Günəş sisteminin doqquzuncu planeti: Onun sirrini açmağa yaxınıqmı?

Şəklin mənbəyi, Caltech/R Hurt (IPAC)
- Müəllif, Fernando Duarte
- Vəzifə, BBC
- Çap edildi
- Oxuma vaxtı: 6 dəq
2006-cı ildə Pluton planet statusunu itirdikdən bəri bizə səkkiz planetli bir sistemdə yaşadığımız deyilirdi.
Lakin bəzi alimlər hesab edirlər ki, doqquzuncu planet həqiqətən də mövcuddur və çox güclü yeni bir teleskop sayəsində biz onu tapmaq üzrəyik.
Çilinin şimalındakı dağlarda yerləşən Vera Rubin Rəsədxanası 2025-ci ildən bəri kainat haqqında təsəvvürlərimizi kökündən dəyişmək istiqamətində fəaliyyət göstərir.
Alimlər, digər məsələlərlə yanaşı, nəhayət Günəş sistemimizin kənarındakı bəzi qəribə hadisələri izah edə biləcəklərinə ümid edirlər.
2016-cı ildən bəri Doqquzuncu planet məsələsi alimlər arasında böyük maraq və fikir ayrılığına səbəb olan bir mövzudur.
Məhz həmin il Kaliforniya Texnologiya İnstitutunun (Kaltex) astronomları Konstantin Batıgin və Maykl Braun Günəş sisteminin uzaq kənarlarında kütləsi Yerin kütləsindən təxminən 10 dəfə çox olan bir planetin mövcudluğuna dair arqumentlərin yer aldığı məqalə dərc etdiriblər.

Şəklin mənbəyi, Getty
Alimlərin fikrincə, yalnız nəhəng bir göy cisminin varlığı Koyper qurşağında (onların ulduza qədər olan orta məsafəsi Neptunun məsafəsindən daha çoxdur) Günəş ətrafında dövr edən altı uzaq transneptun obyektinin (TNO) davranışını izah edə bilər.
TNO-ların orbitləri qeyri-adi şəkildə meyilli və dartılmış formadadır ki, bu da onlara daha böyük bir "qonşunun" qravitasiya cazibəsinin təsir edə biləcəyini ehtimal etməyə əsas verir.
Professor Braun BBC-yə verdiyi müsahibədə bildirib: "Əgər Doqquzuncu planet yoxdursa, deməli, bir çox qəribə hadisələr üçün izahımız da yoxdur".
Əgər astronomiyanı yaxından izləmirsinizsə, buradakı ironiyanı qaçıra bilərsiniz: Braun sirli yeni planet fərziyyəsinin əsas tərəfdarlarından biridir, lakin məhz onun araşdırmaları 20 il əvvəl Plutonu doqquzuncu planet statusundan məhrum etmək üçün həlledici rol oynamışdı.
Pluton 1930-cu ildə kəşf edilib və XXI əsrin əvvəllərinə qədər Günəş sistemimizin ən kiçik və ən uzaq planeti hesab olunurdu.

Şəklin mənbəyi, Getty
2005-ci ildə Braun iki həmkarı ilə birlikdə Neptun orbitindən kənarda Günəş ətrafında dövr edən və ölçüsü Pluton qədər olan Eridanı kəşf etdi.
Eridanın kəşfi Beynəlxalq Astronomiya İttifaqının (BAİ) 2006-cı ildə planet tərifini dəyişdirmək qərarına əhəmiyyətli dərəcədə təsir göstərdi. Nəticədə Pluton bu statusdan məhrum edilərək, Erida ilə birlikdə cırtdan planet səviyyəsinə "endirildi".

