakı bir çox ofis qadın əməkdaşının şərhlərindən göründüyü kimi, «Tokyo Cool Biz» proqramının nəzərdə tutduğu dəyişikliklər qadınların ofislərdəki həyatını daha rahat etməyib, üstəlik onlar üçün əlavə narahatlıq yaradıb: indi qadınlar kişi həmkarlarını bir çoxlarının şəxsi sərhədlərin pozulması kimi qəbul etdiyi bir görkəmdə görməyə məcburdurlar.
Bəzi qadınlar kişi həmkarlarının şortikdə gəlməsini «qıçdakı tüklərə görə harasment» adlandırırlar.
Sosial şəbəkələrdə bunun üçün xüsusi bir söz də yaranıb: həmkarlarının tüklü qıçlarını görmək məcburiyyətindən yaranan narahatlığı ifadə edən «sunehara».
"Biz insanlara güclü istilərdə geyim üçün daha çox seçim vermək istəyirik, nəinki onlara nə geyinməli olduqlarını diktə etmək. Əgər iş üçün geyim heç kimi təhqir etmirsə, heç bir problem olmamalıdır", — deyə Tokio hökumətinin ətraf mühit məsələləri üzrə nümayəndəsi Noboru Watanabe Bi-bi-si-yə bildirib.
Kişilər üçün lazer epilyasiyası və sosial etiket
Gorilla Clinic klinikasının sifarişi ilə iyun ayında keçirilmiş rəy sorğusu göstərib ki, respondentlərin 53,5 faizi hətta istidə belə işdə şortik geyinilməsinin əleyhinədir, 46,5 faizi isə yeni tövsiyəni dəstəkləyir.
Əleyhinə olanlar həmkarlarının çılpaq tüklü qıçlarını görərkən ətrafdakıların yaşadıqları narahatlıqdan danışırlar.
Sorğunun müəllifi olan sosioloqlar qeyd edirlər ki, çılpaq tüklü qıçları görəndə narahatlıq hiss etdiyini bildirən qadınların sayı kişilərdən nəzərəçarpacaq dərəcədədə çoxdur.
Sosioloqların sözlərinə görə, bu onu göstərir ki, qadınlara kişi həmkarlarının çılpaq qıçlarını görmək, kişilərin öz həmcinslərinin çılpaq qıçlarını görməsindən çox daha xoşagəlməz ola bilər.
Son illərdə Yaponiya startaplarının və texnologiya şirkətlərinin getdikcə daha çox əməkdaşı ofisə gündəlik geyimdə gəlməyə başlayıb.
Bununla belə, Yaponiya şirkətlərinin əksəriyyətində kifayət qədər sərt dress-kod fəaliyyət göstərməkdə davam edir.
Buna görə də Tokio hökumətinin daha rahat geyinmək tövsiyəsi əməkdaşların ofisdə şortikdə görünməsini sosial baxımdan daha qəbul edilən təcrübəyə çevirdi.
Bununla belə, bəzi kişilər hələ də işdə şortikdə görünməyi yolverilən hesab etmirlər.
Gorilla Clinic-in direktoru Akifumi Funatsu deyir ki, getdikcə daha çox kişi müştəri lazer epilyasiyası proseduruna müraciət edir.
Onun sözlərinə görə, onlar bunu əsasən, "şortik geyinərkən sosial etiketə" görə edirlər.
Klinikanın müştəriləri işə şortikdə gəldikdə çılpaq qıçlarının görünüşünün heç kimi təhqir etməməsini istəyirlər, deyə Akifumi Funatsu bildirir.
"Gorilla Clinic" direktorunun zənnincə, bu trend həm də qadınların "kişilərin qıçlarında daha az tük olmalıdır" düşüncəsinə meyilli olmaları ilə bağlıdır.
Yuriko Koike ilk dəfə ofis əməkdaşlarının yay dress-kodunun dəyişdirilməsi ilə bağlı tövsiyələri hələ 2005-ci ildə, Yaponiyanın ətraf mühit naziri vəzifəsini tutarkən təklif etmişdi.

