Azərbaycanda məktəbli geyimi ilə bağlı yeni qaydalar: 5 suala cavab

Şəklin mənbəyi, Təhsil TV
Nazirlər Kabineti dövlət məktəblərində şagirdlərin geyim forması ilə bağlı mövcud qaydalara yeni tələblər əlavə edib. Qərarın verilməsindən təxminən üç həftə keçsə də, hələ də hansı geyim formasının uyğun hesab edilməsi, hansının edilməməsi barədə suallar verilir.
1. Məktəbli geyimi ilə bağlı nə dəyişib?
Nazirlər Kabinetinin qərarında əsas yenilik budur: şagirdlər müəyyən edilmiş məktəbli formasının vahidliyini pozan əlavə geyim elementlərindən istifadə edə bilməzlər.
Qərarda həmçinin ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərinə yol verilmədiyi bildirilir.
Ancaq qərar belə geyim elementlərinin siyahısını vermir. Yəni sənəddə konkret olaraq hansı papağın, baş örtüyünün, aksesuarın və ya başqa geyim elementinin qadağan olduğu sadalanmır.
2. Bu qaydalara görə hicab qadağan edilirmi? Bəs yəhudi kipası və digər dini geyim elementlərini taxmaq olarmı?
Qərarda hicabın və ya kipanın qadağan olunduğu birbaşa yazılmayıb.
Sənəddə "hicab" sözü işlədilmir və kipa və ya başqa konkret dini geyim elementinin adı çəkilmir.
Qərarda ümumi ifadə işlədilir: məktəbli formasının vahidliyini pozan, həmçinin ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəyə yol verilmir.
Buna görə qərarın özündən konkret olaraq hicabın və ya kipanın qadağan edildiyi nəticəsini çıxarmaq mümkün deyil.
Eyni zamanda, qərarın mətnindən hicabın və ya kipanın bu qaydadan istisna edildiyi nəticəsini də çıxarmaq mümkün deyil. Sənəd konkret hansı geyim elementlərinin "dünyəvilik prinsipinə uyğun olmayan" hesab ediləcəyini açıqlamır.
Üstəlik, bir neçə gündür ki, yüzlərlə hicablı şagird və müəllimin məktəblərə buraxılmadığını və bunun etirazlara səbəb olduğunu göstərən videolar yayılıb.
3. Bəs milli geyim geyinmək olarmı?
Bəli, amma müəyyən hallarda.
Qərarda milli geyim üçün ayrıca istisna nəzərdə tutulub.
Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə şagirdlər milli geyim və ya milli geyimin ayrı-ayrı elementlərindən istifadə edə bilərlər.
Amma bunun üçün məktəbin Pedaqoji Şurasının qərarı olmalıdır. Yəni qərarda milli geyimdən istənilən gün sərbəst istifadə hüququndan deyil, müvafiq tədbirlər zamanı və Pedaqoji Şuranın qərarı əsasında istifadədən söhbət gedir.
4. Şagird geyim qaydalarına əməl etməsə, nə baş verəcək?
Qərar bu halda şagirdə hansı konkret tədbirin görüləcəyini və ya hansı cəzanın veriləcəyini müəyyən etmir.
Sənəddə yalnız bildirilir ki, şagirdlərin bu tələblərə riayət etməsi ilə bağlı məsələlər məktəbin Pedaqoji Şurası tərəfindən həll edilir.
Valideynlərin də üzərinə məsuliyyət qoyulur. Qərara görə, valideynlər və digər qanuni nümayəndələr uşaqlarının məktəbli forması ilə bağlı tələblərə əməl etməsini təmin etməlidirlər.
Qərarda şagirdin məktəbə buraxılmaması, dərsdən kənarlaşdırılması və ya ona konkret cəza verilməsi barədə müddəa yoxdur. Ancaq yayılan videolarda hicablı şagirdlərin məktəblərə girməsinə icazə verilmədiyi görünür.
5. Məktəb bu qaydalarla bağlı qərarını necə açıqlamalıdır?
Yeni dəyişiklik məktəblərin qərarlarının açıqlanması ilə bağlı da tələb müəyyən edir.
Qərara əsasən, müvafiq qərar qəbul edildikdən sonra 5 iş günü ərzində məktəbin rəsmi internet səhifəsində və ya məktəbin məlumat lövhəsində yerləşdirilməlidir.
Yəni qərarın ictimai şəkildə əlçatan olması üçün konkret müddət müəyyənləşdirilib.
