Şəklin mənbəyi, NASA
Qəribə, solğun və uzaq
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Digər bir doqquzuncu planetin mövcudluğu ideyasındakı əsas çətinlik ondan ibarətdir ki, hələ heç kim (ən azı rəsmi olaraq) onu görməyib. Məsələn, Batıgin və Braun öz məqalələri üçün kompüter modellərindən istifadə ediblər.
Bu, qismən onunla izah olunur ki, Doqquzuncu planet əgər mövcuddursa bizdən çox uzaqdadır.
Kaltex astronomlarının hesablamalarına görə, o, Günəşdən orta hesabla Neptunun bizim ulduzumuza olan məsafəsindən 20 dəfə daha uzaqda yerləşir. Bu o deməkdir ki, Doqquzuncu planetin Günəş ətrafında bir tam dövrü 20 min Yer ilinə qədər vaxt apara bilər.
Günəşdən bu qədər uzaq olan obyekt çox az işıq əks etdirir ki, bu da onu olduqca sönük edir.
Vəziyyəti daha da mürəkkəbləşdirən amil budur ki, astronomların hesablamalarına görə, Doqquzuncu planetin orbiti olduqca qeyri-adidir. Günəş sisteminin bizə məlum olan səkkiz planeti demək olar ki, dairəvi və minimal meyilli orbitlərdə hərəkət etdiyi halda, doqquzuncu planetin orbiti, ehtimal ki, çox dartılmış və meyillidir.

Şəklin mənbəyi, Getty
Lakin, ola bilsin ki, tezliklə biz Doqquzuncu planeti görə biləcəyik.
Keçmişin güclü teleskopları, məsələn, "Ceyms Webb" kosmosun dərinliyindəki konkret obyektləri müşahidə etmək üçün layihələndirilmişdi.
Lakin Vera Rubin Rəsədxanası hər bir neçə gecədən bir Cənub yarımkürəsindəki bütün səmanın "şəklini çəkir".
Gözlənilir ki, rəsədxana özünün bütün texnologiyaları ilə, (o cümlədən, dünyanın ən böyük rəqəmsal kamerası ilə) 10 il ərzində milyardlarla kosmik obyekti, o cümlədən 40 mindən çox yeni TNO-nu (transneptun obyektini) kataloqlaşdıracaq.
"Rubin kosmosda indiyə qədər görə bildiyimizdən qat-qat az parlaq və qat-qat daha uzaq olan bir çox obyekti tapa bilər", - deyə rəsədxanada çalışan astronom Sara Qrinstrit bildirir.
Tədqiqatçı iddia edir: "Əgər Doqquzuncu planet ehtimal olunan yerdə mövcuddursa və ölçüsü fərziyyəyə uyğundursa... Rubin onu tapacaq".
Neptun hekayəsinin təkrarı?
Braun da hesab edir ki, Rubin rəsədxanası "ya Doqquzuncu planetin özünü tapacaq, ya da onun mövcudluğuna dair təkzibedilməz bir sübut , yaxud inkar tapacaq". Alimin fikrincə, əgər o mövcuddursa, planeti yaxın bir-iki il ərzində aşkar etmək mümkün olacaq.
Bu, nəhəng bir sıçrayış demək olardı.
"Doqquzuncu planet Günəş sistemimizdə ölçüsünə görə beşinci planet və son 180 ildə kəşf edilən ilk planet ola bilər!" - deyə Braun qeyd edir.
Astronom burada Neptunun 1846-cı ildəki rəsmi kəşfini nəzərdə tutur.
Buz nəhəngi Neptun - Günəş sisteminin bizə məlum olan ən uzaq planetidir.