O zaman o, "Cool Biz" adlı milli enerjiyə qənaət kampaniyasına start verdi, bu çərçivədə hakimiyyət, o cümlədən şirkət əməkdaşlarını isti havada qısaqol köynəklər geyinməyə həvəsləndirirdi.
Onun təşəbbüsünü hökumətin bəzi üzvləri, o cümlədən həmin dövrdə Nazirlər Kabinetinə rəhbərlik edən Cuniçiro Koizumi dəstəklədi.
Onu tez-tez ictimaiyyət arasında qalstuksuz və ya pencəksiz görürdülər ki, bu da o vaxtlar daha sərbəst dress-kodun populyarlığının artmasına təkan verdi.
Bir neçə il sonra, 2011-ci ilin martında Yaponiyanın Tohoku bölgəsində baş verən zəlzələ və tsunamidən sonra hökumət həm işdə, həm də evdə enerji istehlakının azaldılması üzrə tövsiyələri genişləndirərək «Super Cool Biz» kampaniyasını başlatdı.
Əsas olan - düzgün hazırlaşmaqdır
Dünyanın digər hissələrində olduğu kimi, bu yay Yaponiyada da çox isti hava hökm sürür, yeni temperatur rekordları qeydə alınır.
Bununla yanaşı, ölkə Yaxın Şərqdəki hadisələrin səbəb olduğu enerji daşıyıcılarının qiymətindəki kəskin artımın fəsadları ilə mübarizə aparmağa çalışır.
Sinoptiklər xəbərdarlıq edirlər ki, Yaponiya sakinləri bu yay hələ daha ekstremal istilərlə qarşılaşmalı olacaqlar.
Yaponiya Meteorologiya Agentliyi havanın temperaturu 40°C-ni keçdikdə yerli əhali üçün "dözülməz dərəcədə isti gün" mənasını verən "kokusobi" ekstremal isti xəbərdarlığı tətbiq edib.
Son həftəlik məlumatlara əsasən, Yaponiyada yeddi gün ərzində - 6 iyuldan 12 iyula qədər olan dövrdə - istivurmadan yeddi nəfər vəfat edib, daha 4580 nəfər isə günvurma simptomları ilə xəstəxanaya yerləşdirilib.
Ölkə hakimiyyəti sakinlərdə isti günlərdə su balansını qorumağı və qapalı məkanlarda kondisionerlərdən istifadə etməyi tövsiyə edib.
Lakin, görünür ki, Yaponiya sakinləri istini daha böyük rahatlıqla keçirməyə kömək edən əlavə yollar fəal şəkildə axtarırlar.
O cümlədən, onlar müxtəlif yeniliklərə və vasitələrə müraciət edirlər. Birdəfəlik nəm dəsmallar, ultrabənövşəyi şüalardan və istidən qoruyan çətirlər, portativ əl ventilyatorları və hətta daxilinə miniatür ventilyatorlar quraşdırılmış geyimlər populyarlıq qazanıb.
Fəlakət Riskini Azaltma üzrə Yaponiya Akademik Şəbəkəsinin mütəxəssisləri vurğulayırlar ki, insanın yüksək temperaturlara uyğunlaşması üçün bir neçə həftə vaxt lazımdır.
Onların sözlərinə görə, bu uyğunlaşmada əsas rolu isti havaya qabaqcadan hazırlıq oynayır. İstilər düşdükdə günvurmanın qarşısını almağa yönəlmiş tədbirlər görmək vacibdir.
Yaponiyanın bir çox bölgələri üçün yüksək rütubət xarakterikdir, buna görə də isti hava quru iqlimi olan bölgələrə nisbətən daha ağır keçirilir.
Yüksək rütubət tər buxarlanmasını çətinləşdirir ki, bu da orqanizmin soyuma qabiliyyətinə mənfi təsir göstərir.



