Şəklin mənbəyi, Corbis via Getty Images
Neptunun mövcudluğu, astronomların qonşu planet olan Uranın orbitində anomaliyalar müşahidə etməsindən sonra proqnozlaşdırılmışdı.
Daha sonra alman alimi İohann Qotfrid Qalle həmkarlarının hesablamalarından istifadə edərək Neptunu səmada tapdı.
Lakin sonradan məlum oldu ki, hələ 1612-ci ildə Qalileo Qaliley Neptunu səmada müşahidə edibmiş, lakin o, obyekti planet kimi identifikasiya edə bilməmişdi: Neptunun ulduzlara nisbətən hərəkəti o dövrün teleskopları üçün çox ləng və nəzərəçarpmayan idi.
Tarix Doqquzuncu planetlə təkrar oluna bilərmi?
Yel Universitetinin astrofiziki Malena Rays bunun tamamilə mümkün olduğundan şübhələnir.
"Doqquzuncu planetin artıq əlimizdə olan məlumatlar arasında olmadığına qətiyyən əmin deyiləm. Sadəcə onları çox diqqətlə araşdırmaq lazımdır", - deyə o bildirir.
Digər sistemlərdəki ən tipik ölçü
Ötən ilin aprel ayında Tayvan, Yaponiya və Avstraliyadan olan bir qrup alim məhz bunu edə bilmiş ola bilər.
Onlar 1983 və 2006-cı illərdə iki infraqırmızı teleskopla aparılmış səma icmallarını analiz ediblər və naməlum bir planetin hərəkəti ola biləcək bir cüt eyni solğun nöqtə tapıblar.
Bəzi astronomlar bu tapıntıya şübhə ilə yanaşdılar. Alimlərin özləri də nəticələrində çox ehtiyatlıdırlar.
"Doqquzuncu planeti tapdığımızı söyləmək üçün hələ çox tezdir", - deyə Tayvanın Milli Tsinhua Universitetindən Terri Pxan etiraf edir.
Bunun əvəzinə, o, Doqquzuncu planet rolu üçün "potensial namizəd" aşkar etdiklərini bildirir.

Şəklin mənbəyi, Anadolu via Getty Images
Rays kimi astronomlar üçün Doqquzuncu planetin mövcudluğunun təsdiqlənməsi şok xəbər olmayacaq.
Alimlərin hesablamalarına görə, fərziyyə edilən planet Yerdən böyük, lakin Neptundan kiçikdir. Rays bildirir ki, bu, digər sistemlərdəki planetlər üçün ən tipik ölçüdür.
"Biz ulduzların təxminən yarısının ətrafında bu növ planetlər görürük, lakin Günəş sistemində onlardan yoxdur", - deyə o izah edir.
Planet deyilsə, bəs nədir?
Doqquzuncu planetin mövcudluğu fərziyyəsinin əleyhdarları Batıgin və Braunun işindəki müşahidə xətalarından tutmuş, keçmişdəki sirli planet nümunələrinə qədər müxtəlif arqumentlərdən istifadə edirlər.
XX əsrin əvvəllərində alimlər "Planet X"in Uranın orbitinə təsir etdiyini nəzəriyyə olaraq irəli sürsələr də, sonradan bu nəzəriyyə təkzib edildi.
2023-cü ildə Ammonitin (2023 KQ₁₄) kəşfi də skeptisizmi artırır. Bu, orbiti Batıgin və Braunun analiz etdiyi altı obyektin orbitinə uyğun gəlməyən bir transneptun obyektidir (TNO).

Şəklin mənbəyi, Nasa, Esa and M Brown (Caltech)
Almaniyanın Yulix Tədqiqat Mərkəzinin astrofiziklər qrupu 2025-ci ildə kompüter simulyasiyalarına əsaslanan alternativ fərziyyə irəli sürdü.
Simulyasiyalar ehtimal edir ki, milyardlarla il əvvəl nəhəng bir ulduzun yaxınlıqdan keçməsi qravitasiya xaosuna səbəb ola bilərdi ki, bu da TNO-ların orbitlərini dəyişdirib.
Tədqiqata rəhbərlik edən Süzanna Pfaltsner deyir: "Doqquzuncu planetin ola bilməyəcəyini iddia etməyəcəyəm, lakin ehtimal azdır".
Vera Rubin Rəsədxanasından Qrinstritin sözlərinə görə, son illərdə daha bir planetin mövcudluğuna dair sübutlar getdikcə azalır.
Lakin rəsədxananın fəaliyyəti bizə Doqquzuncu planetin mövcudluğunu sübut etməsə belə, tədqiqatçı nikbin əhval-ruhiyyədədir.
"Günəş sisteminin xarici hissəsində hələ demək olar ki, öyrənilməmiş nəhəng bir bölgə var: bizi orada nələrin gözlədiyini kim bilir", - deyə o bildirir.
"Hər bir cavablanmış sualla qarşımızda yeni suallar yaranır", - Süzanna Pfaltsner əlavə edir.


























